AZ EN RU

Fəlakətlərin, xəyanətlərin günahkarı – İblis...

    Abdulla Şaiqin Hüseyn Cavidlə bağlı xatirələrini oxuyuruq: “1918-ci ilin mart hadisəsindən sonra Cavid Hüseyn Sadiqlə bizə gəlmişdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi...”
    Mənbələrdə qeyd olunur ki, 1918-ci ilin mart hadisələri vaxtı Hüseyn Cavid Bakıdakı köhnə Nikolayevski küçəsindəki “Təbriz” otelində yaşayırmış. 1918-ci ilin mart hadisələrinin ikinci günü bir dəstə daşnak əsgəri otelin qapısını qırıb içəri girir və altmış nəfəri əsir götürür. Onlar yolda hər tinbaşı atəş açaraq əsirləri güllələyirlər. Altmış nəfərdən iki nəfər qalana qədər atəş açaraq onları öldürürlər. XX əsrin uzaqgörən romantiki Hüseyn Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis” faciəsini bu acı təsirlər altında yazıb. Əsəri oxuduqca insanların taleyində müharibənin yaratdığı vəhşiliklər haqqında düşüncələr, eyni zamanda xain, ikiüzlü, iblis xislətli ermənilərin əsrlərdən bəri xalqımızın başına açdığı müsibətlər göz önündə canlanır. Oxucu hadisələrin cərəyanı fonunda müharibənin dəhşətlərini, eləcə də ağrılarını iç dünyalarında daşıyan üç gəncin – Arifin, Vasifin və yaralı əsgərin Vətən, onun tarixi və taleyi haqqındakı düşüncələri ilə bir daha yaxından tanış olur. “İblis” faciəsinin Birinci Dünya müharibəsi illərində qələmə alınması, Hüseyn Cavid kimi bir şəxsiyyətin fəlsəfi və humanist düşüncələrinin aktual bir formada daha qabarıq şəkildə açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına qarşı nifrət hisslərinin oyanması ideyanın daha dolğun təqdim olunması baxımından bu günümüzlə səsləşməsinin əsas mahiyyəti kimi səciyyəvidir. “İblis” faciəsi öz dövrünün dramatik tarixi gedişatını ifadə etmək ehtiyacından meydana gələn bir əsər kimi bu gün də diqqət mərkəzindədir. Faciənin Birinci dünya müharibəsinin xalqların ictimai, siyasi, mənəvi həyatında doğurduğu sarsıntıların ifadəsi kimi təqdim olunması bu fikri bir daha özlüyündə təsdiq edir. Məhz “İblis” faciəsi bu müdhiş gerçəkliyin insan həyatına gətirdiyi ağrı-acılar üzərində böyük ədib Hüseyn Cavidin gərgin düşüncələrindən yaranıb. Dramaturqun bu düşüncə gərginliyi, faciə boyu ideya axtarışlarının mürəkkəbliyi fonunda geniş bir formada təqdim edilir. 
    Pyesin məzmununa nəzər saldıqda onun qayəsinin daha dərin olduğunun fərqinə varırsan. İblis obrazı, iblislik və insan təbiətinin xeyirlə şərin daim mübarizə meydanı olması, müharibələr, onları doğuran səbəblər haqqında mühakimələrinə geniş imkanlar yaradır. Hüseyn Cavid “İblis” faciəsi ilə müharibə mövzusuna ötəri tarixi bir hadisə kimi yanaşmır. O bu kimi ictimai bəlanı doğuran faciələrə səbəb olan mənbələrə nüfuz etmək niyyətini özlüyündə cəmləşdirir. Bunun üçün bir tərəfdən müharibəyə faciəli hadisə kimi baxırsa, digər tərəfdən, I Dünya müharibəsində istər Türkiyənin düşdüyü acınacaqlı vəziyyət, istərsə də bəşəriyyətin keçirdiyi dərin sarsıntılar kimi təqdim olunan xeyirlə şərin mübarizəsi mövzusunu belə bir tarixi gerçəkliyin təzadları baxımından canlandırmağa yönləndirir. Hüseyn Cavidin düşüncəsinə görə, hər zaman İblis bu sarsıntılı tarixi mühitin mərkəzində dayanan, onu inkişaf etdirən və bütün təzadları özündə daşıyan bir surət kimi göstərilir. Faciə boyu müəllif çıxış yolunu yalnız insanın sağlam ideyasında, sağlam zəkasında, ağlında araşdırır. Əsərdə müharibəyə qarşı duran, bütün qüvvəsi ilə müharibəni inkar edən surət Arifdir. Arifin simasında saf bir sevginin tərənnümü olaraq bu sevgi üçün hər zaman onu qorumağa çalışan qüvvə kimi şər qüvvələrin, yəni iblislərin hədəfinə çevrilir. Hərb və insanlığın fəlakəti, savaş və humanizmin gətirdiyi müsibətlərin problemlərinə Şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşaraq obrazın romantik faciə fonunda təqdim olunmasına nail ola bilib Cavid əfəndi. 
