AZ EN RU

Fermerlər üçün kreditlərin faiz dərəcələrinin aşağı salınması nəzərdə tutulur

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti eyni zamanda “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev ilə Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalının artırılması, bu sahədə yeni təsərrüfatların yaradılması, mövcud fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi məqsədilə müzakirələr aparıb.

Tapdıq Əliyev aqrar sahənin inkişafı üçün fermer və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasının qarşıda duran vəzifələrdən biri olduğunu, eləcə də, sağlam bank və kredit təşkilatların kənd təsərrüfatı kreditlərinin verilməsinə cəlb etməyin vacibliyini vurğulayıb.

Həmçinin “Aqrarkredit” QSC-nin Naxçıvan filialı tərəfindən verilən kreditlərin faiz dərəcələrinin aşağı salınması məsələsinə də toxunulub. Bildirilib ki, bugünə qədər filial tərəfindən verilən biznes və ticarət kreditləri 18-24 faiz dərəcəsi ilə verilirdisə, artıq 5000 manata qədər verilən kreditlər 10 faiz, 5000 manatdan yuxarı məbləğlər üçün verilən kreditlər isə 12 faizlə hesablanacaq. Eyni zamanda sahibkarlara dəstək məqsədilə cari ilin mart ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına kreditlərin 5 faizlə verilməsinə başlanacağı bildirilib.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.02.2023 16:18