AZ EN RU

Əyləncəli idman oyunları keçirilir

Məktəblilər arasında əyləncəli idman oyunlarının Naxçıvan şəhər birinciliyi keçirilir.

Məktəblilərin yay tətili günlərində asudə vaxtlarını səmərəli təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin, Atletika Federasiyasının birgə  təşkilatçılığı ilə Naxçıvan şəhər məktəblərinin şagirdləri  arasında əyləncəli idman oyunlarının Naxçıvan şəhər birinciliyinə start verilib.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri  olub.

Birincilikdə Heydər Əliyev adına tam orta məktəbdən, Naxçıvan şəhər 5,10,16,17,12 nömrəli məktəblərdən və Qarnizon tam orta məktəbindən ümumilikdə 7 komanda iştirak edir. Əyləncəli idman oyunları “TOPS-1”, “MEQA” və “Cəngavərlər döyüşü”  mərhələlərindən ibarətdir. “TOPS” oyununda komandalardan meydançada olan xokkey çubuğu, basketbol və futbol topları, tennis raketkası, şarı və çuvaldan  istifadə edərək yarışı oyunun qaydalarına uyğun yerinə yetirmək tələb olunur.

“MEQA” oyununda başlıca məqsəd olimpiya simvolu olan 5 müxtəlif rəngli halqaları rəqib komandadan tez yığmaqdır. Hədəfə çatmaq üçün komanda üzvləri “Meqa” adlı maneəni tez və səhvsiz keçməlidirlər. “Cəngavərlər döyüşü” oyununda isə meydanın mərkəzində hava ilə doldurulmuş rinq, rinqin üzərində döşək formalı 2 element yerləşdirilib. Məktəblilərdən  müqaviməti saxlamaq şərti ilə bu döşəklərin üzərlərinə çıxmaqla əlindəki döyüş silahı ilə 2 dəqiqə ərzində idmançı rəqibini maneədən aşırmaq tələb olunur.

Qeyd edək ki, birinciliyə sabah yekun vurulacaq.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 27.07.2023 14:57