AZ EN RU

“Fatehlərin zəfəri” romanının müzakirəsi keçirilib

Oktyabrın 4-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının birgə təşkilatçılığı, kitabxana əməkdaşlarının və tələbələrin iştirakı ilə Güllü Məmmədovanın “Fatehlərin zəfəri” romanının müzakirəsi keçirilib.

 Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə əlaqədar  təşkil olunan müzakirə başlamadan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının Türk dünyası tərəfindən bu şəhərə olan böyük ehtiramın təzahürü olduğunu bildirən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova əlavə edib ki, Prezident İlham Əliyev “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova bildirib ki, yazıçı Güllü Məmmədovanın “Fatehlərin Zəfəri” əsəri torpaqlarımızın işğaldan azad edilməsində böyük xidmətlər göstərmiş xüsusi təyinatlıların döyüş yolundan bəhs edir.  Əsərdə  onların göstərdiyi şücaətlər real faktlar əsasındatəsvir edilir.

Sonra çıxış edənlər diqqətə çatdırıb ki, “Fatehlərin zəfəri” romanı Azərbaycan xalqının tarixi zəfərini, qalibiyyətini əks etdirən əsərlərdəndir. Əsərdə xüsusi təyinatlıların komandiri polkovnik Tehran Mənsimov, kapitan Əli Kərimov, Nihad Babayev, Anar Əliyev, həkim Adil Əfəndiyev, briqada komandiri Coşqun Əhmədov, Rəşad Aslanov, Milli Qəhrəman Riad Əhmədov kimi qəhrəmanların hərbi fəaliyyətləri, döyüş yolları, həyatları ilə bağlı məqamlar təsvir olunur. Müəllif Güllü Məmmədova ermənilərin Azərbaycan torpaqlarında soyqırım aparmalarının tarixi köklərə malik olmasını roman boyu təsvir edir, Qarabağın döyünən ürəyi Şuşanın obrazını, Şuşa şəhərinin yaranmasını və onun daşıdığı xüsusiyyətləri Pənah xanın dili ilə təqdim edir.

Sonra tələbələrin iştirakı ilə roman ətrafında müzakirələr aparılıb.

    Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.10.2023 17:40