AZ EN RU

Fatimə Hüseynzadənin solo konserti keçirilib

Mayın 18-də Naxçıvan Şəhər Gənclik Mərkəzində Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin VI sinif şagirdi Fatimə Hüseynzadənin solo konserti baş tutub. Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunan konsert mədəniyyət və incəsənət nümayəndələri, musiqi məktəblərinin müəllim və şagirdləri tərəfindən izlənilib. İstedadlı ifaçının uğurlarından danışan tədbirin aparıcısı diqqətə çatdırıb ki, 2018-ci ildə Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində fortepiano ixtisası üzrə Ülviyyə Nəcəfovanın sinfinə daxil olan Fatimə bu günədək müxtəlif müsabiqələrin iştirakçısı və qalibi olub. 2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə ilk dəfə təşkil edilən Uşaq İncəsənət Festivalında muxtar respublikanı uğurla təmsil edib. Həmçinin təşkil edilən konsertlərdə konsertmeyster olaraq  çıxış edib.  
Sonra Fatimə Hüseynzadənin bir-birinin ardınca ifa etdiyi  İ.S.Bax “Prelüd-Füqa”, L.Bethoven “Sonata”, F.Mendelson “Edüt”,Cövdət Hacıyev “Ballada”,  V.Azaraşvili “Noktürn”, F.Şopen “Vals” və  digər sevilən əsərlər gurultulu alıqışlarla qarşılanıb. Konsert zamanı  gənc ifaçı, həmçinin Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Əbülfət Babayev və İlqar Hüseynovu, Prezident və Qran-Pri mükafatçısı Sevinc Babayevanı, Naxçıvan Musiqi Kollecinin müəllimi Həsən Məmmədovu, məktəbin tar ixtisası üzrə IV sinif şagirdi Murad Babazadəni müşayiət edib.
Konsertdən sonra çıxış edən Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdir əvəzi Həsən Kərimov istedadlı ifaçını, onun müəllimlərini və valideynlərini təbrik edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində istedadlı şagirdlərin aşkara çıxarılması və yaradıcılıq imkanlarının genişləndirilməsi hər zaman diqqətdə saxlanılır.
H.Kərimov Fatimə Hüseynzadəyə Naxçıvan Şəhər Mədəniyyət İdarəsi adından diplom və qiymətli hədiyyə təqdim edib.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyi mətbuat xidməti

Nəşr edilib : 18.05.2024 19:35