AZ EN RU

FAO-nun Azərbaycandakı ofisinin Naxçıvan bölməsi fəaliyyətə başlayıb

    Bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə məlumat verilib.  
    Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. Səfərin ikinci günündə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tədbir keçirilib, kənd təsərrüfatı sahəsində həyata keçiriləcək layihələrin müzakirəsi aparılıb.
    Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova cari ildə muxtar respublikada aqrar sahədə aparılan islahatları diqqətə çatdırıb.
    FAO-nun fəaliyyəti barədə məlumat verən nazir müavini qeyd edib ki, bu təşkilat əvvəlki dövrlərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra layihələr həyata keçirib və böyük uğurlar əldə edilib. Layihələrin nəticəsi olaraq fermerlərin, ailə təsərrüfatçılarının, o cümlədən dövlət qurumlarında çalışan kadrların potensialı artırılıb, idxal və ixrac məsələlərində mühüm yeniliklər əldə olunub, laboratoriya sistemi gücləndirilib. 
    Qeyd olunub ki, bu istiqamətdə görülən işlərin Naxçıvanda da həyata keçirilməsi üçün  artıq FAO-nun Azərbaycandakı ofisinin Naxçıvan bölməsi fəaliyyətə başlayıb. İlkin mərhələdə dövlət qurumları ilə yanaşı, kənd təsərrüfatı istehsalçılarının da aqrar sahəyə baxışı müzakirə edilərək sorğu aparılacaq. Sorğuların nəticəsi olaraq qiymətləndirmə aparılıb, müvafiq addımlar atılacaq. Məqsəd isə Naxçıvanın ekoloji təmizliyini qoruyub saxlamaq, torpaqların çirklənməsinin qarşısını almaq, həmçinin əkinçilik və heyvandarlıq sahəsində yeni metodların tətbiqi məqsədilə mütərəqqi suvarma sistemlərinin və digər intensiv vasitələrin Naxçıvan Muxtar Respublikasına gətirilməsidir. İqlim dəyişikliyi iqlimə uyğun xarakterik, quraqlığadavamlı bitkilərin Naxçıvana gətirilməsini və bu sahədə inkişafın əldə olunmasını zəruri edir. Ona görə də gələcəkdə Naxçıvanda  ixtisaslaşma aparılaraq, iqlimə uyğun bitkilərin əkini də həyata keçiriləcək. 
    “Hədəfimiz FAO ilə birgə təkcə bir sahə deyil, ümumilikdə, kənd təsərrüfatının inkişafı və bu istiqamətdə görüləcək tədbirlər çərçivəsində Naxçıvanda orqanik məhsul yetişdiriciliyi üzrə layihələrin həyata keçirilməsidir”, – deyən Xəyalə Dadaşova “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda orqanik məhsulların istehsalının artırılması, eləcə də brendləşdirilməsinin qarşıya hədəf kimi qoyulduğunu diqqətə çatdırıb. 
    Bildirilib ki, FAO-nun bütün dünya ölkələrində olan təcrübəsinin nəticəsi Naxçıvana da öz töhfəsini verəcək. 
    Sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aqrar məsələlər və ekologiya şöbəsinin müdiri Mübariz Bayramovun, FAO-nun Türkiyədəki  nümayəndəsi Sumiter Brocanın, FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbərinin müavini Bariz Mehdiyevin və digərlərinin çıxışları dinlənilib. FAO-nun fəaliyyət istiqamətləri, o cümlədən Naxçıvanda aqrar sahədə görüləcək işlər diqqətə çatdırılıb, fikir mübadiləsi aparılıb.

 Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.10.2023 19:35