AZ EN RU

Əziz Zəngəzurumuz, Qarabağımız, Naxçıvanımız, yolunuz, yolumuz açıq olsun! Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda (Zəngəzur dəhlizi) aparılan tikinti işlərindən reportaj

    Başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürən, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə yerində tanış olmaq, müsahibə, reportaj hazırlamaq üçün ölkənin bir sıra media orqanlarının nümayəndələri ilə birgə səfərimiz unudulmaz anlarla yadda qalır, miskinlik libasını üzərindən yavaş-yavaş çıxararaq füsunkar don geyinən şəhər-kəndlərimizdə qarşılaşdığımız mənzərələr vətənpərvər hisslərlə kökləyir, munis düşüncələrə qərq edir məni: Ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk illər, I Qarabağ müharibəsi şahidlərinin söhbətləri, Azərbaycan Milli Ordusunun 1994-cü ildə keçirdiyi Horadiz əməliyyatı barədə tarixi faktlar, o dövrə aid mənbələrdən oxuduqlarım, öyrəndiklərim, 44 günlük Vətən müharibəsi zamanı igid oğulların yazdığı qəhrəmanlıq salnamələri, siyasi  iradəsi, qətiyyəti ilə xalqımızın 30 illik müqəddəs arzusunu, istəyini reallaşdıran, ədaləti bərqərar edən qalib ölkə rəhbəri cənab İlham Əliyevin xalqa müraciətləri, 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən avtomobil yolunun təməlqoyma mərasimi, azad olunan torpaqlarımızda görülən quruculuq, abadlıq işləri, bərpa olunan abidələr, adət-ənənələr canlanır yaddaşımda...  

