AZ EN RU

Əziz Ələkbərli: Gələn il Türkiyədə Qərbi Azərbaycan İcmasının tədbirləri keçiriləcək

2024-cü ildə Türkiyədə Qərbi Azərbaycan İcmasının tədbirlərinin keçirilməsi planlaşdırılır.

Bu barədə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli məlumat verib.

O deyib: “Qardaş ölkənin bəzi ərazilərində vaxtilə Qərbi Azərbaycandan köç etmiş soydaşlarımız yaşayırlar. Olar da bu prosesə qoşulublar. Həmin soydaşlarımızdan bizə müraciətlər daxil olub. İğdır, Qars, İzmir, Manisada festivallar təşkil edəcəyik. İlk tədbirimizin mart ayında keçirilməsi planlaşdırılır”.

Cari ildə İcmanın gördüyü işlərdən danışan Ə.Ələkbərli bildirib ki, il ərzində Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış ideyası ətrafında birləşməsinə nail olunub. Qeyd edib ki, son 200 ildə Qərbi azərbaycanlıların başına gətirilənlərlə bağlı həqiqətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. “Bunu sübut edən faktlardan biri də budur ki, Qərbi Azərbaycan İcmasının 8 sənədi BMT-nin rəsmi sənədi kimi qəbul olunub. Əsas məqsədimiz qayıdış ideyasının reallaşdırılmasıdır. Bu istiqamətdə təbliğat işlərimiz davam edir. Bu gün Milli Məclisdə sərginin təşkil olunması da təbliğat işlərinin bir hissəsidir”, - deyə İcma sədri diqqətə çatdırıb.

Əziz Ələkbərli təbliğat xarakterli tədbirlərin Qərbi Avropada da keçiriləcəyini diqqətə çatdırıb.

Nəşr edilib : 26.12.2023 11:25