AZ EN RU

Festivallar muxtar respublikada qastronomiya turizminin inkişafına zəmin yaradır

    Muxtar respublikamızda bütün sahələr kimi, turizmin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Bu sahəyə dövlət səviyyəsində göstərilən davamlı qayğının nəticəsidir ki, muxtar respublikamız ilin bütün fəsillərində öz gözəlliyini və cəlbediciliyini qoruyub saxlayır. Son illərdə qədim diyarımızın turizm potensialından səmərəli istifadə olunması, mövcud tələblərə cavab verən turizm infrastrukturunun formalaşdırılması sahəsində mühüm uğurlar əldə olunmuş, yeni hotellər və istirahət mərkəzləri istifadəyə verilmiş, tarixi yaddaşı əks etdirən abidələr bərpa edilmiş, muxtar respublika ərazisində təhlükəsiz mühit formalaşdırılmışdır. Yaradılmış şərait muxtar respublikamıza gələn turistlərin mənalı istirahətini təmin etməyə imkan verir və qonaqların sayının ilbəil artmasına öz müsbət təsirini göstərir.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın və “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası, Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzinin, Sahil Parkının, Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb.

    Bu gün təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə turizm yaxşı gəlir gətirən əsas sahələrdən biri kimi inkişaf etdirilməkdədir. Bu inkişafa təkan verməyə çalışan dövlətlər, ilk növbədə, təbii sərvətlərdən asılılığı azaltmaq, ölkəsini gözəl, firavan gələcəyə aparmaq, vətəndaşları üçün yüksək səviyyəli iş yerləri açmaq, Vətəninin hər qarışının füsunkar gözəlliyini bütün dünyada təbliğ etmək üçün bu yolu seçmişlər.
    Təcrübəli səyyahlar deyirlər: – Milli mətbəx ölkə haqqında onun istənilən muzeyindən daha çox şey deyəcək. Bu, mübahisəli bir fikir olsa da, müəyyən reallıqları da əks etdirir. Dadlı, ətirli yeməklərdən və nəfis içkilərdən dadaraq bir regionun, yaxud ölkənin ənənələri ilə tanış olmaq insanda daha çox məmnunluq doğurur. Bildiyimiz kimi, kulinariya mədəniyyəti həmişə bir mədəniyyətin və ənənənin ən uzunömürlü hissəsidir. Başqa cür desək, mətbəxlər ölkələrin gündəlik həyat tərzlərinin, dini inanclarının, vərdişlərinin, adət və ənənələrinin aynasıdır. 

