AZ EN RU

“Əziz şuşalılar, Şuşaya xoş gəlmisiniz”

Prezident İlham Əliyev: “Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”.

Vətən doğulduğun, böyüdüyün, havasını aldığın, suyundan içdiyin torpaqdır. Onun ətrini bir dəfə duyduğunda bir də heç vaxt unuda bilmirsən. Məhz elə Qarabağ torpaqlarından bir zamanlar didərgin, məcburi köçkün düşmüş insanlar kimi. Onlar da unutmadılar. Və artıq öz doğma yurdlarına, el-obalarına qayıdıblar. O cənnət torpaqlarda əbədi yaşamaq üçün...
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri növbəti dəfə dünyanın diqqətini cəlb etdi. Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasiminin keçirilməsi, Şuşaya ilk sakinlərin qayıdışı, Laçın rayonunun Sus kəndində sakinlərin məskunlaşması əlamətdar hadisələr idi. 
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə ağır problemlərdən hesab edilən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə diqqət göstərmiş, onların qayğısına qalmışdır. Ulu Öndər hər dəfə məcburi köçkünlərlə görüşdə onlara bir gün doğma yurdlarına qayıdacaqlarını söyləmiş, bugünkü günə böyük ümid, ruh yüksəkliyi yaratmışdır. Görkəmli dövlət xadimi 1996-cı il mayın 6-da Şuşa və Laçın rayonları sakinlərinin bir qrupu ilə görüşdə demişdir: “Bu dərdi biz hamımız çəkirik. Ancaq bilirəm ki, şuşalılar, laçınlılar daha çox dərd, qəm içindədirlər. Çünki onlar həm də yerlərindən, yurdlarından didərgin düşdüklərinə görə ağır həyat tərzi keçirirlər. Təəssüf ki, bunlar hamısı həyatımızın reallığıdır. Biz bunlara dözürük, eyni zamanda əminik ki, bütün torpaqlarımız azad ediləcək, о cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar. Buna heç şübhə yoxdur...”
Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu illər ərzində qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasını daim diqqətdə saxlamış, bunun üçün Dövlət proqramları qəbul etmişdir. Bu gün sevincliyik, qürurluyuq ki, ata vəsiyyətinə həmişə sadiq qalan dövlət başçısının qətiyyəti, yenilməz iradəsi, ordumuzun gücü, rəşadəti hesabına torpaqlarımız azaddır. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı uğurla icra edilir. Məhz 32 ildən sonra Şuşa şəhəri öz doğma sakinlərinə qucaq açdı. Bu, Şuşanın dirçəlməsinin, ona yeni həyat verilməsinin ifadəsidir. 
 Ümummilli Lider Heydər Əliyevin doğulduğu gündə – mayın 10-da Prezident cənab İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin, Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyması, Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanışlığı və kəndə köçmüş sakinlərlə görüşü məhz uzun illərdən sonra arzuların, ümidlərin çin olması, həmin gün Şuşada birinci yaşayış kompleksinin açılışı və ilk sakinlərlə görüş isə Şuşaya əsl sahiblərinin, doğma nəfəsin qayıtması demək idi. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Prezident cənab İlham Əliyev Şuşaya ilk köç edən ailələrlə görüşü zamanı dedi ki, burada əbədi yaşamağa gəlmişik və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq. 
Şuşalılar bundan sonra daha torpaq acısı, yurd ağrısı çəkməyəcək, müasir, modern üslubda dizayn olunmuş mənzillərdə rahat, yaxşı yaşayacaq, qurub yaradacaqlar. Sakinlər içərisində şəhid, qazi ailələrinin, Vətən müharibəsi iştirakçılarının olması bir daha onlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bəli, bu gün işğaldan azad edilmiş torpaqlarımıza – Şuşamıza, Laçınımıza qayıtmışıqsa, bunu Ali Baş Komandanımıza, torpaqlarımızı öz canı-qanı bahasına azad edən vətənpərvər oğullara borcluyuq. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “…Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 21.05.2024 09:42