AZ EN RU

Fevral ayı üçün əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb

    Əhalinin sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan böyük iqtisadi uğurlar əldə edib. Əldə olunan iqtisadi uğurlar ölkədə geniş sosial islahatların aparılmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaradıb. Həyata keçirilən sosial siyasətin strateji istiqamətlərindən biri də sığorta-pensiya sisteminin müasir standartlara uyğun qurulmasıdır. Bu istiqamətdə həyata keçirilən islahatlar vahid prinsiplər əsasında sığorta-pensiya sistemini formalaşdırıb.
    Sığorta-pensiya sistemi sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada operativ icra olunur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu sahədə qarşıya qoyulan vəzifələri vaxtında yerinə yetirməyə çalışır. Əmək pensiyalarının və məcburi dövlət sosial sığortahaqqı hesabına ödənilən müavinətlərin hər ay vaxtından əvvəl maliyyələşdirilməsi də bu kimi tədbirlərdəndir. Belə ki, fond fevral ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb və tələb olunan vəsait pensiyaçıların ödəniş kartlarına köçürülüb. Həmçinin fond tərəfindən sığortaolunanlara məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi başa çatdırılıb. Ümumilikdə, pensiya ödənişinə 16 milyon 251 min 785 manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin verilməsinə isə 349 min 87 manat vəsait pensiya və müavinət alan şəxslərin ödəniş kartlarına köçürülüb.
    Qeyd edək ki, hər il olduğu kimi, cari ildə də əmək pensiyalarının sığorta hissəsi ötən ilin ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək əhəmiyyətli şəkildə artırılacağı gözlənilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, əmək pensiyasının minimum məbləği artırılaraq 280 manat məbləğində müəyyən olunmuşdur. Minimum əmək pensiyasının artırılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimləndiyi üçün müvafiq Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində qəbul olunmuş, ölkə Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəkdir. Müvafiq qərarlar qəbul olunduqdan sonra əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi və minimum məbləğinin artırılması həyata keçiriləcək və fevral ayının sonuna kimi hesablanaraq pensiyaçılara ödəniləcəkdir. Fond bu istiqamətdə üzərinə düşən vəzifələri yerinə yetirəcək, pensiyaların artırılmasını və ödənilməsini operativ olaraq başa çatdıracaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət 
Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 07.02.2023 20:10