AZ EN RU

Əyləncə zövqümüzü həyati təhlükə və cərimələməklə məyusluğu ilə korlamayaq

Ayaz İsmayılov: “Valideynlər bilməlidirlər ki, yollarda skuter sürən uşaqları ciddi təhlükə gözləyir”

    Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi hazırda aktual məsələlərdən biridir. Əhali və avtomobil sayının ildən-ilə artması, şəhər həyat tərzinin geniş yayılması demoqrafik inkişafın göstəricisi sayılsa da, özü ilə bərabər bir çox problemlərin də yaşanmasına şərait yaradır. Burada əsas məsələlərdən biri də, demək olar ki, gündəlik rastlaşdığımız yol-nəqliyyat hadisələridir. Bəs, hazırda muxtar respublikada bununla bağlı ümumi vəziyyət necədir? Suallarımızı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov cavablandırır: 

    – Ayaz müəllim, ilk olaraq, sizdən muxtar respublikada mövcud olan avtomobillərin sayı və son dövrlərdə rast gəlinən yol-nəqliyyat hadisələrinin statistikası haqqında soruşmaq istərdim.
    – Dəvətiniz üçün minnətdaram. Qeyd edim ki, hazırda muxtar respublikada avtomobillərin mövcud sayı, təxminən, 50 minə yaxındır. Baş verən qəzalara gəldikdə isə deyə bilərəm ki, bu ilin ilk 9 ayı ərzində muxtar respublikada ölüm və xəsarətlə nəticələnən 56 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə, 24 nəfər həyatını itirib, 61 nəfər xəsarət alıb. Piyadalarla bağlı 18 hadisə baş verib, bu hadisələrdə 3 nəfər dünyasını dəyişib, 17 nəfər isə müxtəlif dərəcələrdə bədən xəsarəti alıb. Baş verən qəzaların səbəblərinə gəldikdə, ən çox nəqliyyat vasitələrinin yanlış ötmə və manevr qaydalarını pozmasını qeyd etmək olar. Bunun ardınca piyadaların nizamlanmayan piyada keçidlərindən düzgün istifadə etməməsi və yaxud bu cür yollarda piyadaya yol verilməməsidir. Sonrakı səbəb avtomobillərin hərəkət sürəti və ara məsafəsidir. Bu, əsasən, şəhər daxilində daha çox rast gəlinən hərəkətlərdir. Digər səbəblərə gəldikdə isə burada mobil telefonlardan istifadəni və sairi göstərə bilərik. 
    – Hazırda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı hansı tədbirlər görülür? 
    – Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tərəfimizdən bir sıra addımlar atılır. Bir müddət bundan əvvəl Naxçıvan şəhərində yolun nişanlanma xətləri yeniləndi. Nizamlanan və nizamlanmayan piyada keçidləri yenilənərək daha aydın fərq edilməsi təmin edildi. Hazırda da Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə yollarda monitorinqlər aparılır. Monitorinq nəticəsində siyahı hazırlanaraq nə qədər yol nişanına ehtiyac olduğu bəlli olacaq və bütün bu sahədəki çatışmazlıqlar həll ediləcək. Eyni zamanda təhlükəsizliyin təmin edilməsi məqsədilə kütləvi informasiya vasitələrində, əhali arasında, xüsusilə təhsil müəssisələrində maarifləndirici tədbirlərimizi davam etdiririk. 
    – Mənim əlavə iki sualım da olacaq. Velosiped və skuterlərlə bağlı. Nəzərə alaq ki, bizdə velosiped zolaqları yoxdur, amma vətəndaş da bundan istifadə edir. Bu sahədə tənzimləmələr necə aparılır?
    – Bəli, Naxçıvan şəhərində velosiped sürmək üçün zolaqlar yoxdur. Biz buna daha çox böyük şəhərlərdə rast gəlirik. Hazırda paytaxt Bakı şəhərində bununla bağlı pilot layihə həyata keçirilir. Nəzərə alaq ki, velosiped zolaqlarını da hər yerdə salmaq mümkün deyil, çünki burada küçənin genişliyi, piyada və nəqliyyat axınının həcmi və digər səbəblər var. Amma buna baxmayaraq, yol hərəkəti haqqında qanunda göstərilir ki, velosipedçi velosiped zolağı varsa həmin zolaqda, yoxdursa yolun hərəkət hissəsinin sağ kənar zolağında və zolağın da sağ kənar hissəsində avtomobillərə maneçilik törətmədən, əgər yol çiyni varsa, piyadalara maneçilik törətmədən sürə bilər. Ən əsası da velosipedçi də təhlükəsizlik qaydalarına, yol nişanlarının tələblərinə əməl etməlidir, başında dəbilqə olmalıdır. Eyni zamanda velosiped texniki cəhətdən saz olmalı, işıq cihazları ilə təmin edilməlidir və sair. Xüsusilə burada bir daha qeyd etmək istərdim ki, velosipedçi piyada zolaqlarından sürüb keçə bilməz, yalnız özü piyada, velosipedi isə əli ilə hərəkət etdirərək keçə bilər. Velosipedçinin tərifində də bildirilir ki, velosipedçi velosipeddən enən zaman, o, qanunla piyadaya bərabər nəzərdə tutulur. 

