AZ EN RU

Evlərimizdən bahar təravəti, süfrələrimizdən çörək ətri, elimizdən bayram ovqatı heç zaman əskik olmasın

    Lap qədim zamanlardan xalqımızın həyatında, taleyində, milli-mənəvi dəyərlərində bayramların özünəməxsus yeri olub. Tarixi qaynaqlardan da məlumdur ki, əcdadlarımız təbiətdə baş verən müsbət hadisələri, uzunsürən quraqlıqdan sonra yağışın yağmasını, soyuq, şaxtalı qışın ardından baharın gəlməsini, münbit torpaqlarımızda bol məhsulun yetişməsini böyük coşqu, bayram əhvali-ruhiyyəsi ilə qarşılayıblar. Nəticədə, min illərdir, insanların mənəvi zövqündən, təbiətə olan sonsuz eşqindən, torpağa bağlılığından, ruzi-bərəkət qoxulu halal çörəyə ehtiramından ərsəyə gələn milli bayramlar yaranıb. Elə tarixi soykökümüzün təqvimdəki təcəssümü sayılan Novruz bayramı kimi...

    Novruz bayramı ölkəmizin hər yerində böyük sevinclə qarşılanır. Uşaqdan-böyüyə hər kəs baharın gəlişindən öz nəsibini almaq üçün elə ilk çərşənbəmiz olan su çərşənbəsindən etibarən özünü bu əziz bayrama hazırlayır, saf niyyətlər tutulur, küsülülər barışır, şəhərlərimizdə, kəndlərimizdə fərqli ab-hava yaranır. Bayramda yaxşı süfrə açmaq, Novruz nemətlərinin əvəz­olunmazı sayılan yeddiləvini ərsəyə gətirmək, paxlavanı, şəkərburanı bolluq və bərəkət rəmzi olan səməninin yanında hazır etmək üçün insanların ilk üz tutduqları ünvan isə, sözsüz ki, elə bu günlərdə də ən çox izdihamın yaşandığı bayram yarmarkaları olur. 
    Builki yarmarka ilə ilk tanışlıq onu deməyə əsas verir ki, sərfəli qiymətlər, çeşid bolluğu həm alıcı, həm də satıcıların razılığına səbəb olub. Elə ilk müsahibimiz, təqaüdçü ziyalı, 65 yaşlı şəhər sakini Natəvan Həsənova ilə bir-birindən ləziz Ordubad nemətlərinin satıldığı şirniyyat piştaxtasının qarşısında həmsöhbət oluruq. Müsahibimiz lap qədimlərdən xeyir işlərimizin bəzəyinə çevrilən bayram və toy-nişan xonçalarının bəzədilməsindən danışır bizə: – Novruz bayramı dövri-qədimdən xalqımızın əziz bayramı kimi öz tarixiliyini qoruyub. Dərin rəmzi mənaya, bolluq və bərəkətin simvoluna çevrilən bu bayramda yaxşı süfrə açmaq, süfrə ətrafında mehriban, gülərüz, səmimi olmaq ata-babalarımızın, ana-nənələrimizin bizə əmanət qoyduğu ən ali dəyərdir. Bu bayramda qeyd etdiyimiz hər bir adət-ənənənin dərin mənası var. 
    Müsahibimiz deyir ki, keçmiş zamanlardan günümüzə süzülüb gələn müqəddəs adətlərdən biri də folklorumuzda öz əksini tapmış və “yeddiləvin” adı ilə sevilib-seçilən bayram xonçasıdır. Bilirik ki, bayramlarımızın hər birində süfrə mədəniyyətinin milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qurulması əsas şərtlərdən biridir. Çünki süfrələrimizin yaraşığına çevrilən nemətlər həmin xalqın tarixindən, soykökündən xəbər verir. Bu baxımdan Novruz nemətlərinin daşıdığı rəmzi məna istər ölkəmizdə, istərsə də bütün müsəlman-türk aləmində