AZ EN RU

Fədakar, zəhmətkeş, cəsur Azərbaycan qadını, bayramın mübarək!

    Qadınlar nə qədər incə, zərif, həssas olsalar da, həyatın çətinlikləri qarşısında heç vaxt yenilməyib, ruhdan düşməyib, əzmlə çalışıb. Övlad böyütmək, ailəyə maddi cəhətdən köməklik göstərmək, məşğulluğunu təmin etmək üçün müxtəlif sahələrdə çalışan zəhmətkeş qadınlarımız var. Vətən üçün canını fəda edən oğullar böyüdən şəhid analarımız, şəhid yoldaşlarının yolunu gözləyən bacılarımız vardır. Biz onları unutmadıq. Gəlin muxtar respublikada yaşayan belə qadınları yaxından tanıyaq.

    Şəhid əsgər Sərxan Salahovun anası Müşkünaz Salahova ilə həmsöhbət olduq. Onun dediklərindən: – Oğlum Sərxan Salahov 1 mart 1991-ci ildə anadan olub, Ələkli kənd tam orta məktəbində təhsil alıb. İki bacının bir qardaşı olan Sərxan uşaqlıqdan bəri mərd, vətənpərvər, cəsarətli idi. O, ailəsini də, Vətənini də canından artıq sevirdi. Sərxan müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmət edirdi. Kursunun bitməyinə az qalmışdı ki, 44 günlük Vətən müharibəsi minlərlə Vətən övladı kimi Sərxanın da torpaq təəssübkeşliyini, millət sevgisini, düşmənə nifrət hissini daha da alovlandırdı. Sərxan könüllü olaraq döyüşə getdi və ata-baba torpaqlarımızın geri alınması uğrunda gedən döyüşlərdə canı-qanı bahasına vuruşaraq qəhrəmancasına şəhid oldu. Qismətində şəhidlik məqamına yüksəlmək var imiş. “Sənin başını hər yerdə ucaldacam”, – deyirdi. Başım ucadır, Vətən sağ olsun! Dövlət hər zaman qayğımıza qalır. Övladım Prezident cənab İlham Əliyevin sərəncamları ilə müharibədə göstərdiyi şücaətlərə görə “Vətən uğrunda”, “Füzulinin azadlığı uğrunda”, “Xocavəndin azadlığı uğrunda” medalları ilə təltif olunub. Oğlumdan geriyə qəhrəmanlığı və iki qız övladı qalıb. Sərxan mənə elə vəfalı, qədirbilən oğul olub ki, mən ömürboyu onun xoş xatirələri ilə ovunacağam. O, müqəddəs şəhidlik məqamı ilə elimizə, obamıza şərəf gətirdi və öz arzusuna çatdı. Torpaqlarımız Sərxan kimi mərd, igid, Vətənini könüldən sevən oğulların sayəsində azadlığına qovuşdu. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. 

    Billur Vəliyeva 8 Mart ərəfəsində gözü yolda, qulağı səsdə olan xanımlarımızdandır, şəhid leytenant İbrahim Vəlizadənin həyat yoldaşıdır. Qürurla “Mən qəhrəman İbrahimin həyat yoldaşıyam”, – deyən şəhid xanımı İbrahim Vəlizadə şəhid olduqdan sonra onun doğulub, boya-başa çatdığı evdən bir gün də ayrı qalmayıb, gözünün ağı-qarası oğlunu o evdən əskik etməyib. Billur xanım deyir: – 1 il 10 ay evliliyimiz müddətində cəmi 1 ay birlikdə ola bildik. Elə bir gün olmaz ki, onunla olan xatirələri xatırlayıb, onu yad etməyim. Həmin günlər mənim həyatımın ən gözəl günləri olub. Bəzən kənardan uzun illər evli olan ailələri müşahidə edirəm, düşünürəm ki, on illərə bərabər ailələr belə mənim bir ayda gördüyüm diqqəti, qayğını, sevgini görməyib. O qədər düşüncəli, sevgi dolu, qayğıkeş, mehriban insan idi ki… Mən fəxr edirəm ki, İbrahim kimi bir igidin həyat yoldaşıyam və qürur duyuram ki, bu gün mənə əmanət etdiyi özü kimi bir oğlu var. Son nəfəsimə qədər onun mənə qoyduğu bu uca adı – “Şəhid xanımı” adını qoruyub saxlayacağam. Həyatdakı tək arzum övladımız Fəridi sağlam, atası kimi igid, qorxmaz, Vətənə, atasının adına layiq böyütməkdir. Mən bu həyatdakı bütün uğurlarımı həyat yoldaşıma borcluyam. Hazırda Naxçıvan Dövlət Universitetində qiyabi təhsil alıram. Maliyyə Nazirliyində işləyirəm. Öhdəliyimə düşən işi canla-başla yerinə yetirməyə, əlimdən gəldiyinin daha artığını etməyə çalışıram ki, kimsə düşünməsin ki, şəhid xanımıdır deyə mənə güzəşt edilir. Hər yerdə, hər zaman onun adını qorumağı özümə borc bilir, uca tuturam. 

    Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Minurə Musayeva deyir: – Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi 10 ildən artıqdır ki, fəaliyyət göstərir. Əsas fəaliyyət istiqaməti sosial reabilitasiya olan mərkəzdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxslərə istər psixoloji, istərsə də sosial bacarıqların formalaşması və inkişafı baxımından köməklik göstərilir. Bu zaman onlara fərdi yanaşma tətbiq olunur. Mərkəzə müraciət edən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxslər arasında qızlarımız da az deyil. Onlar burada fəaliyyət göstərən bütün bölmələrin xidmətindən istifadə edirlər. Onların fiziki imkanları məhdud olsa da, hər biri gələcəkdə gözəl Azərbaycan xanımı, gözəl ana, həm də xüsusi istedadı olan bacarıqlı qadınlardır. Mərkəzimizin bölmələrinə cəlb edilənlər arasında xüsusi istedada malik olan və mərkəzdə müəyyən bacarıqlara yiyələnən qızlarımız vardır. Mərkəzin Əmək terapiyası bölməsində uşaqlara, xüsusən də qızlara toxuma, tikmə və əl işləri bacarıqları aşılanır ki, bu da onların peşə istiqaməti seçmələrində əvəzsiz rol oynayır. Əmək terapiyasında müəyyən bacarıqlara yiyələnən qızların əl işləri dəfələrlə muxtar respublikada təşkil edilən sərgilərdə nümayiş olunub. Sərgilədikləri əl işlərinə görə diplom və fəxri fərmanlara layiq görülmüş qızlarımız vardır ki, əl işlərinə verilən dəyər onlarda ruh yüksəkliyi yaradır və bu yolda daha da əzmkarlıqla çalışmalarına imkan verir. Həmçinin əl işlərinin satışı da təşkil olunur ki, əldə olunmuş maddi qazanc onların maddi rifah hallarının qismən də olsa, yaxşılaşmasına səbəb olur. Burada qazanılan bacarıqlar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə nümayiş etdirilir.

