AZ EN RU

Fəxr ediləsi oğul

Kənan Əbdürrəhman oğlu Rzayev 

12.09.1994 – 24.10.2020

Kənanın xatirələri o qədər çoxdur ki, inanın, danışsam bir dastana sığar. Oğlum ataya, anaya, kənd camaatına, özündən böyüyə də, kiçiyə də hörmət edirdi. Hər kəsə kömək etməyi xoşlayırdı. 
Bir qonşum var. Deyirdi ki, müharibə hələ başlamamışdı. Həmin ilin yayında kəndin yolu ilə əlimdə ərik dolu vedrələrlə evə gedirdim. Kənan bir neçə dostu ilə yolda dayanmışdı. Məni gördü. Yaxınlaşıb dedi ki, Münəvvər xala, vedrələri ver mən aparım. Dedim ki, sağ ol, Kənan. Özüm aparacağam. Razılaşmadı. Vedrələri əlimdən aldı. O istidə vedrələri evə qədər gətirdi. Yas mərasimində başsağlığına gələnlərin sayı-hesabı yox idi. Hər kəs də Kənanın belə işlərindən danışırdı. Düzünü deyim ki, belə oğul böyütdüyümlə fəxr edirəm. Ayrı cür övlad idi.

Kənan hərbçiliyi seçdi böyüyəndə. Cəmi üç ay işlədi. Vətən müharibəsi başlayanda Kənanı müharibəyə aparmayıblar. Deyiblər ki, sənin anan əlildir, yoldaşın Özbəkistan vətəndaşıdır, bir övladın var. Səni apara bilmərik. Qayıdıb evə gəlib. Səhər yenidən hərbi komissarlığa gedib. Hərbi komissarlıq yenə razı olmayıb. O da inadından əl çəkməyib. Sonra könüllü yazılaraq müharibəyə gedib. Gedəndə yoldaşına deyib ki, anam bilməsin. Anam o vaxt bilər ki, mən artıq getmişəm.
Müharibədən zəng vurmuşdu. Dedi ki, ana, uşaqlara pul vermişəm. Mən döyüşə gedirəm. O pulları sənə versələr, bilmərsən, alarsan ha. Qəti heç kimdən heç nə alma. De ki, Kənan halal edib. Sanki ürəyinə damıbmış. Dedim ki, almaram, amma elə demə. 
Mən Allahımdan çox razıyam. Kənanı mənə verdi, sevindirdi. Sonra verdiyini də öz cənnətinə qəbul etdi. Mən oğlumla fəxr edirəm. Qürur duyuram ki, şəhid Kənanın anasıyam. Vətən sağ olsun!

Nəşr edilib : 01.04.2024 17:00