    Qastronomiya turizmi, regional mətbəxə xidmət etməklə o bölgənin mədəni kimliyini və irsini əks etdirir. İndi insanlar dənizə, quma getmək vərdişlərindən başqa, həmçinin qastronomiya turizmi kimi alternativ turizm növlərinə də üstünlük verirlər. Muxtar respublikamız digər turizm növləri üçün səciyyəvi xüsusiyyətlərə malik olduğu kimi, qastroturizmin inkişafı üçün də bütün tələb olunan imkanlara malikdir. Bunlar diyarımızın həm zəngin mətbəxi, həm xalqın qonaqpərvərliyi və bu turizm növünün kompleks inkişafı üçün tələb edilən digər turizm ehtiyatlarıdır. Ərzaq və məhsul çeşidliliyi baxımından zəngin olan muxtar respublikamız qastronomiya turizminin inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Bu, dadlı, təmiz, daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir turizm növüdür.
    Regionların beynəlxalq səviyyədə tanıdılmasına töhfə verən festivallar isə turizm fəaliyyətini dəstəkləyən ən mühüm tədbirlərdəndir. Milli konsertlərin keçirildiyi, əl işlərinin nümayiş olunduğu, regionun milli mətbəxinin təqdim edildiyi festivallar destinasiyanın cəlbediciliyini ön plana çıxararaq gələn qonaqlara məkanı tanıtmaqda mühüm əhəmiyyət kəsb edir. Keçirilən festivalların məqsədi bölgəyə gələn qonaqların sayını artırmaq, iqtisadi gəlir gətirmək, bölgənin imicini artırmaq və yerli əhalinin gəlirini yüksəltməkdən ibarətdir.
    Muxtar respublikada son illər keçirilən müxtəlif festival və yarmarkalar burada qastroturizmin inkişafına da müsbət təsir göstərir. Çünki muxtar respublikaya gələn yerli və əcnəbi turistlər Naxçıvan mətbəxinə və məhsullarına böyük maraq göstərirlər. Hətta xarici ölkələrdən sırf Naxçıvan məhsullarından almaq üçün gələn turistlər də var. Bunu muxtar respublikada keçirilən festival və yarmarkalarda iştirak edən yerli və xarici turistlərin yüksək marağından da görə bilərik. Turizm mövsümünün keçid dövründə muxtar respublikamızda festival və yarmarkaların təşkili turist sayının artmasına, dayanıqlı turizmin inkişafına, rəqabət qabiliyyətinin yüksəlməsinə, iqtisadi gəlirin artmasına, bölgənin turizm potensialının tanıdılmasına şərait yaradır.
    15-16 oktyabr 2022-ci il tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilmiş “Arıçılıq məhsulları-bal festivalı”nda Naxçıvan balı qonaqlara təqdim olunmuşdur. “Qurani-Kərim”də adıçəkilən bal halal qida kimi geniş istehlakçı kütləsinə malikdir. Naxçıvan balı dadı, ətri, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə yaxşı tanınır və yüksək qiymətləndirilir. Qədim diyarın florasının zənginliyi və müxtəlifliyi Naxçıvan balının nə qədər keyfiyyətli tərkibə malik olmasını göstərir. Baldan müalicəvi qida məhsulu kimi istifadə edilməklə yanaşı, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları da yüksək tibbi əhəmiyyətə malikdir. 
    Naxçıvanda keçirilən bu cür festivallardan biri də “Ailə təsərrüfatı məsulları” festivalıdır. Bu gün muxtar respublikada ailə təsərrüfatları daha çox heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Sosialyönlü prioritetlər baxımından ailə təsərrüfatının inkişafı əmək ehtiyatlarının və ərzaq bazarının genişlənməsi üçün aparıcı amil rolunu oynayır. Ölkəmizdə bu sahənin inkişafı milli mədəniyyəti özündə əks etdirən ənənəvi texnologiyalara, qonaqpərvərlik və milli mətbəxə əsaslandığından əcnəbi turistlər üçün çox cəlb­edicidir. Muxtar respublikada ailə təsərrüfatının inkişafına göstərilən diqqət və qayğı sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin, ailə təsərrüfatlarında istehsal olunan məhsulların ixrac imkanlarının yaradılması, həmin məhsulların kənd təsərrüfatı məhsulları və bayram yarmarkalarında, şəhər və rayon mərkəzlərindəki mağazalarda, kəndlərdəki xidmət mərkəzlərində, eləcə də ölkəmizin digər bölgələrindəki “Naxçıvan məhsulları” mağazalarında satışının təşkili və muxtar respublikanın bütün rayonlarında ailə təsərrüfatı festivallarının keçirilməsi muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
    Muxtar respublikada 2016-cı ildən başlayaraq keçirilən “Göycə” festivalı da xalqımıza məxsus ənənələrin yaşadılmasında, naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının hələ VII əsrdən bəri yetişdirməyə başladığı göycənin şöhrətinin yayılmasında mühüm rolu var. Naxçıvanda göycənin iriliyinə, dadına və digər genetik xüsusiyyətlərinə görə 5-dən çox formasına rast gəlinir. 
    Xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri içərisində kətə məxsusi dadı ilə seçilir. Keçmiş dövrlərdən bu günə qədər Naxçıvanda bişirilən qarışıq göyərti, şomu, çiriş, gicitkən, mərəçüyüd, balqabaq, mərcimək, cəviz kətələri, halvalı kətə, şirin kətə, döymə kətə çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar və vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yayılmasına imkan verir. Belə bitkilərdən hazırlanan kətə də insan orqanizmi üçün faydalıdır. Diyarımızın təbii bitkilərlə zənginliyi məhz burada kətə festivalının keçirilməsini də zəruri edir. Keçirilən kətə festivalında muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətə növləri və onların hazırlanması qaydaları nümayiş olunur. Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləyir, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edirlər. Məhz diyarımızda keçirilən bu cür festivallar yerli və xarici turistlərin buraya gəlməsini şərtləndirən əsas amillərdəndir. Muxtar respublikada turizmin inkişafı sosialyönlü prioritetlər baxımından əmək ehtiyatlarının və ərzaq bazarının genişlənməsi üçün aparıcı amil rolunu oynayır. 
    Xalqımızın tarix səhifələrində mətbəx mədəniyyəti, qidalanmaq fəlsəfəsi və psixologiyası zaman keçdikcə təkmilləşib, dəyişikliklərə uğrayaraq bu günümüzə qədər gəlib çatmış mədəniyyət formalarından biri kimi bu gün də maraq doğurmaqdadır. Muxtar respublikamıza xas olan yarma aşı, əriştə, arzuman küftəsi, zirətov, quymaq, Ordubad qayğanağı, içli kökə və başqa bu kimi yeməklər Azərbaycanın digər bölgələrində də böyük həvəslə hazırlanır. Bütün bunlar onu göstərir ki, muxtar respublikanın mətbəxi nəinki Naxçıvanda, hətta digər bölgələrimizdə də özünəməxsus yer tutub.
    İnanırıq ki, Naxçıvanın zəngin və unikal mətbəxə malik olması, eyni zamanda bu cür festival və yarmarkaların keçirilməsi turizmin inkişafına yeni imkanlar açmaqla yanaşı, bu diyara təşrif buyuran turistlərin sayının günü-gündən artmasına da öz təsirini göstərəcəkdir.

Naxçıvan Muxtar Respublikasının
Turizm Departamenti

Nəşr edilib : 03.11.2022 21:04