AZ EN RU

FAO Naxçıvanın kənd təsərrüfatı sahəsində yeni layihələr üzərində işləyir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Nümayəndəliyi Azərbaycan hökuməti ilə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. Bu təşkilat 1990-cı illərdən Azərbaycanda fəaliyyətə başlayıb. Ötən ildən etibarən isə nümayəndəlik ilk BMT qurumu kimi Naxçıvanda öz ofisini açıb.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Nümayəndəliyinin əməkdaşı Namiq Məmmədov söyləyib.

O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə irəli sürülən bu təşəbbüsün əsas məqsədi FAO Azərbaycan Nümayəndəliyi olaraq hökumətlə birlikdə, eyni zamanda xarici, yerli donorlar vasitəsilə Naxçıvanda kənd təsərrüfatının, qida təhlükəsizliyinin, ekoloji problemlərin həlli ilə əlaqədar birgə layihələr hazırlayıb təqdim etməkdir. Artıq keçən ildən başlayaraq FAO-nun dəstəyi, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Naxçıvanın kənd təsərrüfatı sahəsində potensialı araşdırılır, problemlər, mövcud perspektivlər və reallaşdırılacaq layihələrin konsepti hazırlanmaqdadır. Bu məqsədlə missiya təşkil olunub,  Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu istiqamətdə araşdırmalar aparılır.

İlkin nəticə olaraq onu qeyd etmək istərdim ki, artıq bir neçə istiqamət müəyyənləşib, hansı ki, o istiqamətlərdə biz layihələrimizin hazırlanmasını planlaşdırırıq. Bunlardan birincisi “Orqanik Naxçıvan” layihəsinə dəstək verməkdir. Burada əsas məsələ həm mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də standartların tətbiqi, kadrların hazırlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir. Eyni zamanda beynəlxalq təcrübənin araşdırılması və təcrübə sayəsində Naxçıvanda bu sahənin inkişafına köməklik göstərmək də nəzərdə tutulub. Digər layihələr isə heyvandarlıq və bitkiçilik sahələrini əhatə edəcək. İlin sonunadək yerli və xarici donorlarla layihələrin seçimi, maliyyələşdirilməsi barədə məsləhətləşmələr aparıldıqdan sonra konkret məzmunu, büdcəsi, iş planı təsdiqlənib hökumətə təqdim olunacaq. Hesab edirəm ki, növbəti ildən artıq həmin layihələrin icrasına başlanılacaq”-deyə Namiq Məmmədov əlavə edib.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 14.03.2024 11:38