AZ EN RU

Əzm, iradə və zərifliyin nəticəsi bədii gimnastika

    Ölkəmizin, eləcə də muxtar respublikamızın bir sıra sahələrində olduğu kimi, idman infrastrukturunun da günün tələbləri səviyyəsində qurulması inkişafı və müasirləşməni şərtləndirən başlıca amillərdən biridir. Müstəqilliyimiz dövründə idman da öz uğurları ilə Vətənimizə, bu sahədə fəallıq göstərən gənclərimizə başucalığı gətirdi. Bu gün də respublikamızda idmanın inkişafına geniş prizmadan yanaşma, o cümlədən həyata keçirilən uğurlu dövlət siyasəti öz bəhrəsini verir. Ölkədə fəaliyyət göstərən idman qurumları – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, eləcə də Azərbaycan Gimnastika Federasiyası vahid siyasət çərçivəsində, düzgün ideya ətrafında belə söyləmək mümkündürsə, ümumi mənafeyə xidmət edirlər. Və bütün bu yeniliklərin nəticəsidir ki, Azərbaycan dünya birliyində idman dövləti kimi də tanınır.

İdman bədii gimnastikadan 
başlayır…

Respublikamızda idman və olimpiya hərəkatının inkişafını daim diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənc nəslin idmana cəlb edilməsinin vacibliyini dəfələrlə vurğulayıb: “İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. Mən Milli Olimpiya Komitəsinin prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğulolma prosesi kütləvi xarakter alsın. Artıq kütləvilik artır, ancaq istənilən səviyyədə deyildir. Hər bir vətəndaş, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Çünki, ilk növbədə, idman sağlamlıq, sağlam həyat tərzi deməkdir”.
    Müasir psixologiya elmi də təsdiq edir ki, insanın fiziki sağlamlığının əsasında məhz gimnastik hərəkətlər durur. Gimnastika bədənə çeviklik, güc və gözəllik verir, insana nəciblik hissləri aşılayır. Təsadüfi deyildir ki, qədim yunanlar idmanın bu növündən xüsusilə hərbçilərin yetişdirilməsində istifadə edirdilər. O cümlədən, olimpiya idman növlərindən biri olan gimnastika çox çətin və əzmkarlıq tələb edən sahədir.
     Mütəxəssislərin yanaşmasına görə, gimnastika ilə məşğul olduqdan sonra digər idman növlərində məşq etmək olduqca asandır. Nəzərə çatdıraq ki, son illər bu idman növü ölkəmizdə kütləvi xarakter alıb. Bunu paytaxt Bakıda, eləcə də, bölgələrdə fəaliyyət göstərən gimnastika bölmələrinə gələnlərin sayının artması da sübut edir. İstər adıçəkilən idman növünün inkişafı, istərsə də bu sahədə beynəlxalq yarışların keçirilməsi istiqamətində əldə olunan (ilkin) uğurlar onu göstərir ki, muxtar respublikamızda idman siyasəti günün tələbləri səviyyəsində qurulmaqdadır. 

 Muxtar respublikada bədii gimnastika 
inkişaf edir

Bu gün muxtar respublikamızda idman siyasətinin düzgün müəyyənləşdirilməsi bu sahənin bir çox növləri kimi, bədii gimnastikanın da inkişafına böyük töhfə verir. Hər il gənclərimizin bədii gimnastikaya olan marağı daha da artır və peşəkar idmançılar ölkəmizi uğurla təmsil edirlər. Gənclərimiz yaxşı bilirlər ki, gimnastika idman növü onların fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. Hətta peşəkar idmançıların “idman gimnastikadan başlayır” fikri də söylədiklərimizi təsdiq edir. 
    Muxtar respublikada bədii gimnastikanın təşəkkül və inkişaf tarixi, əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində 2014-cü ildə fəaliyyətə başlamış bölmə, sonra isə onun əsasında yaradılmış “Xatun” Bədii Gimnastika İdman Klubu ilə bağlıdır. İlk vaxtlarda Humay Qafarovanın məşqçilik etdiyi kiçik qruplar vasitəsilə azyaşlı bədii gimnastlar formalaşmağa başlayıb. Nazirlik vasitəsilə bədii gimnastika sahəsində dövlətimiz tərəfindən dəstək xarakterli işlər görülüb, bu sahədə texniki təchizat gücləndirilib, məşq üçün ayrıca zal ayrılıb. 2020-ci ildə indiki Naxçıvan Atletika Federasiyası yaradıldıqdan sonra sözügedən klub federasiyanın tərkibinə daxil edilib. Sonra da federasiyanın ümumi bölməsi kimi bu sahədə fəaliyyətini davam etdirməyə başlayıb.
    Qeyd etmək yerinə düşər ki, bu gün muxtar respublikamızda yetişməkdə olan gənc nəslin, şagirdlərin təhsili ilə yanaşı, onların sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Görülən işlərin nəticəsidir ki, qədim yurd yerimizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində futbol, minifutbol meydançaları, iki yüzdən çox idman zalı və açıq idman qurğuları, şahmat sinifləri mövcuddur. Həmçinin təhsil müəssisələrində 100-dən çox idman klubu yaradılıb. Bunlardan 29-u atletika, 2-si ağır atletika, 7-si isə bədii gimnastika klubudur. Hazırda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının tərkibində fəaliyyət göstərən bədii gimnastika bölməsinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Qızlar Liseyi, Naxçıvan Dövlət Texniki Kolleci, Naxçıvan şəhər, Şərur və Ordubad rayonlarının uşaqgənclər idman məktəblərində ona yaxın qrupu yaradılıb. Bu qruplarda 200-ə yaxın uşaq gimnastikanın sirlərinə yiyələnir. 

