AZ EN RU

“Ezop” Babək Rayon Xalq Teatrının səhnəsində

Noyabrın 3-də Babək Rayon Xalq Teatrı Braziliya yazıçısı və dramaturqu Gilyermo Feqeyredonun “Ezop” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdirib.

Tamaşa Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov, Nazirlik əməkdaşları və rayon ictimaiyyəti tərəfindən izlənilib.

Faciəli komediya janrında olan səhnə əsərinə Prezident mükafatçısı Yusif Əliyev quruluş verib. Tamaşada Ələkbər İsmayılov, Səbinə Musayeva, İlman İbrahimov, Günay Mustafayeva  və digər aktyorlar rol alıb. Yaradıcı heyətində daha çox gənclərin üstünlük təşkil etdiyi tamaşanın musiqi tərtibatçısı Babək Rayon Mədəniyyət İdarəsinin  müdiri Fətəli Axundzadədir.

Dünya, eləcə də Azərbaycan teatrlarında dəfələrlə səhnə həllini tapan əsərdə Ezopun qul həyatından, azadlıq eşqindən bəhs olunur. Həyatın bütün gerçəkliyini  ibrətəmiz  təmsillərin dili ilə çatdırmağa çalışan ağıllı, vicdanlı hazırcavab Ezopun tək bir istəyi var: Azad olmaq,azad yaşamaq. O dünya üzərində elə bir yer axtarır ki, orada köləlik, qorxu olmasın.

Xalq Teatrının istedadlı aktyorlarının uğurlu təqdimatı alqışlarla qarşılandı.

Qeyd edək ki, 2009-cu ildən fəaliyyət göstərən Babək Rayon Xalq Teatrı bu günə qədər dünya və ölkə ədəbiyyatından 20-dən artıq əsərə müraciət edib.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.11.2023 09:12