AZ EN RU

FHN: Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb

Ötən gündən başlayaraq Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, güclü külək səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndindən keçən hissəsində irigövdəli ağacın aşması və nəticədə magistral yolda hərəkətin dayanması barədə nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə cəlb edilmiş Şimal-qərb Regional Mərkəzinin xilasediciləri müvafiq vasitələrlə aşmış ağacı hissələrə kəsərək yoldan götürüb, bununla da magistral yolda sərbəst hərəkət bərpa olunub.

Bundan başqa, yağan intensiv yağışlarla əlaqədar Yevlax şəhərinin Cahangir Kərimov küçəsində fərdi yaşayış evinin həyətyanı sahəsinin subasmaya məruz qalması nəticəsində ev sahibinin köməyə ehtiyacının yaranması barədə daxil olan məlumata əsasən göstərilən ünvana cəlb edilən FHN-in Aran Regional Mərkəzinin xilasediciləri evdə köməksiz vəziyyətdə qalmış yaşlı qadını təhlükəsiz əraziyə təxliyə ediblər.

Nəşr edilib : 21.06.2024 12:34