AZ EN RU

Əynini qalın geyin, çöldə tufan var!

Uca Tanrı insanoğlunu elə yaradıb ki, o həmişə təbiətlə iç-içə, baş-başa olmağı sevir. Kimi qışda qarına, boranına, yazda oyanan torpağına, bol-bərəkətli yay günlərinə, kimi də təbiətin romantikasına - payızına elə sıx tellərlə bağlıdır ki...

Tarixi 5 min ili haqlayan Naxçıvan dünəndən etibarən yenə də bəyaza bülənib və bu gün göyün yerə bəyaz sevgi elanından zövq almağın əsl vaxtıdır. Gecədən çoxları isti mənzillərindən çıxıb üz tutur şəhərin küçələrinə: bir neçə vaxtdır həsrət qaldığımız qarın ləzzətini, soyuğun təbiiliyini hiss etmək üçün. İnsan belədir də, bəzən tək-tənha qalmağı, öz-özünə mühakimə aparmağı, hətta özü ilə dərdləşməyi vacib bilir. Hələ də ki, çöldə aramsız qar yağırsa... Bəyazı, paklığı, ruzi-bərəkəti simvolizə edən qarı deyirəm. Bu tənhalıqda qollarını geniş açıb baxışlarını sonsuz səmaya dikir və dərindən nəfə alırsan: lopa-lopa qar altınndakı itən uşaqlığını axtarırsan, dua, şükür edirsən, qəlbindən keçəni o gözəgörünməz Yaradandan diləyirsən, düşünürsən.

Məsələn, düşünürsən ki, bəzən biz əlimizdəki xoşbəxtliyin dəyərini gec anlayırıq, hətta onu itirdikdən sonra.  Dərk edirsən ki, bizim yaşadıqlarımız bəziləri üçün ən yaxşı halda xəyaldır, xülyadır. İndi biz evimizdə, iş yerimizdə əlimizdə isti kofe pəncərənin önündən sürətlə yerə tələsən bəyaz damcılara baxıb ondan zövq aldığımız halda başqaları müharibədən, aclıqdan əziyyət çəkir... Lap elə biz özümüz. Vaxtilə qışda istilik tapmayan, saatlarla işıq-qaz üzünə həsrət qalan, çörək növbəsində dayanan, ən nəhayət, Xocalı, Başlıbel və bunun kimi neçə-neçə faciəni yaşayan bir nəslin oğul-uşağıyıq. Dünənimizə baxıb indiki gücümüzlə, qüdrətimizlə, evimizdəki nemətlərlə, gələcəkləri ilə bağlı parlaq planlar qurduğumuz xoşbəxt balalarımızla necə öyünməyək?!

Hər şey vaxtında-vədəsində gözəldir. Qış qarı, boranı, şaxtası ilə gözəldir. Əsas odur duyğularımız - dosta, qardaşa, ailəmizə, Vətənimizə, millətimizə bəslədiyimiz sevgimiz hər zaman hənirtisi ilə qəlbimizi isitsin! Ötən gecə qarın eşqi ilə küçəyə üz tutub bu hissləri yaşayanda soyuq səngərlərdə sənin, mənim, onun – bütün Azərbaycanın keşiyini çəkən mərd oğulları xatırlamağı özümə borc bildim. Əziz əsgər, bu sənə bir vaxtlar Sədərək dağlarında düşmənlə sərhəddə o çətin və şərəfli günləri yaşamış birinin arzusudur: “Əynini qalın geyin, çöldə tufan, boran var!”

Muxtar RZAZADƏ

Nəşr edilib : 24.01.2024 09:51