AZ EN RU

“Fırçamdakı sehrli dünyam” adlı sərgi açılıb

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Aygün Hacıyevanın “Fırçamdakı sehrli dünyam” adlı hesabat sərgisi keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü sənətşünas Nizami Alıyev çıxış edərək  bildirib ki, muxtar respublikada rəssamların fəaliyyəti üçün yaradılan hər cür şərait gələcəkdə rəssam olmaq istəyən gənclərin sayını artırır. Aygün Hacıyeva bu şəraitdən səmərəli istifadə edən istedadlı gənclərimizdən biridir. O, Xalq rəssamı Hüseynqulu Əliyevin, Əməkdar rəssam Həmzə Sadiqovun emalatxanalarında rəssamlığın sirlərinə yiyələnib. Gələcək təhsilini isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirmək istəyir. Gənc rəssama uğurlar arzu edirik.

Sonra Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Rəssamlar Birliyinin üzvü Qəhrəman Tağıyev çıxış edərək gənc rəssama fəaliyyətində uğurlar arzu ediblər. Sonra rəssamın özü və atası Emin Hacıyev çıxış edərək minnətdarlıq ifadə ediblər.

Qeyd edək ki, sərgidə mənzərə, portret janrlarında 35 rəsm əsəri nümayiş olunub. Sərgi bir həftə davam edəcək.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 19.05.2022 17:26