diqqəti cəlb edir. Elə götürək yaraşığı dillər əzbəri olan, üzərindəki yeddi nemətlə yeddi rəmzi mənanı canlandıran Novruz xonçasını. Bir çox bölgələrdə, məsələn, Naxçıvanda, Təbrizdə, Ərdəbildə ilaxır çərşənbəyə “Yeddiləvin” bayramı da deyilir. Bu sözün mənası “yeddi növ”, “yeddi cür nemət” deməkdir. Bu yeddi nemətə səməni, halva, şəkərbura-paxlava, yumurta, meyvələr, cəviz-fındıq, meyvə qurusu daxildir. Bu da ona işarədir ki, bütün ilboyu süfrələrimiz bolluq içərisində olsun. “Yeddiləvin” xonçasının əsas atributu səmənidir. Səməni həm də həyatın dirçəlməsi, təbiətin oyanması deməkdir. Ona görə də ondan hazırlanan halva             7 evə paylanır. Bayram süfrəsində vacib sayılan digər nemət yumurtadır. Yumurta həyatın, dünyanın yaranışı mənasını daşıyır. Bununla yanaşı, xonçada yer alan bayram şirniyyatlarının da öz rəmzi mənası vardır. Bəzi regionlarımızda il təhvil olanda, süfrədə qovurğa və cəviz, fındıq da görmək olur. Qovurğa bərəkət, cəviz, fındıq isə güc, birlik deməkdir. Natəvan xanım deyir ki, bayram xonçasında digər məna daşıyan atribut şamdır. Çünki şam Günəşin yerdəki rəmzi sayılır. Bu səbəbdən bayram axşamı xonçaya ailə üzvlərinin sayı qədər şam qoyulması mütləqdir. Hətta bu da inanclarımızın bir növüdür ki, şamlar ailə başçısı tərəfindən il təhvil olan anda yandırılmalı və ailəyə xeyir-bərəkət arzulanmalıdır. 
    Şərur rayonunun Düdəngə kənd sakini Şakir Məmmədov da illərdir, keçirilən yarmarka və ailə təsərrüfatı festivallarında iştirak edir. Bayram yarmarkasında süd və ağartı məhsulları, müxtəlif növdə meyvə quruları, yumurta və xeyli tələbat olan təndir çörəyi ilə alıcılarını qarşılayan Şakir dayı deyir ki, uşaqlıq illərindən təsərrüfatın içərisində böyüyüb. 2 hektara yaxın sahədə bağçılıq-bostançılıqla məşğul olur. Müsahibimizin sözlərinə görə, milli bayramımız yaz dövrünə təsadüf etdiyi üçün insanların təmiz qatığa, şora, kəsmiyə tələbatı çox olur. Müsahibimizin alıcılara təqdim etdiyi məhsullar içərisində səməni, müxtəlif çərəzlər, şirniyyat və boyanmış yumurtalar da diqqətimizi çəkir. 
    Növbəti müsahibimiz bayram yarmarkalarının daimi müştərisi Naxçıvan şəhər sakini, 55 yaşlı Sevil Fərəcovadır. O deyir: – Hər il Novruz bayramı ərəfəsində şəhərimizin mərkəzi bazarlarında təşkil olunmuş yarmarkalara gəlirəm. Bayramda lazım olan istənilən məhsulu burada sərfəli qiymətə tapmaq mümkündür. Məhsulların keyfiyyəti ilə yanaşı, qiymətləri də bizim üçün əhəmiyyətlidir, necə deyərlər, alıcı üçün ən vacib məsələ bazarın onun büdcəsinə uyğun olmasıdır. Müsahibimiz deyir ki, muxtar diyarımızdakı dadlı-tamlı məhsullara ölkəmizin digər yerlərində də tələbat var. Övladlarımdan ikisi burada yaşamır, biri Bakıda, digəri isə Türkiyədədir. Uşaqlıqdan buranın adət-ənənələrini öyrəniblər, yurdumuzun təmiz, səfalı məhsulları ilə böyüyüblər. Elə bu səbəbdən bayram ərəfəsi yetişdikdə qızlarımın hər ikisinə pay göndərirəm. Bu gün də yarmarkadan meyvə quruları, pendir, bəzi şirniyyatlar və Ordubad sucuğu almışam. Ümumilikdə, yarmarkadakı məhsulların keyfiyyət və qiymətlərindən razıyam.
