AZ EN RU

Fərdi rəsm sərgisi keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müəllimi Həbib Allahverdiyevin “2 Fevral-Gənclər Günü” nə həsr olunmuş “Realist duyğular” adlı fərdi rəsm sərgisi təşkil olunmuşdur.

      Sərgini giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ölkəmizdə, o cümlədən muxtar respublikada gənclərə göstərilən böyük diqqət və qayğıdan danışaraq qeyd etmişdir ki, muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində gənc müəllimlərə yaradılan şərait, onların fəaliyyətlərinin dəstəklənməsi onlara daha böyük həvəslə çalışmağa stimul verir. “2 fevral Gənnclər Günü” münasibətilə keçirilən gənclər həftəsi çərçivəsində İncəsənət kafedrasının müəllimi Həbib Allahverdiyevin yaradıcılıq sərgisinin keçirilməsi, onun yaradıcılıq fəaliyyətinin işıqlandırılması institutun Təsviri incəsənət müəllimliyi ixtisası və digər ixtisaslarda təhsil alan istedadlı tələbələrin daha həvəslə çalışmaları üçün nümunəvi təsir amilidir. Rektor vurğulamışdır ki, Təsviri-incəsənət sahəsində gənc müəllimlərimizin muxtar respublikamızı ölkəmizdə və ölkə hüdudlarından kənarda uğurla təmsil etmələri, bu sahədə böyük uğur və nailiyyətlər qazanmaları bu sənətə göstərilən dövlət qayğısının nəticəsidir.

          İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həbibə Allahverdiyeva çıxış edərək gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin öyrədilməsi üçün hərtərəfli şərait, fırça ustalarının yaradıcılıq imkanlarının artırılması , o cümlədən gənc rəssam Həbib Allahverdiyevin yaradıcılığı, üslub xüsusiyyətləri, müəllimlik fəaliyyəti, tələbələrlə dərsdənkənar emalatxana və dərnəklərdə iş prinsipi haqqında məlumat vermişdir. Bildirmişdir ki, istedadlı rəssam Naxçıvanı xarici ölkələrdə keçirilən bir çox beynəlxalq festivallarda, tədbirlərdə yüksək səviyyədə təmsil etmiş, Türkiyənin bir neçə şəhərində keçirilən rəsm festifallarında olmuş, dəniz altında yağlı boya ilə rəsmlər çəkmişdir.

          Naxçıvan Dövlət Universitetinin professoru, xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək bildirmişdir ki, Naxçıvanın zəngin təbiəti və müasir inkişafı rəssamlar üçün geniş yaradıcılıq imkanları açır. Ona görə də milli dəyərlərimizin təbliği, gənclərin vətənpərvərlik tərbiyəsi və günümüzün real mənzərəsinin yaradılması rəssamların yaradıcılığında xüsusi yer tutmalıdır. Bu gün fərdi yaradıcılıq sərgisinə toplaşdığımız Həbib Allahverdiyev institutun müəllimi olmaqla yanaşı Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvüdür. Habib Allahverdiyev yaradıcılığında təsviri incəsənətin bütün janrlarına müraciət etmişdir. Onun daha çox müraciət etdiyi janr natürmort və portret janrındadır.

          Sonra fərdi sərginin müəllifi, gənc rəssam Həbib Allahverdiyev çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda gənc rəssamlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirmiş, onun fərdi sərgisinin təşkili üçün institut rəhbərliyinə, tədbirdə iştirak edən qonaqlara və sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür etmişdir.

     Sonda Həbib Allahverdiyevin yaradıcılığına həsr olunmuş vidoçarxa və rəsm əsərlərinə baxış keçirilmişdir. Sərgidə realist, müasir üslubda işlənmiş portret, dekorativ kompozisiyalar, natürmört və mənzərələrdən ibarət 30-dan çox əsər nümayiş olunmuşdur. Sərgilənən əsərlər rəngkarlıq, qrafika və karikatura, teatr-dekorasiya janrlarında işlənilmiş, zamanın tələbinə, baş verən dəyişikliklərə həssas, üslubi baxımdan realistliyə meyilli yaradılmışdır. Onlarda duyğu şəffaflığı, daxili məkanların həllində işıq, dərinlik, zəngin və incə koloristik duyum heyranedici qüvvədə əks etdirilmişdir. Yaratdığı əsərlərində realist dəyərlərə müraciət edən istedadlı rəssam onları yeni prizmadan görərək canlandırmışdır. Məhz bu duyğular rəssamın mövzu seçimini qabarıq şəkildə ifadə edir. Həbib Allahverdiyevin yaratdığı portretlərdə İkinci Qarabağ Müharibəsinin qazi və şəhidlərinin obrazları, mənzərələrdə Naxçıvan Muxtar Respublikasının müasir inkişafı, quruculuğu, abadlığı, təbiət gözəllikləri, natürmortlarında vətənimizin bol nemətləri, milli-mənəvi dəyərlərimiz olan xalçalarımızın, kələğayının təsviri və qədim keramika nümunələri təcəssüm olunmuşdur.

       “Qazi Ramin Əliyevin portreti”, “Naxçıvan İnkişaf yollarında”, “Kələğayı ilə natürmort”, “Ağbulaq mənzərəsi” və “Yasəmənlər” əsərləri tamaşaçılarda maraq doğurmuşdur.

       Gənc rəssamın sərgisi ilə yaxından tanış olanlar Həbib Allahverdiyevin özünəməxsus dəst-xəttini, manerasını və seçilmiş mövzulara uyğun maraqlı sənət nümunələrini yüksək qiymətləndirmiş, rəsm əsərlərinin məziyyətlərindən bəhs etmişlər.

 

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və

ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 07.02.2022 12:39