AZ EN RU

Fərdi yaradıcılıq sərgisi təşkil olunub

    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbinin şagirdi Röya Musayevanın fərdi yaradıcılıq sərgisi təşkil olunub.

    Sərgidə Rəssamlar Birliyinin sədri,  Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək diqqətə çatdırıb ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda yaradıcılıq sahəsində fərqlənən bacarıqlı  yeniyetmə və gənclərimizin istedadlarının üzə çıxarılması, mənəvi inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətin mədəni həyatındakı iştirakları ölkə başçımız cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu gənclər siyasətinin əsas tərkib hissəsidir.
    Tədbirdə çıxış edən Əməkdar rəssamlardan Telman Abidinov, Həmzə Sadiqov gənc rəssamın əl işləri haqqında xoş təəssüratlarını bölüşüblər. Diqqətə çatdırılıb ki, bu cür rəsm sərgilərin təşkili gənc­lərimizin gələcəkdə incəsənətə maraq oyatmasına, eləcə də rəsm yaradıcılığının dərindən öyrənilməsinə şərait yaradır.
    Sonda tədbir iştirakçıları sərgidə nümayiş olunan rəsm əsərləri ilə tanış olublar.  Qeyd edək ki, sərgidə məktəblinin 27 əl işi nümayiş etdirilib.
    Sərgi üç gün davam edəcək.

Bülbül QULİYEVA

Nəşr edilib : 14.03.2023 18:41