AZ EN RU

Fədakarlığı ilə əbədiyyət vüsalına qovuşan qəhrəman Vüsal

    Cəmi 18 gün yaşasaydı ömrünün 42-ci baharından boylanacaqdı həyata. Şərəflə daşıdığı formanın məsuliyyəti, vicdanının səsi izin vermədi buna. Ömrü boyu sudan qorxduğu qədər heç nədən qorxmayan Vüsalın taleyinə suda can vermək nəsib oldu. O, əslində, can vermədi, can oldu, hər zərrəsi nəfəs oldu. Öz dünyasından köçüb on milyonluq xalqın bağrında əbədiyyətə qovuşdu, onu sevənlərə vüsal oldu, hicran oldu, qürur mənbəyi oldu!
    “Suda boğulan uşağı sahilə çıxarıb anasını xilas edərkən qəhrəmancasına canından keçən polis bu gün Cəhri kənd qəbiristanlığında torpağa tapşırılacaq” adlı xəbər başlığını oxuyarkən bir anlıq diksinib ayıldım xəbərin təsirindən. Bu an telefon zəng çaldı və baş redaktor bu qəhrəmanlığın qəzetdə əbədiləşdirilməsi məsuliyyətini mənə tapşırdı. Hadisənin qüruru ilə yanaşı, ürək yanğısını ailəsindən dinləmək üçün yola rəvan oldum... Elə həmin gün Prezident cənab İlham Əliyev öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas edərək qəhrəmancasına həlak olan polis baş leytenantı Vüsal Əbülfəz oğlu Quliyevi “İgidliyə görə” medalı ilə təltif etdi. Bir daha qürur hissi keçirdik ki, ictimai fəallıq, fədakarlıq göstərən insanlar dövlətimiz tərəfindən operativ qiymətləndirilir. Çünki Azərbaycan polisi buna layiqdir. O hər an, hər saniyə təhlükə ilə nəfəs-nəfəsədir. Səngərdə də, yol qəzasında da, təbii fəlakətdə də, gözlənilməz faciədə də... Azərbaycan polisi peşə şərəfini qorumağa, Vətən borcundan çıxmağa, amalını, məramını, vicdanını həyatından da uca tutmağa qadirdir... 
    Yas mərasimində insanlar izdihamla mərasim evinə axışırdı. Polis əməkdaşları onun qəhrəmanlığından, fədakarlığından, şücaətindən doya-doya danışır, eşidənlər doymayaraq dinləyir, əllər dua olub səmaya ucalır, dillər zikr olub Allaha onun üçün dualar edirdi.
    Yarım qalmış həyatını öz övladın bilib xilas etdiyin o yeniyetməyəmi pay verdin? Vətənə tapşırıb nisgilli doğmalarını, hayqırışlarını yanağından ürəyinə axıdan Yaqubuna, teli sən qoxan Ziyana bir ömürlük ad qoyub getdin!  Sən fədakarlıq edərək başqa cana nəfəs oldun. Bu nəfəsi bütünlüklə uğrunda canını fəda etdiyin xalqının övladına verdiyin üçün dövlətin və xalqın da bütün sevdiklərini öz ağuşuna alıb onları əmanət kimi bağrına basacaq. Rahat uyu, Vüsal!
    Axşam təxmini 2100-da Cəhri kəndindəki yaşıl qapılı evin həndəvərindəyəm. Bu qapının eşiyində xoşbəxtlik, içərisində iztirablar sanki dilə gəlib səni çağırır, Vüsal! Qapını astaca açıb içəri daxil oluram. Gördüyüm tablo yarımdı, hər kəs oturub, düşünür, hüznlənir, sənsə xatirələrdən asılmış qürur tablosu kimi zehinlərdə, yaddaşlarda daşlaşırsan.Və budur mən sizdəyəm, sənin yoxluğunda sənin sənsizliyindən söhbət açırıq.

Kişilər ağlamaz, atam balası

Yaşı 65-i haqlamış Əbülfəz əmi də fədakar, zarafatcıl, zəhmətkeş, ailəcanlı, qayğıkeş, bütün insani keyfiyyətləri  özündə ehtiva edən övladı üçün ürəyi sızlasa da, özünü qürurlu tutur. Çünki  övladı şərəfli bir ömür yolu keçdi, xidmət başında yox, istirahət vaxtında olsa belə son nəfəsini öz peşəsinə qurban verdi. İndi ümidsizcə addım-addım onu bu evdə axtaran ailəyə bir şərəfli ömürdən qalan xatirələr təsəllidir. 
    Əbülfəz əmi deyir: – Uşaqlıqdan həvəsli idi polis olmağa. Hərbi xidməti bitirər-bitirməz təyinat alıb Babək şöbəsində, Dəmir yolu polis bölməsində, Gecə Polisində, Daxili İşlər Nazirliyində, Polis məktəbində və Naxçıvan Polis İdarəsində müxtəlif vəzifələrdə xidmət edən Vüsal dürüstlüyü, cəsarəti, vətənpərvərliyi, insansevərliyi, sədaqətliliyi və ən əsası da polis adını ləyaqət və vicdanla daşıdığı üçün Azərbaycan polisinin qürur mənbəyinə çevrildi...

