AZ EN RU

Fərid Qayıbov Parisdə idman nazirlərinin "Change the Games" beynəlxalq forumunda iştirak edib

İyulun 24-də UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Parisdə idman nazirlərinin "Change the Games" beynəlxalq forumu keçirilib.

"Şərq qapısı"Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris-2024 Yay Olimpya Oyunları ərəfəsində baş tutan Forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.

Gənclər və idman naziri Fərid Qayıbov panel iclaslarında müzakirələrə qatılıb, Azərbaycanın UNESCO və müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq, həyata keçirilən layihələr barədə məlumat verib.

F.Qayıbov Forum çərçivəsində UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosla, Çili Respublikasının idman naziri Jaime Pizarro Herrera, Anqolanın gənclər və idman naziri Rui Falcao, Madaqaskarın nəqliyyat və meteorologiya naziri Manambahoaka Valery Fitzgerald Ramonjavelo, Tanzaniya Birləşmiş Respublikasının Nazirlər Kabinetinin ədliyyə və konstitusiya işləri naziri Damas Daniel Ndumbaro, Cənubi Afrika Respublikasının idman, incəsənət və mədəniyyət naziri Zizi Kodva, Samoanın idman və istirahət naziri Laumatiamanu Ringo Mathev Purcell və Kosta-Rika Respublikasının idman naziri Hernan Solano ilə ikitərəfli görüşlər keçirib.

UNESCO-nun ofisində həmçinin Azərbaycan və Qambiya arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb. Sənədi nazir Fərid Qayıbov və Qambiyanın idman və gənclər naziri Bakar Bodji imzalayıblar.

Nəşr edilib : 25.07.2024 10:49