AZ EN RU

Fərdi sərgi açılıb

    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Rəssamlar Birliyinin üzvü, gənc rəssam Nigar Mustafazadənin “33-cü qatda duyğular” adlı sərgisi açılıb. Sərgidə Rəssamlar Birliyinin sədri,  Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxışında gənc rəssamın fəaliyyətini yüksək qiymətləndirib.  Vurğulanıb ki, bu gün gənclərin öz  bacarıqlarını nümayiş etdirməsi onlar üçün yaradılan geniş imkanların təzahürüdür. Ülviyyə Həmzəyeva gənc rəssamı ilk fərdi sərgisi münasibətilə təbrik edib, yaradıcılığında uğurlar arzulayıb. 
    Tədbirdə çıxış edən Əməkdar rəssamlardan Telman Abidinov və hərbi hissə komandirinin müavini İntiqam Ağasıyev rəssamın yaradıcılığı haqqında müsbət fikirlər söyləyərək fəaliyyətində uğurlar arzu ediblər. 
   Sərgidə rəngkarlıq və qrafika üslubunda işlənmiş kompozisiyalardan ibarət 40-a yaxın rəsm əsəri sərgilənib. Sonda gənc rəssama Naxçıvan Rəssamlar Birliyinin üzvlük vəsiqəsi təqdim olunub. Qeyd edək ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan, müxtəlif illərdə “Çaşıoğlu”, “Sehrli dünya” və “Təhsil” jurnallarında fəaliyyət göstərən Nigar Mustafazadənin ilk fərdi sərgisidir. 
    Sonda tədbir iştirakçıları sərgidə nümayiş olunan rəsm əsərləri ilə tanış olublar.   
    Sərgi üç gün davam edəcək.

Aysel YUSİFZADƏ

Nəşr edilib : 20.06.2023 19:03