AZ EN RU

Etnoqraf alimin 60 yaşı qeyd edilib

    AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev diqqətə çatdırıb ki, bölmədə fəaliyyət göstərən, ömrünü  Naxçıvanşünaslığın tədqiqinə həsr edən alimlərin yubileylərinin keçirilməsi artıq ənənə halını alıb. Belə tədbirlərin keçirilməsi elm adamlarına göstərilən diqqətlə yanaşı, həm də gənc tədqiqatçılar üçün stimul mənbəyidir.
    Akademik yubilyarın həyat və elmi fəaliyyətinə nəzər salaraq bildirib ki, Aytəkin Qəhrəmanova AMEA Naxçıvan Bölməsindəki fəaliyyəti dövründə özünü məsuliyyətli elmi işçi, elmə böyük həssaslıqla yanaşan tədqiqatçı kimi təsdiq edib.
    İsmayıl Hacıyev səmərəli elmi fəaliyyəti və anadan olmasının 60 illiyi münasibətilə Aytəkin Qəhrəmanovanı AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edib.
    Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov alimin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verib.
    Məruzəçi bildirib ki, Aytəkin Qəhrəmanova 1962-ci ildə Şahbuz rayonunun Kəndşahbuz (indiki Şahbuzkənd) kəndində ziyalı  ailəsində dünyaya göz açıb. Orta təhsilini burada başa vurduqdan sonra zəhmətsevər gənc 2 il üzümçülük sovxozunda çalışıb. 1980-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq və biblioqrafiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şöbə müdiri, Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatında redaktor, Naxçıvan Qarnizonunun tam orta məktəbində müəllim və kitabxana müdiri, Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, İ.Qasımov adına Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri kimi məsul vəzifələrin öhdəsindən layiqincə gəlib. O, 2019-cu ilin iyun ayından AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsində fəaliyyətini davam etdirir.
    A.Orucov yubilyarın 2010-cu ildə uğurla müdafiə etdiyi “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı dissertasiya işi haqqında məlumat verib. Qeyd olunub ki, Aytəkin Qəhrəmanovanın qısa müddətdə ərsəyə gətirdiyi 1 monoqrafiya, 30-dan artıq elmi məqaləsi ilə etnoqraf alim kimi formalaşdığını sübuta yetirmişdir. O, hazırda nəşrə hazırlanan “Naxçıvan etnoqrafiyası” ikicildliyinin və Şahbuz rayonunun tarixi ilə bağlı kitabın həmmüəlliflərindən biridir.
    Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli, Arxeoloji xidmət şöbəsinin müdiri, dosent Zeynəb Quliyeva, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Elxan Məmmədov və yubilyarın qızı Nigar Abdullayeva tədbirdə çıxış ediblər. 
    Sonda yubilyar Aytəkin Qəhrəmanova göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 16.02.2022 20:02