    – Hərəkətli yollarda velosiped sürmək üçün yaş həddi varmı?
    – Vacib məsələyə toxundunuz, küçə və yollarda hərəkət edən velosipedçinin qanunla 14 yaşdan aşağı olması qadağandır. Amma, təəəsüf ki, biz bir çox hallarda azyaşlı uşaqların da yol və küçələrdə velosipedlə hərəkət etməsinin şahidi oluruq. Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Azyaşlı uşaqlar velosipedi parklarda, onlar üçün ayrılmış meydançalarda sürə bilərlər. 
    – Son zamanlar şəhərimizdə elektrikli skuterlərin sayının artması da müşahidə olunur və açıq etiraf etmək lazımdırsa, bununla bağlı sürücülər tərəfindən çoxlu şikayətlər eşidirik. 
    – İlk olaraq bunu demək istərdim ki, biz hələ də velosiped və ya skuterlərə nəqliyyat vasitəsi kimi baxmırıq, onları daha çox əyləncə vasitəsi kimi qəbul edirik. Halbuki yolda hərəkət üçün konstruksiya imkanları olan və sürücü tərəfindən idarə olunan istənilən qurğu nəqliyyat vasitəsidir. Bu baxımdan velosiped də, skuter də, at arabası da nəqliyyat vasitəsi sayılır. Yol hərəkəti haqqında qanunda, doğrudur, biz skuter və elektrikli skuter sözünə rast gəlmirik, amma mopedlərin tərifində biz bunu görürük. Moped nədir? Yəni konstruktiv hərəkət sürəti 50 kilometr saatdan və mühərrikin işçi həcmi 50 kub santimetrdən çox olmayan iki və ya üçtəkərli nəqliyyat vasitəsi moped adlanır. Digər oxşar xüsusiyyətli nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur. Skuterlərə də bu prizmadan baxmaq lazımdır. Velosipeddən fərqli olaraq moped və elektrikli skuterləri idarə etmək üçün yaş həddi 16 qəbul olunub. Bu yaşdan aşağı yeniyetmələrin yol və küçələrdə moped və yaxud skuter sürmələri qadağandır. Onlar da velosipeddə olduğu kimi, yolun sağ kənar zolağı ilə hərəkət etməli, təhlükəsizlik dəbilqəsi geyinməli, işıq cihazları ilə təmin olunmalıdırlar. Doğrudur, bu gün elektrikli skuterlərin sayı artıb. Valideynlər də bilməli və bu məsələni nəzərdə saxlamalıdırlar ki, elektrikli skuterləri 16 yaşdan aşağı uşaqların idarə etməsi qadağandır. Eyni zamanda bu cür nəqliyyat vasitələrini idarə edənlər də bilməlidirlər ki, onlar qanunvericiliyin tələb etdiyi qaydada cərimələnə bilərlər. Yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətaların 338.4-cü maddəsində məhz velosiped, moped (elektrikli skuterlər də bura daxildir) sürücülərinə görə cərimələr təyin olunub. Yeri gəlmişkən, bunu da qeyd edim ki, biz də yol polisi əməkdaşları olaraq daim kütləvi informasiya vasitələrində, orta ümumtəhsil məktəblərində olur, bu sahədə maarifləndirmə işləri aparırıq. 
    – Suallarımızı cavablandırdığınız üçün sağ olun.
    – Siz də sağ olun.  

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 02.11.2023 17:52