AZ EN RU

Faşizm üzərində Qələbə Günü münasibətilə tədbirlər keçirilmişdir

    Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə alman faşizmi üzərində qələbənin 77-ci ildönümü münasibətilə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov tədbir iştirakçılarını faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edib.
    Sonra müharibə veteranlarına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından hədiyyələr təqdim olunub.
    Tədbirdə İkinci Dünya müharibəsinin sovet-alman cəbhəsində qazanılmış tarixi Qələbədən söz açılıb, bu qələbənin qazanılmasında Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin misilsiz xidmətləri xatırlanıb. Qeyd olunub ki, müharibə iştirakçılarına daim yüksək diqqət və qayğı göstərən ümummilli liderimiz Heydər Əliyevin bu siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir.  Müharibə veteranlarına göstərilən diqqət və qayğının bariz nümunəsi olaraq hər il olduğu kimi, bu il də ölkə başçısı 2022-ci il aprelin 19-da “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalamışdır.
    Alman faşizminə qarşı mübarizədə şərurlular da öz sözlərini demişlər. Dörd il ərzində Şərur rayonundan ordu sıralarına 4 min 7 nəfər səfərbər edilmişdir. Onların çoxu həlak olmuş, yaxud itkin düşmüşdür. Tarixə qanla yazılmış 4 ildə rayondan 1789 nəfərin ailəsinə övlad dağı çəkilmiş, yüzlərlə insan sağlamlığını itirmişdir. Hazırda rayonda İkinci Dünya müharibəsində həlak olmuş və sonradan vəfat etmiş müharibə iştirakçılarının 34 nəfər dul arvadı və 32 arxa cəbhə veteranı yaşayır.
    Bu gün ümummilli lider tərəfindən əsası qoyulmuş uzaqgörən siyasət ardıcıl davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 19 aprel tarixli Sərəncamına uyğun olaraq rayon üzrə 66 nəfərə birdəfəlik maddi yardım ödənilmişdir. Onlar İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdir.
    May ayının 9-da rayon ictimaiyyətinin nümayəndələri Şərur rayonunun mərkəzində İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər çiçəklər düzüblər. 
    Babək rayonunda da İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan Qələbənin 77-ci ildönümü qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə rayon mərkəzində həmin müharibədə canlarından keçmiş babəklilərin xatirəsinə  ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, müharibədə həlak olmuş qəhrəman övladlarımızın, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
    Tədbirdə bildirilib ki, faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olub. Xalqımızın ümummilli lideri Heydər Əliyev faşizm üzərində qələbənin qazanılmasında xidməti olan insanlara hərtərəfli dövlət qayğısı göstərib. 
    Qeyd olunub ki, Azərbaycan xalqı Ordumuzun və Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə parlaq Zəfər qazandı, 30 ilə yaxın davam edən işğala son qoyulmuşdur. Artıq noyabrın 8-i Azərbaycanda “Zəfər Günü” kimi qeyd olunur. Bu, müstəqilliyimizin, xalq-dövlət-ordu birliyinin təntənəsi, Zəfəridir.     
    Ordubad rayonunda Qələbənin 77-ci ildönümünə həsr olunmuş tədbirin əvvəlində 1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış Xatirə Kompleksi ziyarət edilərək abidə önünə gül dəstələri qoyulub.
    Bu bölgəmizin qəhrəman övladları da İkinci Dünya müharibəsi illərində həm ön, həm də arxa cəbhədə böyük fədakarlıq və igidlik nümunələri göstəriblər. Ordubad rayonundan cəbhəyə yollanan Nəcəfqulu Rəfiyev 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən döyüşlərdə, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə başlanandan Ordubad rayonundan cəbhəyə 3387 nəfər yollanıb, əksəriyyəti qanlı döyüşlərdə qəhrəmancasına həlak olub. Bu gün də dövlətimiz və xalqımız onların xatirəsini uca tutur.
