AZ EN RU

Fəxrəddin Teymuroğlunun “Kaş ki...” kitabının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında universitetin məzunu olmuş Fəxrəddin Teymuroğlunun “Kaş ki...” kitabının təqdimatı keçirilib. 
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov açaraq müəllifin yaradıcılığından danışıb. Qeyd olunub ki, son dövrlərdə Naxçıvan Dövlət Universitetində professor, müəllim heyətinin, o cümlədən məzunların görüşləri təşkil olunur. Bu görüşlər arasında kitab təqdimatları da öz yerini alır. Universitetdə yaradılan yeniliklərdən biri də struktur bölmələrindən biri olan “Karyera və məzunlarla iş təcrübə bölməsi”dir. Bu səbəbdən də universitetin məzunu olmuş, yoluna uğurla davam edən məzunlarla görüşlər keçirilir. Rafiq Rəhimov onu da qeyd edib ki, bu tədbiri keçirməkdə məqsədimiz həmin məzunlardan biri olan, davamlı əlaqə qurduğumuz Fəxrəddin Teymuroğlu ilə görüş və yeni işıq üzü görmüş kitabının təqdimatıdır. Bu cür əhəmiyyətli tədbirlər həm də bu günün tələbələrinə gələcək karyeralarına addım atmaları üçün önəmlidir. Vurğulanıb ki, Fəxrəddin Teymuroğlu 5 kitab və 10 mahnının sözlərinin müəllifidir. 50-dən çox şeiri Azərbaycan Respublikasının Xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızının ifasında səsləndirilib. Hətta ölkəmizin tanınmış estrada müğənnilləri müəllifin şeirlərinə bəstələnmiş mahnılar da ifa ediblər. 
Sonra Elmi kitabxananın müdiri, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova tədbir iştirakçılarına müəllifin yaradıcılığından söz açaraq əsl vətənpərvər və sevgi dolu şeirlər müəllifi Fəxrəddin Teymuroğlu haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edənlərdən dosent, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimli, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov, dosent, riyaziyyat üzrə fəlsəfə doktoru Nailə Namazova müəllifin yaradıcı dünyası haqda danışaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. 
Sonda şairin sözlərinə bəstələnmiş “Bizi qoruyan əsgər” mahnısı, müəllifin öz səsləndirdiyi “Yaza bilmədiklərim” adlı şeiri və tələbələrin ifasında şeirlər səsləndirilib. 

                                              Aidə İBRAHİMOVA

Nəşr edilib : 22.05.2024 20:34