Ölsəm, bağışla!

Yarım qalan sevgi, yarım qalan həyat...  “Ölüm  məni çağırdı, yaşam məndən üz döndərdi, fəqət qanadları yanan pərvanə kimi yaralı barmaqlarıma qonub mənə: “Hələ tələsmə, Lalə, mən həmişə səninləyəm”, –  deyən gənc bir xanımın səksəndirib oyadır bizi xəyallardan. Bu xanım Lalədir. Vüsalın ömür-gün yoldaşı.
    Ulduzları 2005-ci ildə barışmışdı Vüsalla Lalənin. Təzəcə Cəhri kənd musiqi məktəbinə təyinat alan Laləni görüb bəyənən Vüsal elə oradaca saqqızını oğurlamışdı bu qızın. Bu izdivacdan iki oğlan övladı qazanan bu ailə xoş, firavan, qayğılı həyat sürürdü. Lalə deyir: – Vüsal çox ailəcanlı idi, övladları ilə nəfəs alır, onların qayğıları ilə maraqlanır, dərsləri ilə müntəzəm məşğul olur, onlarla ata yox, dost kimi həmdəm olurdu. Laləyə həmişə nəvaziş və diqqət göstərən Vüsal onu gözündən bir an da uzağa qoymurdu. 
    Lalə deyir ki, Vüsal çox ürəyiyumşaq idi, yanımlı idi, cibindəki son qəpiyini belə xəstə, kimsəsiz və çarəsiz adamlarla paylaşırdı. Lalə ailə qayğılarında Vüsala o qədər arxayın olub ki, indi bu məsuliyyətin altından necə qalxacağını düşünə bilmir. Lalə deyir, bir dəfə Bakıda dənizə getmişdik və balaca oğlumla qumda gəzinti edərək sahildən çox uzaqlaşdıq və bir də gördük ki, Vüsal Sahil Mühafizə Xidmətinə övladımla mənim anonsumu verir. Vüsal bizə qarşı çox həssas və diqqətli idi, amma heç düşünməzdim ki, bir gün gözlərimin önündəcə Vüsalın qorxduğu su onu bizdən alacaq. 
    Hadisəni göz yaşı və qürurla xatırlayan Lalə deyir ki, göl qırağında, sən demə, sonuncu dəfə samovar salırmış ki, ağız dadıyla bir çay içək. Ani diqqətsizliklə azğın sulara qərq olan 13 yaşlı oğlanı görən Vüsal vicdanının səsinə qulaq asaraq gecənin zil qaranlığında özünü dərin sulara ataraq yeniyetməni xilas etdi, ardınca onun anasını xilas etmək istərkən öz həyatından da oldu.

Atam mənim qəhrəmanım idi, 
indi isə o həm də xalqın qəhrəmanı oldu

Stulun küncünə qısılan 13 yaşlı Yaqub və anasının ağuşunda həyatın cilvələrini, ələmlərini, kədərlərini dadmayan Ziyanı Vüsalın bizə əmanət qoyub getdiyini də unutmayaraq söhbətimizi fədakar qəhrəmanın balaca oğlu ilə davam edirik. 8 yaşlı Ziya bizə bildirir ki, gələcəkdə kompüter mühəndisi olmaq istəyir. Zamanı qabaqlayan bu uzaqgörən uşaq artıq gələcəyin ixtisasını özünə hədəf seçib, qarşısına məqsəd qoyaraq, bu yolda uğur qazanacağını əminliklə vurğulayaraq atası kimi hörmətli olacağını qeyd edir. 
    Vüsalın bütün xüsusiyyətlərini özündə ehtiva etdirən 13 yaşlı oğlu Yaqub atasından, onun qəhrəmanlığından, vətənpərvərliyindən, göstərdiyi şücaətdən ağızdolusu danışır. “O mənim qəhrəmanım idi, indi isə xalqın qəhrəmanı oldu”, – deyən Yaqub atasını çox həssaslıqla xatırlayır, özü-sözü atası olduğunu ürək açıqlığı ilə qeyd edir. Hər gün atası ilə, bəlkə, 20 dəfə telefonla danışan Yaqub atası ilə nəfəs alır, onun yoxluğunda onun qeyrətinə, fədakarlığına, cəsarətinə, əzminə sığınır, bu məziyyətlərdən bir qəhrəman düzəldərək onu həyatının baş roluna çevirir. 
    Yaqub deyir, İkinci Qarabağ savaşı başlayanda atası onlara aşılayırmış ki, ata bir gün gedəcək çox uzaqlara, gözlə görülməyəcək, əllə tutulmayacaq hüdudlara, amma darıxmayın, gələcək... və siz atayla fəxr edəcəksiniz. 
    Söhbətimiz zamanı Yaqub bildirir ki, atasının şərəflə keçdiyi yolu davam etdirmək, üzərində daşıdığı polis formasını ləyaqətlə Vüsalın davamçısı kimi daşımaq istəyir. Gələcəkdə o da atası kimi, qəhrəman polis olmaq istəyir, oğlu onun adını əbədiləşdirəcəyi sözünü verir bizə. 

