AZ EN RU

“Evədək optika” layihəsi uğurla davam etdirilir

    Muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin əsasını təşkil edən fiber-optik şəbəkə vasitəsilə bütün yaşayış məntəqələrinə və bir sıra qurumlara kəsintisiz rabitə və internet xidmətləri təqdim olunur. 
    Fiber-optik şəbəkənin genişləndirilməsi evlərə də fiber-optik kabelin çəkilməsinə imkan verir. GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi istifadəçilər üçün yüksək keyfiyyətli rabitəni təmin etməklə optik xətt üzərindən telekommunikasiya xidmətlərindən istifadə üçün geniş imkanlar yaradır. Layihə çərçivəsində cari ilin doqquz ayı ərzində Naxçıvan şəhərində  26 fərdi mənzilə fiber-optik kabel xətləri çəkilib, zəruri avadanlıqlar quraşdırılıb. 
    Həmçinin cari ilin ötən dövrü ərzində Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın  rayon mərkəzlərində və kəndlərində də bir sıra qurumlara, o cümlədən yeni inşa olunan kənd mərkəzlərinə fiber-optik xətt çəkilişi həyata keçirilib, istismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülüb. Belə ki, müraciətlərə əsasən Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələrində “Naxtel” mobil operatoruna məxsus yeni qurulan  baza stansiyalarına fiber-optik kabellər çəkilib. Bunlarla yanaşı, “Gənclər şəhərciyi” yaşayış komplekslərinə, “Naxçıvan Saray”, “Naxçıvan Sement Zavodu”, “Gəmiqaya Nəqliyyat”, “Reges İnşaat Consulting Company” və “Nəxşicahan Med” Məhdud Məsuliyyətli cəmiyyətlərinə, “Şərur broyler” quşçuluq təsərrüfatına, “Dan yeri” Alış-Veriş Mərkəzinə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayonlarda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə mərkəzlərinə, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə və Naxçıvan Muxtar Respublika Stadionunda zəruri texniki obyektlərə fiber-optik xətt çəkilişi həyata keçirilib. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin valyutadəyişmə məntəqələrində isə zəruri avadanlıqlar quraşdırılmaqla fiber-optik xətt vasitəsilə bankın ümumi sisteminə qoşulması təmin edilib.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən “Evədək optika” layihəsi  texniki infrastrukturun mövcud olduğu istənilən ərazidə fərdi və korporativ istifadəçilərə təqdim edilməklə istifadəçilərin bir fiber-optik xətt üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet və digər interaktiv xidmətləri istifadəçilər üçün əlçatan edir. 

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.10.2022 21:42