AZ EN RU

Ətraf mühitin mühafizəsi gələcəyə qayğıdır

    Beynəlxalq Yer Gününün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb. 

    1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb. 
    1990-cı ildən başlayaraq Yer Gününün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli parklara həsr edilib. Məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.
    Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırkı dövrdə 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında qeyd olunur. Muxtar respublikamızda təbiəti mühafizə sahəsində görülən işlər, bu sahəyə göstərilən dövlət qayğısı hər birimizdən təbiətə, torpağa qayğı və sevgi ilə yanaşmağı tələb edir. Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların artırılması, ərazilərin məişət tullantılarından təmizlənməsi, regional ekoloji problemlərin həllində nümunə sayıla biləcək tədbirlərdir, həmçinin  muxtar respublikamıza gələn turistlərin muxtar respublikanın təbiətinin füsunkarlığına şahid olmalarına və ona qayğıkeş münasibət göstərmələrinə səbəb olur.
    Beynəlxalq Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. Ətraf mühitin sağlamlaşdırılması üçün kütləvi aksiyalar keçirilməsi ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsi sahəsinə yönəldir.
    22 aprel – Beynəlxalq Yer Günü ilə əlaqədar  Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər il olduğu kimi, bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. 

Naxçıvan Muxtar Respublikası Ekologiya və 
Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.04.2023 23:50