    Bu əsərlə müəllif bütöv insanların mənəvi mühitini, intellektual düşüncəsini dövrün məsələlərinə yönəldir ki, bu da özünün bəşəriliyi ilə bağlıdır. “İblis” əsəri, eyni zamanda insanın daxilindəki xeyir və şərin mübarizəsinə həsr olunub. Müəllif bu əsərdə İblis obrazının simasında insan konsepsiyasının qloballığını, əsərin genişliyini və aktuallığını açıb göstərib. Cavid  əfəndinin bu əsərində insan dramatik bir varlıqdır, bu varlığın daxilində xeyir və şər, nəfs və ideal, müharibə və sülh, qılınc və qələm arasında mübarizə gedir. Ən əsas cəhət də odur ki, bu mübarizədə yüksələn, qələbə çalan da insandakı insanilikdir. 
    Pyesdə maddi zənginlik üçün ruhlarını şeytana satan insanların aqibəti də təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğrayıblar. Burada insanlığa sevgi, vicdan, mərhəmət, əxlaq aşılanır. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavid yaradıcılığının bədii estetikasının bütün özəllikləri bu əsərdə aydın şəkildə görünür. İnsanlığa qarşı olan dəhşəti, fəlakəti, vəhşəti, zəlaləti bəşəriyyətin bəlası sayır. Əsərdə “Mələk” adlı mifik obraz bəşəriyyətdə olan bütün vəhşiliklərin, cinayətlərin, xəyanətlərin, fəlakətlərin günahkarı kimi İblisi görür. Onun insanoğlunu yolundan çıxarıb, fəlakətlərə düçar etdiyini söyləyir. 
    Mədəni vəhşəti, zülmü, cinayəti, fəlakəti, xainliyi pisləyən, bəşəriyyətə insanlıq duyğusu, vicdanlı olmağı məsləhət bilən Arif axırda özü İblisə qul olur. O, silah, qurşun, qızıl imtahanından keçə bilməyib, nəfsinin köləsinə çevrilir. Ədib İblisin bu sözləri ilə dində, məzhəbdə dəhşətin hakim olduğunu bildirir. Xəyal ilə həqiqətin, fəlakət ilə əmin-amanlığın, xeyir ilə şərin, elm ilə cəhalətin vəhdəti təqdim olunur bu əsərdə. İblisin sözlərinin əsiri olan Arif əsəbi və xırçın hərəkətləri ilə İblisə uyub, bir çox cinayətlərə bais olur. Ədib çılğın və qorxunc İblisin hər ölkədə, hər diyarda, hər evdə olduğu fikrini söyləyir. Hər kəsin İblisi dinlədiyini, lakin ona nifrət də etdiyini bildirir. İblis məğrur qəhqəhələr ilə hər kəsin ona aciz qul olduğunu, insanların pəncəsində əzilib, qıvrılıb, məhv olduqlarını söyləyir. İblis insanlara rəhbərlik edən, qan püskürən, atəş savuran kinli kralları, şahları, ulu xaqanları, qızıl və qadın düşkünü olanları, min hiylə quran tülkü siyasətçiləri, hər an məzhəb çıxaran, yol ayıran din xadimlərini, xalqı soyan əyanları, bütün fitnəkar şərləri, zülmü, xəyanəti yer üzünün həqiqi İblisi sayır. Hərb və insanlığın fəlakəti, savaşın müsibəti problemlərinə Şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşan dramaturq hərb aparan hansısa dövlətin siyasətini deyil, bütövlükdə, müharibənin faciələrini, iblisliyin insanlığı məhvə sürükləməsini psixoloji və fəlsəfi təzadlarla oxuculara çatdırıb. Faciənin əsas ideyasını, qayəsini əsərin sonunda İblisin dili ilə söylənilən bu misralar dərindən əks etdirir: 
    “İblis nədir? – Cümlə xəyanətlərə bais… 
    Ya hər kəsə xain olan insan nədir? – İblis!.. 

 Gülcamal TAHİROVA

Nəşr edilib : 02.11.2023 19:53