Bədii gimnastika
 bir çox uğurlarla yadda qaldı…

Atletika Federasiyasının nəzdində bölmə və qruplar şəklində fəaliyyəti tənzimlənən bədii gimnastikanın muxtar respublikada inkişafı, kütləvi hal alması üçün xeyli işlər görülüb. İlk olaraq federasiya kadr çatışmazlığını aradan qaldırmaq, peşəkar məşqçi-müəllimlər hazırlamaq üçün 2021-ci ilin may ayında məşqçilər üçün praktiki seminar təşkil edib. 15 məşqçi-müəllimin sertifikat aldığı seminar bədii gimnastikanın diyarımızda inkişafına ciddi şəkildə təkan verib. 2022-ci ilin yanvar ayında federasiyanın baş məşqçisi, idman ustası Humay Qafarovanın Azərbaycan Gimnastika Federasiyasının məşqçilər üçün Bakı şəhərində təşkil etdiyi seminarda iştirakını təmin etməklə kadr hazırlığına nə qədər önəm verdiyini bir daha göstərmiş olub. Bu mənada, Azərbaycan Gimnastika Federasiyasının təşəbbüskarlığı və dəstəyi də xüsusi vurğulanmalıdır. Federasiya tərəfindən bütün regionların məşqçi və idmançılarını əhatə edən təlim-məşq toplanışlarının təşkili davamlı xarakter alıb.
    Ümumiyyətlə, ötən ili Atletika Federasiyası üçün uğurlu hesab etmək olar. Aprel ayında Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ilk dəfə olaraq muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin gimnastika dərnəyi üzvlərinin bədii gimnastika üzrə nümunəvi çıxışları təşkil edilib. Tədbirdə iştirak edən gimnastlar və onların məşqçi-müəllimləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Bu müddət ərzində federasiyanın baş məşqçisi, idman ustası Humay Qafarova Azərbaycan milli komandasının heyətində İsveçrənin Nevşatel şəhərində keçirilən “European Gym For Life Challange” və “EUROGYM 2022” festivallarında iştirak edib və ikinci olub. İyul ayında Azərbaycan Gimnastika Federasiyasının məşqçi-müəllimi Züleyxa İsmayılova və xoreoqraf Sənan Məmmədli tərəfindən keçirilən bədii gimnastika və xoreoqrafiya kurslarında iştirak edən 14 məşqçi-müəllim sertifikatla təltif olunub. Sentyabr ayında isə Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilib. Burada ölkənin 23 komandasının tərkibində 200-dək idmançı mübarizə aparıb. Festivalda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii gimnastika bölməsinin üzvləri də iştirak ediblər. Bir məşqçi və 7 idmançı ilə təmsil olunan komandamız adını qaliblər sırasına yazdırıb. Son olaraq onu da qeyd edək ki, Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirinin keçirilməsi muxtar respublikamızda adıçəkilən idman növünün daha da inkişaf etməsinə, ölkəmizin tanıdılmasına və kütləviliyin artmasına zəmin yaradıb. Yeri gəlmişkən bu turnirdə iki idmançı mükafatçılar sırasına düşüb. Elə ölkə başçısı cənab İlham Əliyevin də söylədiyi kimi: “İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə, son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir”.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 16.02.2024 21:24