AZ EN RU

Fənn müsabiqələri və olimpiadaların qalibləri mükafatlandırılıb

    Avqustun 4-də Respublika Fənn olimpiadalarının, Lütfi Zadə adına məntiq olimpiadasının və Respublika Fənn müsabiqələrinin qalibi olan məktəblilərə medal və sertifikatlar təqdim olunub.
    Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə olimpiadanın qalibləri ilə yanaşı, şagirdlərin valideynləri də iştirak ediblər.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiada və müsabiqə qaliblərini təbrik edərək bildirib ki, əldə olunan uğurlu nəticə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir. 
    Qeyd edilib ki, təhsildə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada şagirdlər hərtərəfli biliyə yiyələnməklə yanaşı, buraxılış və qəbul imtahanlarında da yüksək nəticələr göstərirlər. Muxtar respublika məktəbliləri arasında keçirilən olimpiadaların əhəmiyyətindən də danışan təhsil naziri bildirib ki, şagirdlərin istedadlarının üzə çıxarılmasında, fənlərə olan marağının artırılmasında olimpiadaların böyük əhəmiyyəti var. Bu məqsədlə də 2021-2022-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin olimpiadalarda iştirakı diqqətdə saxlanılıb, olimpiada hərəkatı gücləndirilib. Belə ki, 2021-2022-ci tədris ilində də VII-IX sinif şagirdləri üçün Amerikan Beynəlxalq riyaziyyat müsabiqəsi, IX-XI sinif şagirdləri üçün məktəblilərin respublika fənn olimpiadası, V sinif şagirdləri üçün Lütfi Zadə adına məntiq olimpiadası, II-X sinif şagirdləri üçün Kenquru beynəlxalq riyaziyyat müsabiqəsi və VI-VII siniflərdə təhsil alan şagirdlər üçün VII respublika fənn müsabiqəsi, həmçinin şagirdlərin riyaziyyat fənninə motivasiyasını artırmaq məqsədilə ilk dəfə olaraq I-XI sinif şagirdləri üçün SASMO beynəlxalq riyaziyyat olimpiadası keçirilib.
    Diqqətə çatdırılıb ki, keçirilən olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 2426 şagird iştirak edib, 239 şagird qalib olub. Bu şagirdlərdən 28-i respublika fənn olimpiadasının, 10-u Lütfi Zadə adına məntiq olimpiadasının, 10-u isə respublika fənn müsabiqəsinin qalibidir. Təhsil naziri müsabiqə və olimpiadalarda uğur qazanan şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
    Tədbirdə Təhsil Nazirliyi Aparatının sektor müdiri Məmməd Bayramov çıxış edərək olimpiadanın əhəmiyyəti və təşkilati işlər barədə məlumat verib.
    Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin XI sinif şagirdi, respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə I yerin qalibi Cahangir Əlisoy muxtar respublikada şagirdlər üçün yaradılan müasir tədris şəraitinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
    Sonra şagirdlərə medal və sertifikatlar təqdim olunub.
    Qeyd edək ki, IX-XI siniflər üzrə keçirilən respublika fənn olimpiadalarında şagirdlərdən 6-sı I, 15-i II, 7-si III yerin, V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına məntiq olimpiadasında şagirdlərdən 2-si I, 3-ü II, 5-i III yerin, VIII sinif şagirdləri üçün keçirilən respublika fənn müsabiqələrində isə şagirdlərdən 2-si I, 3-ü II, 5-i isə III yerin qalibi olub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.08.2022 19:36