    Digər müsahibimiz, altı ildir ki, muxtar respublikada keçirilən festival və yarmarkalarda ailə təsərrüfatçısı kimi yaxından iştirak edən Ordubad rayonunun Vənənd kənd sakini Yaqut Babayeva bizimlə söhbət zamanı bildirdi ki, ev şəraitində hazırladığı müxtəlif növ şirniyyatları satışa çıxararaq həm ailə büdcəsinə dəstək olur, həm də alıcıları dadlı Ordubad nemətləri ilə təmin edir: – Bayram yarmarkasına səkkiz növdə şirniyyat çıxarmışam. Hamının bildiyi kimi, bayram süfrələrinin bəzəyi olan Novruz xonçasının bəzədilməsində ən çox tələbat şirniyyatlara olur. Elə bu səbəbdən də yarmarkalarımızda paxlava, şəkərbura, müxtəlif adda içli kökələr daha tez satılır. Dadı və ləzzəti dillər əzbəri olan Ordubad paxlavasını alan müştərilərin əksəriyyəti diyarımızın digər regionlarında yaşayan qohum-əqrəbalarına da bu neməti göndərirlər. Müsahibimiz onu da qeyd etdi ki, bayram günlərində Ordubad paxlavası ilə yanaşı, xüsusi dadı və görkəmi ilə seçilən Ordubad qayğanağına da tələbat olduqca çoxdur. Şirniyyat çeşidləri ilə yanaşı, yarmarkaya Ordubad qayğanağı da çıxarmışam. Ötən il həm ailə təsərrüfatı məhsulları festivalında, həm də bayram yarmarkasında qayğanaqlarımın hamısı elə ilk gün satıldı. Bunu nəzərə alaraq bu il yarmarkaya daha çox məhsul çıxarmışam. Qiymətlər münasib olduğu üçün alıcıların marağı da çoxdur.
    Babək rayonunun Qahab kənd sakini, dədə-babadan qalan bağçılıq-bostançılıq işini illərdir, davam etdirən ailə təsərrüfatçısı Gülü Məmmədovanın dediklərindən: – Hazırladığım yerli və təbii məhsullarla bayram yarmarkasında iştirak edirəm. Hər il olduğu kimi, bu il də yarmarkada ağartı məhsulları, meyvə quruları, dərman bitkiləri ilə birgə 12 çeşiddə məhsul satışa çıxarmışam. Təsərrüfatımızın keyfiyyətli məhsullarını əldə edən müştərilər növbəti ildə də bizə müraciət edirlər. Bu həm biz təsərrüfat adamlarının işinə dəstək verir, həm də alıcıların rahatlığını təmin edir.
    Biz də sizi bol məhsullu, bayram ovqatlı yarmarkaya dəvət etməklə diləyirik ki, xalqımızın həyatında, tarixi yaddaşında, milli kimliyində önəmli yerə malik olan Novruz bayramı uşaqdan-böyüyə, Vətənimizin hər bir sakininə düşərli olsun. Arzu edirik, evlərimizdə deyə-gülə, şadyanalıqla qeyd etdiyimiz bu bayram hələ min illərboyu övladlarımızın, bizdən sonrakı nəsillərin əmin-amanlığına, dostluğuna çevrilsin. Evlərimizdən bahar təravəti, süfrələrimizdən çörək ətri, elimizdən bayram ovqatı heç zaman əskik olmasın. Bayramınız mübarək olsun!

 Məcid RƏŞADƏTOĞLU
Bülbül QULİYEVA
Aysel YUSİFZADƏ

Nəşr edilib : 15.03.2023 20:36