AZ EN RU

Festival-konqres iştirakçıları: “Bizim məqsədimiz tarixi dədə-baba torpaqlarımıza sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində qayıtmaqdır” - YENİLƏNİB

    Noyabrın 24-də Naxçıvanda ilk dəfə keçirilən Qərbi Azərbaycana qayıdışa həsr olunmuş festival-konqres öz işini bölmə iclasları ilə davam etdirib, iclaslarda müxtəlif istiqamətlər üzrə məruzələr dinlənilib. Həmçinin həmin gün Qərbi Azərbaycan nümayəndə heyətinin Ordubad və Çalxanqalada görüşləri keçirilib, Qərbi Azərbaycana həsr olunmuş filmlər nümayiş etdirilib, AMEA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri, dosent Hacı Həsənovun müəllifi olduğu “İrəvan şəhərinin XIX-XX əsrin əvvəlləri tarixinə dair” kitabının təqdimatı olub. Festival-konqres iştirakçıları fikir və düşüncələrini, təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər:
    Nazim Mustafa – Prezident Kitabxanasının şöbə müdiri: – Artıq ikinci gündür ki, Qərbi Azərbaycana qayıdışla bağlı konqres öz işini davam etdirir. Konqresin birinci günündə müxtəlif istiqamətlərdə məruzələr dinlənildi, festival keçirildi. Naxçıvana təkcə Azərbaycanın digər şəhərlərindən deyil, Türkiyədən də çoxlu alimlər dəvət olunub və konqresdə iştirak edirlər. Bu konqresin əhəmiyyəti ondan ibarətdir ki, Qərbi Azərbaycana qayıdışla bağlı burada həm müxtəlif istiqamətlərdə məruzələr dinlənilir, həm də perspektiv yollar müəyyən edilir, ayrı-ayrı müəlliflərin, mütəxəssislərin fikirləri öyrənilir. Praktiki önəm isə ondan ibarətdir ki, festival çərçivəsində Qərbi Azərbaycandan gələrək Naxçıvanda məskunlaşmış soydaşlarımızın əl işləri, sənət nümunələri və digər qədim əşyaların sərgisi təşkil olundu. Bunların hamısı yaddaşın bərpasına xidmət edir. Ölkə Prezidentinin də dediyi kimi, biz Qərbi Azərbaycana silahla deyil, dinc yolla qayıdacağıq. Belə tədbirlərin keçirilməsi zəmin yaradacaq ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapsın. 
    Piralı Əliyev – Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri: – Festival-konqresə tezisimi göndərmişdim. Redaksiya heyəti tərəfindən qəbul olunan tezisimin mövzusu “Aşıq Ələsgər poeziyasında Qərbi Azərbaycanın tərənnümü”dür. Çıxışım da bu istiqamətdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qərbi azərbaycanlılarla görüşü zamanı çıxışında gələcəkdə qarşıda duran məsələləri tam aydın şəkildə bildirmişdir. Həmin çıxışdan irəli gələn məsələlərlə əlaqədar Naxçıvanda təşkil edilən festival-konqresi çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, Naxçıvan Dövlət Universiteti bu layihəni çox uğurla başladıb. 
   Dilqəm Əhməd – İstanbul Universitetinin doktorantı, “Çapar” dərgisinin baş redaktoru: – İrəvanda doğulan biri olaraq bu festivalda iştirak etmək mənim üçün əhəmiyyətlidir. Təşkilatçılara dəvət üçün təşəkkür edirəm. Artıq ikinci gündür ki, festivaldayıq. Bu gün də məruzələr dinlənildi. Təqdimatlar oldu. Bildiyiniz kimi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Prezidentimiz cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Bu konsepsiya beynəlxalq hüquqa söykənərək sülh yolu ilə qayıdışı özündə ehtiva edir. Ümid edirəm ki, qısa zamanda bu konsepsiya uğurlu nəticəsini göstərəcək və biz Qərbi Azərbaycana, doğulduğumuz ana Vətənimizə qayıdacağıq. Həqiqətən də, insanın doğulduğu Vətəni görə bilməməsi çox acınacaqlı bir duyğudur. Bilirsiniz ki, biz 44 günlük Vətən müharibəsindən sonra  qələbə qazandıq. Artıq qarabağlılar öz yurd-yuvalarına köçürülürlər. Niyə də qərbi azərbaycanlılar öz torpaqlarına köçməsinlər? Öz doğma yurd-yuvalarında yaşamasınlar? Cənab Prezident çıxışlarında deyir ki, tarixi torpaqlarımız azad olunacaq, biz Qərbi Azərbaycana qayıdacağıq. Birinci mərhələ tamamlandı, ümid edirik ki, Prezidentimizin güclü siyasi qərarları ilə biz tezliklə Qərbi Azərbaycana qayıdacağıq. İki gündür, keçirilən Qərbi Azərbaycana qayıdışla bağlı festival-konqresin də, bu mənada, çox əhəmiyyətli olduğunu düşünürəm. 
    Elnur Kəlbizadə – AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru: – Qərbi Azərbaycana qayıdışla bağlı festival-konqresin keçirilməsi müasir tariximizin ən möhtəşəm hadisələrindən biridir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlardan, atdığı addımlardan sonra bununla bağlı keçirilən ən böyük tədbirlərdəndir. Düşmənlərimizə, Azərbaycanı sevməyən qüvvələrə Qərbi Azərbaycana qayıdışın ayaq səslərini eşitdirən hadisələrdəndir. Bu konqres bu gün erməni mətbuatında, kütləvi informasiya vasitələrində Ermənistandakı azərbaycanşünaslar tərəfindən çox ciddi şəkildə müzakirə olunur. Bu o deməkdir ki, artıq bu festival-konqres özünün ilkin məqsədlərinə, ilkin hədəflərinə nail olub. Amma ermənilərin atdığı iftiralardan fərqli olaraq bizim məqsədimiz tarixi dədə-baba torpaqlarımıza sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində qayıtmaqdır. Azərbaycan Respublikası Siyasi Sənədlər Arxivində bir çox sənədlərdən öyrənirik ki, Ümummilli Lider hələ birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə Qərbi Azərbaycan mədəniyyətinin qorunması üçün çox mühüm qərarlar qəbul etmişdir. Bu qərarların sırasında Aşıq Ələsgərin, Aşıq Alının yubileylərinin qeyd olunması ilə bağlı bir sıra qərarlar vardır. O qərarların mətnlərinin analizi çox aydın şəkildə göstərir ki, həmin qərarlarda həm də bu ərazilərin azərbaycanlıların tarixi yurdu olduğu məsələsi əksini tapmışdır.
    Əpoş Vəliyev – Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi: – Bu gün Naxçıvan, bütün qərbi azərbaycanlılar, ümumiyyətlə, ölkəmiz üçün əlamətdar bir gündür. Qardaş Türkiyə universitetlərinin rektorları, oranın elmi işçiləri, ziyalıları bu konqresdə iştirak edirlər. Düşünürəm ki, bu konqres qərbi azərbaycanlıların öz doğma yurd-yuvasına, ata-baba torpağına qayıtması üçün atılan ilk addımlardan biridir. Konfransın açılış hissəsində iştirakdan məmnunluq duyduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşündə bizim Qərbi Azərbaycana mütləq qayıdacağımızdan bəhs etmişdir. Bizim Qərbi Azərbaycan folkloru şöbəsi hazırda qərbi azərbaycanlıların folklorunu araşdırır, yaşlı nəslin yaddaşında olan xatirələri yazıya köçürürük. 

Bülbül Quliyeva
 Aysel YUSİFZADƏ
Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 24.11.2023 22:05