AZ EN RU

Festival-konqres çərçivəsində elmi əsərlərin təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda növbəti dəfə “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçirilib. Festival-konqres çərçivəsində tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması məqsədilə çap edilmiş dəyərli elmi əsərlərin təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin rektoru Elbrus İsayevin “Qərbi Azərbaycana qayıdış festival-konqresinin materialları” və “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Sülh və Ədalət Konsepsiyası kimi” kitablarının təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Qərbi Azərbaycanı iki-üç gün ərzində əhatə edən müxtəlif səpkili tədbirlər proqramda nəzərdə tutulub. O cümlədən kitab təqdimatları nəzərdə tutulub. Bu günlər ərzində festival-konqresdə çalışmışıq ki, alimlərimizin, Qərbi Azərbaycan sakinlərinin, tələbə auditoriyasının, tədqiqatçıların, protokol məmur heyətinin, bütün Qərbi Azərbaycan ideyası ətrafında birləşən insanların bu festivalda iştirakı bu və ya digər formada təmin oluna bilsin. Batabatda, Zəngəzur Milli Parkında təşkil olunan festival-konqres üçün məkan da rəmzi olaraq seçilmişdi. Həm ad baxımından, həm də coğrafiyası baxımından elədir ki, biz düz Zəngəzur silsiləsinin ətəyində çox qısa müddətdə bu səs-küylü bayram tədbirinin açılışını  keçirmişik. Bu gün, eyni zamanda bu konqresdə və dünən açılış tədbirində Türkiyə Cümhuriyyətinin ali məktəblərinin rəhbərləri və idarəçiləri, eyni zamanda professorları bura qatılıb iştirak edirlər. Biz belə bir ənənə yaratmaq istəyirik ki, hər yeni konqresdə növbəti konqresin materiallarını iştirakçı və məruzəçilərə təqdim edək. Bu il də çalışdıq ki, bunu iki formada çatdıraq. Bir tanıtım kitabı formasında konqresi tanıtmaq üçün və bir də konfrans materialları səviyyəsində kitabları nəşr edək. Kifayət qədər irihəcmli bir konfrans materialıdır. Çox sevindiricidir ki, Türkiyənin qabaqcıl universitetlərinin Hacəttəpə Universitetinin, Qazi Universitetinin, Ankara Universitetinin, Qars Universitetinin, İğdır Universitetinin rektorlarının da Qərbi Azərbaycan mövzusuna həsr olunmuş çıxışları bu materiala əlavə olunub. Bunun üstünlüyü ondan ibarətdir ki, həm də məlumatlandırıcı xarakter daşıyır. Bu baxımdan ki, Qərbi Azərbaycana aid ayrı-ayrılıqda məqalələr var, onu tapırıq, oxuyuruq çox dərin kitablardır. Düşünürəm ki, bu 620 səhifəlik material Qərbi Azərbaycanı öyrənmək istəyən hər kəs üçün masasının üzərində arzuolunan kitabdır. Ölkəmizin ziyalılarının, qabaqcıl alimlərinin məruzələri, məqalələri bu kitabda yer alır.

Rektor bildirib ki, bu cür festival-konqreslər beynəlxalq ictimaiyyət üçün də təşkil olunmalıdır. Hətta bu cür əhəmiyyətli nəşrləri də xarici dillərdə nəşr etdirməliyik.

Çıxışçılardan Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri Əziz Ələkbərli, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov və digərləri təqdimatı keçirilən kitablar haqqında öz fikirlərini bildiriblər. Qeyd olunub ki, bu cür mənəvi dəyəri böyük olan kitablar, ürəyi Qərbi Azərbaycanla döyünən hər bir soydaşımız  üçün dəyərli bir sərvətdir.

                                        Aidə İBRAHİMOVA

Nəşr edilib : 22.06.2024 20:36