İllərin dostluğu danışır

İndi buza dönmüş, lallaşmış, məhrəm xatirələri dilə gətirən dostu Taleh deyir ki, uşaqlıqdan qorxurdu sudan Vüsal. O, Vətənə, torpağa çox sədaqətli idi. Xidmət zamanı səhvlik edən vətəndaşlara belə sərt davranmır, onlarla həlim, mülayim dildə danışır, onları dinləyir və islah olunmaları üçün səy göstərirdi. Polis adına, polis formasına heç zaman ləkə gətirmədi, həmişə polis adını qorudu, uca tutdu. İşini heç zaman yarım buraxmadı.Vüsal yaşca balaca olsa da, Taleh onun sözlərini daim öyüd-nəsihət kimi qəbul edirdi. Dostların bir-birindən ayrı günü keçməzmiş. Hər gün zəngləşər, bir-birinin əhvalını soruşar, görüşüb samovar çayı içəcəkləri yeri vədələşərmişlər.
    Vüsal dostu və ailəsini başına yığaraq hər gün samovar qaynadar və bundan hədsiz zövq alarmış. Kəndinə, evinə çox bağlı, çox sədaqətli idi. Xeyirdən-şərdən qalmaz, həmişə öndə iştirak edər və deyərdi: “Əbilim yoxdur,  mən onu əvəz edirəm”. Atası Əbülfəz əmiyə Əbilim deyə xitab edər, o Bakıya köçəndən sonra çağırılan bütün məclislərdə onu təmsil edərmiş.
    Dostların son görüşü də elə həmin gün olub. Vüsal Talehə ailəsi ilə göl qırağında samovar çayı içəcəyini deyib, axşam saat 2000-dan sonra ona zəng edəcəyini bildirib. Taleh çox gözləsə də, Vüsal ona bir də heç zaman zəng etməyib və gələn başqa bir zəng Vüsalın qəhrəmancasına həlak olduğunu bildirib.

Bizim fəxr yerimiz...

Qarşı-qarşıya oturduğum düzqamətli, ucaboylu, gözü uzaqlarda yol çəkən Vüsalın qardaşı Vüqar deyir: – Onun yoxluğu ilə heç cür barışa bilmirəm. Təsəllimiz odur ki, indi o bizim fəxr yerimiz, qürur mənbəyimizdir. Vüsal qardaş yox, dost idi, həmdəm idi. Vüqarın yaddaşında həmişə pozitiv qalan qardaşı təbiət vurğunu, ailəcanlı, evinə, kəndinə bağlı bir insan idi. O mənə həmişə yaşamağın gözəl olduğunu deyirdi. Nə qədər ağır olsa da, Vüqar fəxr hissi ilə qürur duyur qardaşı Vüsalla. Dövlətin qayğısını çiyinlərində hiss edən Vüsal ölkə başçısına, Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara minnətdar olduğunu bildirir.
    Qarşısındakı şəkillərə baxaraq yanağından süzülən göz yaşları qəlbini təsəlli edirdi, Vüsalın bacısı Röyanın... Röya deyir ki, hər zaman təbəssümlə xatırlanan fədakar, mərdürəkli qardaşımı xalqımız qəhrəman oğul kimi tanıyacaq. Bu bizim üçün ən böyük təsəllidir. Çətin zamanlarında belə üzündəki təbəssümü qoruyan Vüsalın əziz xatirəsi illər keçsə də, bacısı Röyanın qəlbindən silinməyəcək.
    Bu səmimi ailə tablosunda zamanın necə keçdiyini heç hiss etmədən birdən gecəyarı olduğunun fərqinə varıram. Səmimi münasibət, isti məhəbbət, doğma ülviyyət və başucalığı ilə tərk edirəm Əbülfəz əminin min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığı Vüsalın ata evini... Qapıda ailə üzvləri ilə sağollaşaraq qaranlıq küçələrdə yola davam edirəm. Bir vaxt Vüsalı bağçadan, məktəbdən, hərbi xidmətdən, işdən gələrkən salamlayan bu küçələr, bu yollar indi onun üçün gedişi olub, dönüşü olmayan yollara çevrilib. Doğmalarının gözləri isə elə bu yollara boylanaraq nə vaxtsa gələcəkmiş kimi Vüsalı gözləyir. Cismi bu dünyadan köç etsə də, eşqi onu sevənlərin qəlbində kök salacaq,Vüsal xatirələrdə əbədi yaşayacaq!!!

Fariz ƏHMƏDOV

Nəşr edilib : 25.07.2023 21:57