AZ EN RU

Fəxr edirik səninlə, Azərbaycan Əsgəri!

    Azərbaycan əsgəri, müqəddəs Vətənimizin igid, ər, qəhrəman  oğulları! Qoynunda dünyaya göz açdığınız Vətənin oğlu adını şərəflə daşıyırsınız. Vətənin məcnunu kimi bütün maneələri, çətinlikləri qorxmadan dəf edirsiniz. Vətənin keşiyində məğrur dayanıb vətəndaşlıq borcunuzu şərəflə yerinə yetirirsiniz. Üçrəngli bayrağımızın kölgəsini cənnət bilir, rəşadət, dəyanət, cəsurluq, igidlik, qorxmazlıq  kimi yüksək mənəvi keyfiyyətləri üzərinizdə daşıyırsınız. Sinənizi güllə və mərmilərə gözünüzü qırpmadan sipər etməyə, müqəddəs Vətən üçün canınızdan keçməyə hər an hazırsınız. Ayaq səsləriniz, məğrur duruşunuz, qorxmazlığınız düşmənləri lərzəyə salır,  qarşınızda işğalçı təslim olur. Ayağınız dəyən torpaqları azad edir, xalqımıza sevinc, başıucalıq gətirir, qürur yaşadırsınız. Sizin bir dağ kimi yenilməz duruşunuza, ucalığınıza düşmən həsəd aparır. 
    44 günlük Zəfəri bizlərə bəxş etdiniz, Azərbaycan əsgəri! Qarış-qarış torpaqları sizlər azad etdiniz. Bu şərəfli səhifələri qəhrəmanlıq tariximizə al qanınızla yazdınız. Rəşadətiniz dastan olub dillərdə dolaşdı, kitablara sığmayan qəhrəmanlıq göstərdiniz. Mübariz ruhlu, Polad ürəkli oğullarımız, qalibiyyət bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə və azad etdiyiniz bütün torpaqlarımızda zirvələrə ucaltdınız. Diz çökdü qarşınızda pis niyyətlilər, Vətəndən xəbəri olmayan ikiüzlü, satqınlar. Bu gün də düşmənə möhlət vermirsiniz, Qalib əsgər adını şərəflə daşıyırsınız, Azərbaycan əsgəri!
    Qələbə sorağınız dünyanı dolaşdı, gözü götürməyənlərin gözünə ox olub batdı. Düşmənin belini qırdı Dəmir yumruğunuz. Döyüş meydanlarından qaçdılar, gizləndilər. Ancaq siz top-tüfəng qarşısında məğrur dayandınız, millətimizə fəxr yaşatdınız. Ən uca zirvəyə – Şəhidlik zirvəsinə  yüksəldiniz, qazi adını şərəflə qazandınız. Canınız-qanınız bahasına tarix yazan igidlərimiz, qəlbimizdə daim yaşayacaqsınız.  
    Ali Baş Komandanımız, tarix yazan sərkərdədən güc aldı əsgərimiz! Anamız Azərbaycan qovuşdu Qarabağa! Qalmadı qisassız tökülən qanlar. Bu gün yenilməz Ordumuzun, müdrik xalqımızın dilindən fəxrlə  səslənir – cənab Ali Baş Komandan! Sabaha inamla addımlayır səninlə Azərbaycan! Yolumuz haqq yoludur, ədalət, sülh yoludur! Tarixi ədalət daim Zəfər çalır! 
    Müzəffər Ali Baş Komandanımızın dediyi kimi: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”
    Soyuqda da, istidə də, gecə də, gündüz də səngərlərdə Vətəni qoruyan, “Vətən sağ olsun!” kəlməsini son nəfəsinə qədər qəlbində daşıyan, Azərbaycan əsgəri! Vətənimizin aydın səhərinin, işıqlı sabahımızın qoruyucularısınız! Xalqımızın fəxri, qürurusunuz. Həmişə sizinləyik, Azərbaycan əsgəri!

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 21.09.2023 19:52