AZ EN RU

Festivalın münsiflər heyətində iştirak edən görkəmli incəsənət nümayəndələri “Şərq qapısı”na müsahibə veriblər

Əməkdar incəsənət xadimi, nəğməkar-şair Baba Vəziroğlu Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşüb

Görüşdən sonra Baba Vəziroğlu öz təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb: – Mənə çox xoşdur ki, bu gün qədim və cavan diyar olan Naxçıvanda yenidən görüşdük. Bu diyar mənim üçün heç də yad deyil. Bu doğmalıq mənə uzaq keçmişdə olduğum hərbi xidmət dövrü xatirələrindən yaranıb. Yadımdadır, hərbi xidmətim hal-hazırdakı Naxçıvan Dövlət Universitetinin yanında yerləşən hərbi hissədə və Qıvraqda keçib. O günlərin hər saniyəsi bir xatirədir. Onları danışmaq üçün günlər nədir, heç illər belə bəs eləməz. Naxçıvanda olarkən hər dəfə böyük bağa gedərdim. Orada bir çayxana var idi. “Şərq qapısı” qəzetinin əməkdaşları və yerli şairlərlə hər zaman ora yığışardıq.  Hər dəfə Naxçıvana gələrkən bu diyarın daha da inkişaf etdiyini görəndə bir sevinc hissi keçirirəm. Naxçıvana tez-tez səfər etməyimin səbəblərindən biri də hər dəfə  ali təhsil ocaqları arasında keçirilən yaradıcılıq müsabiqəsində münsiflər heyətinin tərkibində olmağım ilə əlaqədardır. Hər dəfə gəldikdə yeni istedadlarla qarşılaşıram. Bu diyarın əzəldən bəri incəsənətə və poeziyaya olan marağı hər keçən gün daha da artır. Növbəti dəfə isə qalib gələn həmin istedadlar Bakı şəhərindəki Heydər Əliyev Sarayında keçirilən konsert və qala gecəsinə dəvət olunurlar. Hər dəfə bu müsabiqələr keçirildikcə daha da sevinirəm, çünki gənclərin zaman keçdikcə rəqsə, şeirə, instrumental ifaçılığa və incəsənətin digər sahələrinə meyl etməsi xalqın mədəniyyətinin inkişafı üçün çox önəmlidir.

Bu ali təhsil ocaqlarında keçirilən böyük müsabiqələrdən birinin də Naxçıvan Dövlət Universitetində baş tutduğunu, qısa zaman ərzində qalibləri müəyyənləşdirəcəklərini söyləyən şair, Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” şüarını layiqincə yerinə yetirən təhsil ocaqlarından birinin də Naxçıvan Dövlət Universiteti olduğunu  qeyd etdi.

Öz fikirlərini qəzetimizlə bölüşən müsahiblərimizdən biri də Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı, baletmeyster Xalq artisti Təranə Muradova oldu.

 – Mən hər dəfə bura gələndə çox xoş təəssüratlarla ayrılıram. Bilirsiz niyə? Bura gələndə mən görürəm ki hər keçən gün Naxçıvan necə də inkişaf edir. Bizim gənclər tarixini və folklorunu necə sevərək qoruyur və gələcək nəsillərə ötürür. Bizim xalqımız incəsənət və mədəniyyəti ilə seçilən çox zəngin bir xalqdır. Biz istəyərik ki, incəsənət sahəsində olduğumuz müddətdə incəsənətimizi daha da inkişaf etdirərək, gənclərimizə nə isə öyrədək. İstəyərəm ki, Naxçıvanın gəncləri bu tarixi və incəsənət, mədəniyyət nümunələrini sonadək qorusunlar. Mən çox regionlarda oluram, hər region gözəldir, hər birinin özünəməxsus adət-ənənəsi var. Naxçıvan isə birliyi sevən bir diyardır.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev Naxçıvanla bağlı fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüb:

 – Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Bu qədim torpaq öz insanları ilə ölkəmizdə özünəməxsus yer tutur. Siz, həqiqətən, çox xoşbəxt insanlarsınız ki, bu diyarda yaşayıb, boya-başa çatmısınız. Sözü gedən Naxçıvan o Naxçıvandır ki Azərbaycanın inkişafı üçün tarixboyu əlindən gələni əsirgəməyib. Şəhərin özünə gəldikdə ab-havası və təbiəti ilə burada olduğumuz müddətdə bizim üçün  çox ürəkaçan təəssüratlar buraxdı. Bu diyar, sözün  əsl mənasında, Azərbaycan ab-havasını özündə birləşdirir. Bizim burada olma səbəbimizdən biri isə ali təhsil ocaqları arasında keçirilən yaradıcılıq müsabiqəsidir. Biz digər incəsənət xadimləri ilə birlikdə münsiflər heyətinin tərkibində iştirak etdik. Sözümün əvvəlində də qeyd etdiyim kimi Naxçıvan əhalisi öz emosionallığı ilə insana ruh verir. Bu hissləri biz digər ali təhsil ocaqları kimi Naxçıvan Dövlət Universitetində keçirilən yaradıcılıq festivalında da keçirdik. Tələbələrin bu dəfəki çıxışları əvvəllər keçirilən yaradıcılıq müsabiqələrindən də daha  yaxşı idi. Burada istər instrumental ifaçılıq və solo ifalar, rəqs nömrələri, istərsə də bədii qiraətlər özünəməxsus gözəlliyi ilə seçilirdi. Diqqətimizi çəkən o oldu ki, bu istedadların əksəriyyəti qeyri-ixtisas peşələrində təhsil alan tələbələr idi. Müsabiqə festivalından sonra mən və digər sənət yoldaşlarım öz peşələri üzrə masterklaslar keçdik.

Həmin keçirilən masterklaslarda və müsabiqədə də tələbələrin incəsənətə marağını görən və onların maraq dolu suallarını cavablandırdığını deyən Hafiz Quliyev bu doğma diyarın təbiətini və insanlarını bir daha görmək ümidi ilə qəzetimizlə sağollaşdı.

“Şərq qapısı”na müsahibə verərək öz hisslərini bizimlə bölüşən digər bir incəsənət xadimi isə tarzən Arslan Növrəsli oldu.

 – Mənim üçün, həqiqətən, xoşdur ki, hər dəfə Naxçıvanda olarkən bu cür müsabiqələrdə iştirak edərək yeni istedadlarla qarşılaşıram. Mən çalışdım ki, Naxçıvanda olduğum müddətdə keçdiyim masterklasslarda tar sənətinin bütün incəliklərini verilən sualların müşaiəti ilə tələbələrlə bölüşüm. Təkcə tar aləti yox, mən müsabiqədə olarkən kamança və qanunla çalınan müsiqiləri də dinlədim və öz fikirlərimi tələbələrə dedim. Mən burada olarkən, yaxşı tar ifaları və digər simli alətlərdə peşəkarca ifa olunan çahargah və muğamın müxtəlif növlərini dinlədim. Tələbələrdə səhnə məsuliyyəti aydın görünürdü və onlar səhnə məsuliyyətini dərk edirdilər. Mən Naxçıvana nağıllar diyarı kimi baxıram. İnsan bura gəldikdə ayrılıb getməkdə çətinlik çəkir. Mən çalıçacam ki, bundan sonra daha tez-tez Naxçıvana səfər edim.

Nəşr edilib : 25.04.2024 18:15