AZ EN RU

Fərdi yaradıcılıq sərgisi keçirilib

    Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Nəsrulla Musayevin fərdi yaradıcılıq sərgisi təşkil edilib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, muxtar respublikada rəssamlara daim diqqət və qayğı  göstərilir, onların yubileyləri qeyd olunur, fərdi yaradıcılıq sərgiləri keçirilir. Növbəti belə fərdi yaradıcılıq sərgisi Rəssamlar Birliyinin üzvü olan Nəsrulla Musayevə məxsusdur. Özünəməxsus yaradıcılığı, insani xüsusiyyətləri ilə seçilən bu rəssam 1965-ci il oktyabrın 2-də Babək rayonunun Cəhri qəsəbəsində dünyaya göz açıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin Bədii tərtibat şöbəsində təhsil alıb. Hazırda Naxçıvan Dövlət Rəsm Qalereyasında bərpaçı rəssam kimi də çalışır. Onun yaradıcılığı  təsviri sənətin növlərindən biri olan boyakarlığın  bir sıra formalarında, portret, mənzərə, natürmort janrlarında çəkdiyi rəsmlərlə seçilir. 
    Ülviyyə Həmzəyeva çıxışının sonunda rəssama yeni yaradıcılıq uğurları arzulayıb.
    Tədbirdə Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Cavid İsmayılov və Həmzə Sadiqov,  digər sənət yoldaşları çıxış edərək rəssamın yaradıcılığından ürəkdolusu danışıblar. Qeyd edilib ki, sakit təbiəti ilə seçilən rəssam çəkdiyi rəsmlərdə uşaqlıq, gənclik çağlarının kənd həyatını, sadə insanların həyat tərzini, adət-ənənələrimizi, muxtar respublikanın gözəl mənzərələrini yüksək peşəkarlıqla işləyib. Bu əsərlər  elə gözəldir ki, fotodan  fərqlənmir. Çıxış edənlər rəssama cansağlığı, fəaliyyətində müvəffəqiyyət arzu ediblər. 
    Sonra sərgiyə baxış olub. Rəssamın “Mənzərə”, “Xıdır Nəbi bayramı”, “Şahbuz dağları”, “Qızılqaya”, “Qar gülləri və heyvalar”, “Kənd yolu”, “Bizim həyət”, “Kəndə aşıq gəlib”, “Küçədə söhbət”, “Yun darayan qadınlar”, “Naxçıvan”, “Bağda” və digər rəsm əsərləri iştirakçıların diqqətini cəlb edib.  45 rəsm əsərinin nümayiş etdirildiyi sərgi bir həftə davam edəcək. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 22.02.2022 20:05