AZ EN RU

Ev təsərrüfatları uçotunun aparılması istiqamətində işlər operativ həyata keçirilir

Yanvar ayının 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatları uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib. Müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələr izah olunub, məsul şəxslər təlimatlandırılıb.
Müşavirədə qeyd edilib ki, sözügedən istiqamətdə bəzi zəruri tədbirlərin, müəyyən addımların atılması və layihənin sistemli şəkildə həyata keçirilməsi üçün əlavə tədbirlər görülməlidir. Xüsusilə muxtar respublikada statistika üzrə real göstəricilərin informasiya sistemində öz əksini tapması ilə bağlı tapşırıqlar verilib, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələri tərəfindən bununla bağlı əyani izah və tövsiyələr verilib. 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda bununla bağlı müvafiq müşavirə də keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah da yaradılıb.
Yanvarın 10-dan başlayaraq qərargahlar təsərrüfatbaşına uçot işinin təşkili üzrə məlumatların dürüstləşdirilməsinə və informasiya sisteminə işlənməsinə başlayıb. Hazırda muxtar respublikanın şəhər və rayonlarında bu istiqamətdə işlər həyata keçirilir.
Qeyd edək ki, proqram təminatı yerlərdə məlumatlar daxil ediləndən dərhal sonra hər bir yaşayış məntəqəsi üzrə məlumatların ölkənin digər şəhər və rayonları üzrə avtomatik rejimdə müqayisə olunmasına, təkrarçılıq halları varsa, onların aradan qaldırılmasına imkan verəcək.

Xəbərlər şöbəsi

Nəşr edilib : 14.01.2023 22:57