    Faşizm üzərində Qələbənin 77-ci ildönümü Culfa rayonunda da qeyd edilib. 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində Qələbənin 77-ci ildönümü İkinci Dünya müharibəsində həlak olmuş culfalıların xatirəsinə rayon mərkəzində ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, müharibədə həlak olmuş qəhrəman övladlarımızın, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
    Tədbirdə bildirilib ki, milyonlarla insanın ölümünə, şəhər və kəndlərin dağılmasına, böyük iqtisadi tənəzzülə səbəb olan İkinci Dünya müharibəsində 1181 Culfa rayon sakini ön cəbhəyə yollanıbdır. Bu gün bütün Azərbaycanda olduğu kimi, muxtar respublikamızda da müharibə veteranları daim diqqət mərkəzində saxlanılır. Bunun ifadəsidir ki, culfalı müharibə veteranları da mənzillər, fərdi nəqliyyat vasitələri ilə təmin edilir, sanatoriya-kurort müalicəsinə göndərilir.     
    Alman faşizmi üzərində Qələbənin 77-ci ildönümü Kəngərli rayonunda da qeyd olunub. Mayın 9-da rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri Qıvraq qəsəbəsində 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Bu müharibədə muxtar respublikamızın hər yerindən olduğu kimi, Kəngərli rayonunun qəhrəman oğulları da mərdliklə vuruşublar. Hazırda rayonda 1 İkinci Dünya müharibəsi veteranı, bu müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin 13 dul arvadı, 6 arxa cəbhə veteranı yaşayır.
    Xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsini özündə əks etdirən və 44 gün ərzində tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində Kəngərli rayonundan olanlar əsl qəhrəmanlıq göstərərək adlarını tariximizin yaddaşına əbədilik yazıblar. Bu azadlıq mücadiləsində rayondan 24 nəfər şəhidlik zirvəsinə ucalıb, 96 nəfər isə sağlamlığını itirərək qazi kimi evlərinə qayıdıb. Bu gün Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın ailələri və qazilərimiz dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə ediliblər.
    Alman faşizmi üzərində qazanılan tarixi Qələbənin 77-ci ildönümü münasibətilə Şahbuz rayonunda da tədbir keçirilib. Rayonun idarə, müəssisə və təşkilat nümayəndələri 1941-1945-ci illər müharibəsində iştirak edən qəhrəman oğulların xatirəsinə yaradılmış “Ana” abidə kompleksinin önünə tər qərənfillər düzüblər. O odlu-alovlu illərdə fədakarlıq göstərən azərbaycanlılardan ibarət təşkil edilmiş 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Belqrad” və 77-ci “Simferopol” diviziyaları şərəfli döyüş yolu keçən soydaşlarımızın, təxminən, yarısı ağır döyüşlərdə qəhrəmancasına həlak olub. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstan və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik göstəriblər. Bu da qürurvericidir ki, 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçib, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranların sırasında olub.
     1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçən oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini Azərbaycan xalqı heç vaxt unutmayacaqdır. Bugünkü və gələcək nəsil üçün nümunə olan həmin qəhrəmanların şərəfli ömür yolu sonrakı nəsillər üçün də bir məktəbdir.
    1941-1945-ci illər müharibəsində Sədərək kəndindən 408 nəfər iştirak edib. Onların 207 nəfəri qəhrəmancasına həlak olub. Qələbənin 77-ci ildönümü münasibətilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları Sədərək Rayon Mədəniyyət Sarayının foyesində təşkil edilən anım lövhəsinin qarşısına gül dəstələri qoyublar. 
    İkinci Dünya müharibəsində sədərəklilərin göstərdikləri igidlikləri onların övladları Azərbaycanın haqq savaşında bir daha təkrarladı. 44 gün davam edən Vətən müharibəsində dastan yazan 8 sədərəkli gənc həmin döyüşlərdə atalardan oğullara qalan qəhrəmanlığı, mübarizliyi, Vətən təəssübkeşliyini bir daha nümayiş etdirdi. Onlardan dördü torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəldi. 
    Tədbirlər icra hakimiyyəti başçılarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və müharibə veteranlarının iştirakı ilə çay süfrəsi arxasında təşkil edilən konsert proqramı ilə davam edib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 09.05.2022 19:51