 Hər qarışından əcdadlarımızın yaşayıb-yaratmaq həvəsi duyulan, tariximizin, milliliyimizin istinad nöqtələrini, dağı, daşı, qayası kimliyimizdən, mənliyimizdən söhbət açan yurd yerlərimizi – Füzulini-Cəbrayılı, Zəngilanı seyr etdikcə mənfur düşmənimizin 30 il ərzində həyata keçirdiyi tarixi saxtalaşdırmaq ənənəsi, vandalizm hərəkətləri gözlərimizi hədəqədən çıxarır, qəlbimizi vəhşətə gətirir: tanınmaz hala salınan tarixi Mincivan oteli, mundarlanan məscidlər, dağıdılan, daşları, dam örtükləri talan edilən yaşayış binaları, fərdi evlər, təsərrüfatlar, qəbiristanlıqlar... Xalqımızın keçmişini, mədəni, mənəvi, maddi irsini məhv etmək xülyası ilə çırpınan düşmən təfəkkürünün cılızlığını göstərən bu mənzərələr az sonra öz yerini qürur dolu, fəxarət gətirən görüntülərə verir. Növbəti dəfə öz soydaşlarını qoynuna alan, müasirləşən, “Ağıllı kənd”ə çevrilən Ağalı kəndi, Zəngilan Beynəlxalq Hava Limanı, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi, əkin dövriyyəsinə qatılan hektarlarla torpaqlar, ərazidə işləyən texnikalar ölkə başçısının gerçəkləşən “...Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar...” mesajını verir, siyasi iradəsinin, qətiyyətinin dönməzliyini göstərir, xalqın öz torpağına sahib çıxmaq nümunəsini bəyan edir dünyaya...
    Cəbrayılda ayaq saxlayıb qurulan yeni avtomobil yolunda görülən tikinti işləri ilə maraqlanırıq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli suallarımıza aydınlıq gətirərək bildirir ki, hazırda inşası sürətlə gedən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) ilk 77,5 kilometrlik hissəsi 6, qalan 46,1 kilometrlik hissəsi isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edir. Layihə üzrə işlərin ümumi yerinə yetirilməsi 73 faizdir: 265 dairəvi borudan 202-si artıq tikilib, 32-də işlər davam edir; 41 düzbucaqlı borudan 26-sı tikilib, 4-də işlər davam edir; 55 alt keçidin 44-ü tikilib, 2-də işlər davam edir; 27 körpünün 12-si tikilib, 12-də isə hazırda tikinti-quraşdırma işləri davam etdirilir.
    Öyrənirik ki, hazırda yolboyu layihəyə uyğun ümumi uzunluğu 6 kilometr təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Ortalama uzunluğu 1020 metr təşkil edən T1 tuneli və ortalama uzunluğu 1822 metr olan T2 tuneli üzrə artıq qazma, həmçinin beton püskürtmə və kəmər beton işləri tam yekunlaşıb. Ortalama uzunluğu 3170 metr olan T3 tunelinin sol istiqaməti üzrə qazma, eləcə də beton püskürtmə və kəmər beton işləri yekunlaşıb, sağ istiqaməti üzrə isə qeyd olunan işlər yekunlaşmaq üzrədir. Layihə üzrə 123,6 kilometrlik yolun 70,2 kilometrlik hissəsində torpaq yatağı inşa olunub. Hazırda yatağın tikintisi yekunlaşmış hissə boyu yol əsası inşa edilir, asfaltlanma işləri görülür. Belə ki, ortalama 48 kilometrlik hissədə hamarlayıcı lay, 38 kilometrlik hissədə əsasın alt layı, 36 kilometrlik hissədə isə əsasın üst layı inşa edilib. Yolun 35 kilometrlik ərazisində isə müəyyən hissələr üzrə asfalt-beton örtüyünün alt və üst layı döşənib. Qeyd olunan işlər üzrə digər hissələrdə tikinti işləri davam edir. “İnşaat norma və qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəhbərliyinin nəzarəti altında həyata keçirilən tikinti işlərinin əsas hissəsinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.
    Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
    Yolun Cəbrayıldan keçən hissəsində görülən işlərlə tanışlıq zamanı qeyri-ixtiyarı Ali Baş Komandanımızın xalqımızın dilindən düşməyən “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol?” ironiyalı sözlərini xatırlayaraq düşünürəm ki, doğrudan da acı həqiqət şirin yalandan yaxşıdır fikri əbəs yerə yaranmayıb. Mütləq gərək ki, verdiyin vədlə, dediyin sözlə əməlin üst-üstə düşsün, irəli sürdüyün fikir, mülahizə ilə gerçəklik, reallıq uzlaşsın. Ələlxüsus da sən xalqının, millətinin mövqeyini nümayiş etdirən, onun adından qərar verən rəhbərsənsə... Bəli, 44 günlük Vətən müharibəsində, eləcə də sonrakı danışıqlar prosesindəki bir ölkə liderinə yaraşmayan yersiz davranışları, gerçəkləşmək ehtimalı sıfır səviyyəsində olan böyük sözlərlə düşüncə baxımından heç də sələflərindən geri qalmadığını, özünün siyasət meydanındakı yerini-kiçikliyini göstərdi Paşinyan. Reallıq odur ki, qeyri-konstruktiv mövqeyindən əl çəkməyəcəyi, xüsusilə də qalib ölkənin Prezidentinin Münxendə həm Zəngəzurda, həm də Laçında nəzarət-buraxılış məntəqələrinin yerləşdirilməsi ilə bağlı səsləndirdiyi humanist təklifə razılıq verməyəcəyi, sülh şərtlərinə əməl etməyəcəyi təqdirdə erməni toplumunun rəhbərinin özü deyil, gözü hələ çox yol çəkəcək. Harayına, imdadına yetişə bilməyən “dostlarının”, sıfırın altına düşən imicinin yolunu... Yaxın tarixdə baş verən siyasi hadisələr göstərdi ki, vaxtından əvvəl lovğalanıb özünü gülünc hədəfinə çevirən erməni baş nazirindən fərqli olaraq ulu öndərin layiqli varisi, praqmatik düşüncəyə malik Azərbaycan Prezidenti cənab İlham Əliyev öz təmkinini qoruyaraq xalqın sözünü deyən, fikrini yeridən, diktə etdirən əsl lider kimi nüfuzunu ortaya qoymağı, az vədlə çox iş görməyi bacardı. Elə 2023-cü il yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində də dediyi kimi: “Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam...”  Müasir standartlara uyğun qurulan, Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsinə çevrilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda aparılan işlərlə əyani tanışlığımızdan belə nəticəyə gəlirik ki, Azərbaycan Ordusunun gücü, cənab Prezidentimizin siyasi qətiyyəti erməni rəhbərinin şirin yalanının, boş vədlərinin üstündən birdəfəlik xətt çəkməklə onu geri dönüşü olmayan acı həqiqətlə üz-üzə qoyub və dövlət başçısının dediyi kimi: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.
    Ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər ərazisinin quru yol əlaqəsini təmin edəcək, böyük güclərin xüsusi maraq mərkəzində olan, Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayacaq, beynəlxalq yük-sərnişin daşımalarında əvəzsiz rol oynayacaq Zəngəzur dəhlizi barədə səsləndirdiyi bu qətiyyətli fikirləri ilə yeni salınan tunellərdən keçərək Zəngilanla Ordubadı birləşdirəcək yolun ən yaxın məsafəsinə, 34 kilometrlik hissəsinə yaxınlaşırıq. Məğrur Azərbaycan əsgərinin düşmənlə təmasda keşik çəkdiyi qarşıdakı dağlara baxa-baxa köksümdən bir səs ucalır: Tezliklə avtomobilə əyləşib Ordubaddan uzanan bax bu yoldan keçib görüşünə gələcəyik doğma ata-baba yurdumuz, Zəngilanımız, Cəbrayılımız, Şuşamız, Qarabağımız. Hələliksə qəlbimizdə qaynayan böyük arzu, inamla bu nöqtədən “hələlik” deyirik sizə, əziz Zəngəzurumuz, Qarabağımız, Naxçıvanımız yolunuz, yolumuz açıq olsun!

 Nail ƏSGƏROV

Naxçıvan-Füzuli-Cəbrayıl-

Zəngilan-Naxçıvan

Nəşr edilib : 06.03.2023 15:53