AZ EN RU

Evimizə qayıtmaq istəyirik

    Muxtar respublikamızda Qərbi Azərbaycan torpaqlarından deportasiya olunan insanlar yaşayır. Onlar doğma diyarın müxtəlif rayon və kəndlərində məskunlaşıblar. Babək rayonunun Gülşənabad kəndində yaşayan Suqra Babayeva da onlardan biridir. O, 1987-ci ildə  doğma torpağından deportasiya olunub. 

    İndiki Paşalı (Əzizbəyov, Vayk)  rayonunun Gabud kəndindən didərgin düşdüyünü deyən müsahibim o günləri belə xatırlayır: – Gabud kəndi rayon mərkəzindən bir az aralıda, Axtaçayın yaxınlığında yerləşir. Kəndimizin çox qədim tarixi vardır, belə ki, babalarımız kəndin əsasının X əsrdən əvvəl qoyulduğunu deyirdilər. Kəndimizin adı “qayalıqda keçən yol” mənasını ifadə edir və bu gün  onun adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulub.  Müxtəlif vaxtlarda ermənilər bizim kəndimizə hücum edib, hələ 1918-ci ildə erməni təcavüzü nəticəsində kənd sakinləri – azərbaycanlılar deportasiya olunub. Yalnız sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər doğma yurdlarına qayıda biliblər. 1988-ci ildə isə azərbaycanlılar tamamilə öz ata-baba yurdlarından qovulub. İndi həmin kənddə ermənilər yaşayır.
     Müsahibim söhbətinə belə davam etdi: – Orada orta məktəbə getmişəm. Kəndimizdə kənd təsərrüfatı yaxşı inkişaf etmişdi, sakinlər əkinçilik, heyvandarlıq, meyvəçilik sahələri ilə məşğul olurdu. Hər şey gözəl idi. Ta ki, Ermənistan dövləti tərəfindən deportasiya olunana qədər: –1987-ci ildə ermənilər burada yaşamağa hüququmuzun olmadığını, buradan çıxmalı olduğumuzu dedilər. Sumqayıt hadisələrindən sonra azərbaycanlılar qovulmağa, yaşadıqları yerləri tərk etməyə məcbur qaldılar. Həmin il bizim ailə də Gabuddan çıxmaq məcburiyyətində qaldı. Mən onda 8-ci sinifdə oxuyurdum. Hər şeyimizi evimizdə qoyub gəldik. Ailədə 5 bacı, 5 qardaşıq. Ailəmizin 12 üzvü, eləcə də bütün qohum-tayfamızın hamısı yaşadığı doğma yurdundan, evindən didərgin salındı. Onların bir hissəsi Naxçıvana, bir hissəsi isə Bakıya və digər rayonlarımıza köç etdi. Biz əvvəlcə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində, bir müddətdən sonra  isə Kəngərli rayonunun Çalxanqala kəndinə gedərək orada yaşadıq.  
    “Qəlbimizdə qubar bağlayan bu yaranın sağalacağına inanırıq. Yenidən kəndimizə qayıtmaq, evimizi görmək istəyirik”, – deyən Suqra xanım  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük şanlı Vətən müharibəsində əldə edilən böyük Zəfərin onun, eləcə də Qərbi Azərbaycandan didərgin düşən digər vətəndaşlarımız üçün böyük ruh yüksəkliyi, böyük ümidlər yaratdığını bildirdi. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 22.11.2023 19:00