AZ EN RU

FAO Naxçıvanda!

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat və onun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. İşgüzar səfər çərçivəsində açılış tədbiri keçirilib. 
    Tədbirdə FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat çıxış edib. Çıxışda qeyd olunub ki,  Azərbaycan FAO-nun ən önəmli tərəfdaşlarından biridir və bu əməkdaşlığı inkişaf etdirmək istiqamətində çox səmərəli işlər görülür. Kənd təsərrüfatı məhsulları istehsalı baxımından Azərbaycanın ən cəlbedici bölgələrindən biri olan Naxçıvan Muxtar Respublikasını xüsusilə qeyd etmək lazımdır. FAO Azərbaycan ofisi muxtar respublikada kənd təsərrüfatı korperativlərinin yaradılmasında, gənc və qadın fermerlərin təşəbbüslərinin dəstəklənməsi məqsədilə burada bir sıra layihələr həyata keçirməyi planlaşdırır, bu layihələrin digər regionlarımızda keçirilən layihələr kimi uğurlu olacağı gözlənilir. 
    Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyevin qonaqlara Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin salamlarını çatdırıb və onları Naxçıvanda görməkdən böyük məmnunluq duyduğunu bildirib. Qeyd olunub ki, FAO böyük təşkilatdır. Onun dünyada, həmçinin Azərbaycanda həyata keçirdiyi layihələr hər zaman uğurla nəticələnib. FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir. 
    Diqqətə çatdırılıb ki, bu gün Naxçıvanda kənd təsərrüfatı sahəsində bir sıra layihlərin həyata keçirilməsinə ehtiyac var. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqata əsaslanan yeniliklərdən bəhrələnməyə, bu gün Naxçıvan fermerlərinin torpaq sahibkarlarının və digər sahibkarlıq subyektlərinin FAO-nun dəstəyinə ehtiyacı var. Heç şübhəsiz ki, FAO-nun Naxçıvanda fəaliyyəti kənd təsərrüfatının inkişafına uğur gətirəcək, bu sahədə mühüm yeniliklərə nail olunacaq.
    Naxçıvan Muxtar Respublikası  kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova çıxışında qeyd edib ki, FAO BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır. Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycan Respublikasında artıq bir neçə layihə həyata keçirib. Həmin layihələr çərçivəsində xüsusilə kənd təsərrüfatının inkişafında uğurlu nəticələr əldə olunub. FAO-nun Naxçıvan Muxtar Respublikasında həyata keçirəcəyi layihə kənd təsərrüfatının inkişafında həm fermerlərin, həm kadrların yetişməsində, o cümlədən bitkiçilik və heyvandarlıq sahəsində uğurlar əldə olunacaq. 
    Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəsinin müavini Bariz Mehdiyevin də çıxışı olub. Bildirilib ki, FAO-nun Naxçıvanda həyata keçirəcəyi layihələrin icrası burada ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsuldarlığını artıracaq və bazara çıxışını asanlaşdıracaq.
    Tədbirdən sonra FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat “Şərq qapısı” qəzetinə müsahibə verib: – Əvvəlcə məlumat vermək istəyirəm ki, Azərbaycanın ən gözəl bölgələrindən biri olan Naxçıvanda olmaqdan böyük məmnunluq hissi keçirirəm. Məni Naxçıvana gətirən əsas məqsəd Azərbaycanın bu gözəl bölgəsində kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi töhfə verməkdir. Burada olmaq bizim üçün ona görə vacibdir ki, Naxçıvandakı ehtiyacları daha yaxşı başa düşək, həmçinin kənd təsərrüfatı sahəsindəki proseslərlə yaxından tanış olaq. Naxçıvanın sosial-iqtisadi strategiyasına uyğun ayaqlaşaq. Biz buraya gələndə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri vəzifələrini icra edən Xəyalə Dadaşova ilə görüşdük. Həmçinin sabah Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşməyi planlaşdırırıq. Bizim buraya səfərimizin əsas məqsədlərindən biri də odur ki,  biz burada şəhərətrafı və kənd yerlərindəki icmaları ziyarət edək, onlarla görüşüb, onların kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı nə düşündüklərini öyrənək. Ümid edirik ki, fermerləri və kənd yerlərindəki icmaları dəstəkləməklə onlara lazım olduğu ehtiyaclarında yaxından köməklik göstərəcəyik. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 30.10.2023 17:57