    Bu gün müxtəlif peşələrlə məşğul olan qadınlarımız çoxdur. 25 ildir, dərzi kimi fəaliyyət göstərən Səlbi İsgəndərova əməkçi qadınlarımızdan biridir. O, 1966-cı il avqustun 20-də Babək rayonunun Şıxmahmud kəndində doğulub. Onunla söhbətimiz zamanı dedi: – Məktəbi bitirəndən dərzilik peşəsinə maraq salmışam. Düşünürəm ki, bu gün hər bir qadın üçün hansısa peşəyə yiyələnmək vacibdir. Bu təkcə maddi vəziyyəti yaxşılaşdırmaq üçün yox, həm də vaxtdan səmərəli istifadə, bacarıqları inkişaf etdirmək baxımından da əhəmiyyətlidir. Dərzilik peşəsinə olan həvəsim məni 1984-85-ci illərdə Naxçıvan şəhər 163 nömrəli Peşə Məktəbində oxumağa vadar etdi. Burada təcrübə keçdikdən sonra Naxçıvan Tikiş Fabrikində dərzi kimi fəaliyyət göstərməyə başladım. Orada kişi köynəkləri tikirdik ki, bu da Naxçıvanda bu geyimə olan tələbatı ödəyirdi. Sonra korporativ tikiş sexində fəhlə paltarları tikmişəm. 1990-93-cü illərdə Naxçıvan şəhərində yerləşən xalçaçılıq fabrikində xalça toxumaq üçün vacib olan ipləri əyirməklə məşğul olmuş, bir müddət hərbi şəhərcikdə torpaqlarımızı qoruyan Vətən oğulları üçün hərbi formalar hazırlamışam. Artıq 13 ildir ki, Naxçıvan şəhərindəki “Bellissa” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mebel Fabrikində dərzi kimi fəaliyyətimi davam etdirirəm. Bu işin əsasında qabiliyyət, səbir və əzmlə çalışmaq dayanır. Ustalarımın mənə olan inamı sayəsində gördüyüm bütün işləri layiqincə ortaya çıxara bilmişəm. Bir də ki hər hansı peşə ilə məşğul olmaq üçün əvvəlcə onu sevməlisən. Mən sevdiyim işi görürəm və xüsusi tikiş məharəti tələb edən bu sahə ilə məşğulluğumu təmin edirəm. 2017-ci ildə səmərəli fəaliyyətimə görə çalışdığım yerin rəhbərliyi tərəfindən sertifikatla da təltif olunmuşam. Hazırda Türkiyədə baş verən zəlzələdən zərərçəkmiş insanlar üçün çadırlar tikib hazırlayır, onlara əlimizdən gələn dəstəyi göstərməyə çalışırıq. 

    Xüsusi əl qabiliyyətinə malik xanımlarımız var ki, onlar isti geyimlər, daha dəqiq desək, yun jilet, şərf və corab toxumaqla Vətənin keşiyində dayanan əsgərlərə könüllü xidmət göstərirlər. Onlardan biri də Elnurə Nağıyevadır. Babək şəhər sakini 45 yaşlı bu xanım uşaqlıqdan böyük maraq və sevgi ilə bağlı olduğu bu işdə rəngarəng saplar, muncuqlar, piləklərlə əl işləri hazırlayıb. Müsahibim dedi: “Toxuculuq incə işdir. Diqqət, zaman və səbir tələb edir, xüsusilə də sevgi. Özüm ev xanımıyam. Bu səbəbdən əl işlərimin daha keyfiyyətli olması üçün kifayət qədər zaman ayıra bilirəm. Artıq 7 ildir ki, toxuculuqla fəal məşğul oluram. Ötən il hərbi hissələrə göndərmək üçün müxtəlif ölçülərdə 35 cüt corab, 16 jilet, 30 şərf və 40 boyunluq hazırladım. Bütün bu geyimləri toxuyarkən böyük qürur hissi keçirirəm. Düşünürəm ki, sərt şaxtalı qış aylarında dağlıq ərazilərdə Vətənimizi qoruyan, bizlər üçün fədakarlıqla xidmət edən igid oğullarımıza az da olsa, faydam toxunur. Övladlarımdan biri hərbi liseydə təhsil alır. Toxuyarkən bir ana kimi kövrək hisslər keçirirəm. Övladlarımız, eyni zamanda biz daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Mən fəaliyyətimə görə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Hazırladığım geyimlərin, əl işlərinin yüksək qiymətləndirilməsi, keçirilən sərgilərdə nümayiş olunması mənə böyük stimuldur. Bu gün bizə bu şəraiti yaradan dövlətimizə minnətdarlığımı bildirirəm. 
    Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan qadını tarixboyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlərboyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir”. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün zəhmətkeş qadınları təbrik edir, onlara xoşbəxtik, ailə səadəti, cansağlığı arzulayırıq. 

- Güntac ŞAHMƏMMƏDLİ 
- Gülcamal TAHİROVA
- Aytac CƏFƏRLİ
- Bülbül QULİYEVA
- Aysel YUSİFZADƏ

 

Nəşr edilib : 07.03.2023 21:34