AZ EN RU

Federasiyanın hesabat-seçki yığıncağı keçirilib

    Naxçıvan Voleybol Federasiyasının hesabat-seçki yığıncağı keçirilib. Gündəlikdə duran məsələlər federasiyanın fəaliyyəti, görülən işlərin müzakirəsi, eləcə də federasiyaya yeni sədrin seçilməsi olub.
    Yığıncaqda Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov çıxış edərək deyib ki, ölkəmizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərir. Dövlət başçısının atdığı addımlar sayəsində Azərbaycan idmanı böyük inkişaf yolu keçib, beynəlxalq aləmdə yüksək nailiyyətlər qazanılıb, ölkəmiz nüfuzlu turnirlərin keçirildiyi məkana çevrilib. Dövlət siyasətinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da bədən tərbiyəsi və idmanın davamlı inkişafı üçün mühüm işlər görülür, gənclərin sağlam həyat tərzinə cəlbi diqqət mərkəzində saxlanılır. İdmançılarımız ölkəmizi beynəlxalq arenada uğurla təmsil edir. Təkcə cari ilin ötən dövründə ölkə, beynəlxalq miqyaslı yarışlar, Avropa və dünya çempionatı və kuboklarından 62 qızıl, 58 gümüş və 77 bürünc medal əldə olunub.  Məcid Seyidov  Naxçıvan Voleybol Federasiyasının fəaliyyəti haqqında da danışıb. Qeyd olunub ki, 2002-ci ildə yaradılmış federasiyanın muxtar respublikanın bütün şəhər və rayonlarını əhatə edən 46 məşq qrupunda 630 nəfər yeniyetmə və gənc aktiv şəkildə bu idman növü ilə məşğul olur. Federasiyanın mövcudluğu bu idman növündə kütləviliyin yaradılması, istedadlı idmançı nəslinin yetişməsi, məşqçi və hakim bazasının formalaşmasına səbəb olub. Ötən dövr ərzində Naxçıvan komandası ölkə miqyaslı yarışlarda uğurlu nəticələrə nail olub, muxtar respublikamız ölkə çempionatının final mərhələsinə ev sahibliyi edib. Burada yetişən voleybolçularımız milli komanda və müxtəlif klublarda çıxış etməklə kariyeralarında müəyyən yol qət etməyi bacarıb. Onların bir neçəsi hazırda məşqçi və ya oyunçu kimi fəaliyyətini davam etdirir. Sevindiricidir ki, yeni infrastruktur imkanları sayəsində son dövrlər çimərlik voleybolu da ilkin inkişaf prosesinə daxil olub. Uzun müddətdir ki, qızların voleybola cəlbi ilə bağlı atılan addımlar, xüsusən də məşqçi əməyinin nəticəsi olaraq son bir neçə ildə qadın voleybolunda nəzərəçarpan irəliləyişlər müşahidə olunur. Naxçıvanda köklü voleybol ənənələrinin bu gün də yaşadıldığını diqqətə çatdıran nazir müavini əlavə edib ki, mövcud potensiallar bu sahədə daha artığını etməyə imkan verir, böyük hədəf və nəticələr üçün əlverişli zəmin yaradır və hamılıqla çalışıb bu sahədə daha dinamik və effektiv vəziyyət yaratmaq olar.
    Federasiyanın sədr müavini Aydın Mirzəyev qurumun ötənilki fəaliyyəti barədə ətraflı məlumatı diqqətə çatdırıb.
    Sonra səsvermə olub. 
    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin federasiyanın sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Vüqar Əliyev Naxçıvan Voleybol Federasiyasının sədri seçilib. Federasiyanın yeni sədri göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək Naxçıvan voleybolunun  inkişafı və uğurlu gələcəyi üçün federasiya kollektivi ilə birgə maksimum çalışacaqlarını bildirib, yaxın gələcək üçün qarşıya qoyulan vəzifə və tapşırıqların icrası istiqamətlərindən bəhs edib. Vüqar Əliyev voleybolun inkişafı  yönündə işlər aparılacağını və bu baxımdan aid dövlət qurumları və idman təşkilatları ilə işgüzar əlaqələrin gücləndiriləcəyini diqqətə çatdırıb.
    Bədən tərbiyəsi və idmanın inkişafı yönündə dövlət siyasətini həyata keçirən nazirliyin bu yöndə federasiyalarla da qarşılıqlı şəkildə fəaliyyət göstərdiyini, birgə tədbirlər həyata keçirdiyini xatırladan Məcid Seyidov Naxçıvan Voleybol Federasiyası ilə işgüzar əlaqələrin daha da güclənəcəyinə, birgə və məqsədyönlü fəaliyyət sayəsində voleybolun inkişafı yolunda yeni uğurların əldə olunacağına inamını ifadə edib.
    Çıxışlardan sonra gündəlikdə duran məsələlərlə bağlı hazırlanan qərar layihəsi təsdiq olunub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 07.09.2023 10:40