AZ EN RU

Etibarlı, perspektivli gələcəyə gedən yol...

    Muxtar respublikamızda ümummilli liderimiz Heydər Əliyevin ideyalarına söykənən məqsədyönlü siyasətin tərkib hissəsi kimi gənclərin elmə, təhsilə, müxtəlif sənət, peşə sahələrinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır, təhsil müəssisələrində innovativ texnologiyalardan, müasir tədris metodlarından istifadə ilbəil öz müsbət nəticələrini verir. Hər il qəbul imtahanlarında əldə olunan uğurların yüksələn templə artması da məhz təhsil sahəsində görülən işlərin, bu istiqamətdə reallaşdırılan layihələrin bəhrələridir. 2021-2022-ci tədris ilinin qəbul imtahanlarında qazanılan nailiyyətlər muxtar respublikamızın bütün bölgələri kimi, Culfa rayonunun timsalında da təqdiredicidir. Bu müsbət amili nəzərə alıb rayonun Ərəzin, Xoşkeşin, Yaycı və Göydərə kəndlərinin yüksək bal toplayan abituriyentləri ilə həmsöhbət olub fikirlərini öyrənməyə çalışdıq.

    Ərəzin kənd tam orta məktəbini “Gümüş” nişanla bitirən Şahin Hacıyev III ixtisas qrupu üzrə 618 bal toplayaraq adını Culfa rayonunun ən yüksək nəticə göstərən abituriyentləri sırasına yazdırıb. Onunla söhbətimizdə əsrlərdir, böyükdən kiçiyə hər kəsin dilində aforizmə çevrilən, ustad şairimiz Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” misralarını xatırladaraq dedi: – Dahi ustadın bu hikmətamiz sözləri hər kəsə cəmiyyətdə elmin, təhsilin, savadın hər şeydən üstün olduğunu aşılayır, insanları elm dəryasına baş vurmağa, onun sirlərinə yiyələnməyə, sənətin, peşənin kamil bilicisi olmağa səsləyir. Müasir dövrümüzdə elm və texnologiyanın günbəgün yeniləndiyini nəzərə alanda elmli, təhsilli yetişməyin, böyük mənada, önəmli olduğu daha da ön plana çıxır. Bu mənada, bugünkü dövr biz gənclərdən daim öz üzərimizdə çalışmağı, yorulmadan öyrənməyi, yalnız irəli getməyi tələb edir. Təqdirəlayiq haldır ki, məktəbimizdə yaradılan təhsil şəraiti, müəllimlərin şagirdlərə, onların bilikli yetişməsinə göstərdiyi diqqət hər il yüksək bal toplayanların sayının çoxalması ilə nəticələnir. Hər tədris ilinin sonunda tələbə adını qazananların sevincinə şahid olduqca oxumağa həvəsim daha da artırdı. Fəxrlə deyə bilərəm ki, məktəb illərində bir sıra uğurlar əldə etmişəm. Coğrafiya fənni üzrə 9-cu sinifdə respublika fənn olimpiadalarında ölkə və muxtar respublika üzrə 2-ci yeri tutmuşam. 10-cu sinifdə oxuyanda isə “Xəmsə” intellektual oyununda rayon üzrə qalib, muxtar respublika ikincisi oldum. Yuxarı siniflərdə iştirak etdiyim sınaq imtahanlarında yüksək bal topladığım üçün tələbə adını qazanacağıma inamım böyük idi. Müəllimlərim, valideynlərim qəbul imtahanlarında məndən yüksək nəticə gözləyirdi və sevinirəm ki, onları yanıltmadım. 
    Şahin qazandığı uğrunda əməyi olan müəllimlərinə minnətdarlıq hissini belə ifadə etdi: –  Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdriklik və səbirlə bizə öyrətmiş və öyrədir. Mən də həm bilik yarışlarında, olimpiadalarda, həm də qəbul imtahanında qazandığım uğurlar üçün müəllimlərimə çox minnətdaram. Xüsusilə də üzərimdə zəhməti böyük olan Azərbaycan dili və ədəbiyyat müəllimim Nicat Babayevin adını qeyd etməyi özümə mənəvi borc bilirəm. Nicat müəllim daim dərslərimlə maraqlanıb, oxumağa, alitəhsilli olmağa həvəsləndirib məni. Gələcək peşəmlə bağlı da müəllimimin dəyərli məsləhətlərini almışam. Ən böyük arzum hüquq sahəsində çalışmaqdır, elə bu məqsədlə də Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçmək istəyirəm. İnanıram ki, topladığım bal mənə bu ixtisasa qəbul olmaq imkanı verəcək. Fürsətdən istifadə edib bir daha üzərimdə böyük əmək sərf edən müəllimlərimə, valideynlərimə öz dərin minnətdarlığımı bildirirəm.  

    Xoşkeşin kənd tam orta məktəbinin məzunu Ləman Bağırlı II ixtisas qrupu üzrə 607 bal toplayıb. İlk həmsöhbətimiz Ləmanın coğrafiya müəllimi Nigar Cəfərova şagirdi haqqında ürəkdolusu danışdı. Bildirdi ki, məktəbin builki abituriyentləri arasında Ləman ən yüksək nəticə göstərməklə təhsil müəssisəsinin, ona dərs deyən müəllimlərin adını ucaldıb. 
    Böyük Çin filosofu Konfutsi deyirdi ki, heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmayıb. Bəli, tanınmış sənət adamlarının, görkəmli şəxsiyyətlərin həyatına nəzər salanda aydın olur ki, onlar bu yüksək pilləyə asanca gəlib çatmayıblar. Həyatın keşməkeşli yollarında əsən burulğanlarla tez-tez üzləşiblər. Dünya mübarizləri sevir, gərək arxasınca getdiyin işin, peşənin, sənətin çətinliyi səni qorxutmasın, məqsədin naminə sonadək çalışasan. Bu baxımdan təcrübəyə əsaslanıb deyə bilərəm ki, bəzi şagirdlər var ki, hər hansı fənnə, sahəyə maraqları, qabiliyyətləri, bacarıqları olsa da, qarşılarına məqsəd qoymurlar. Nəticədə, uğur qazana bilmirlər. Lakin Ləmanda bu məqsədi hər zaman hiss etmişəm. O, coğrafiya üzrə fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında uğurlu iştirakı ilə müəllimlərini daim qürurlandırıb. Sınaq imtahanlarında hər zaman yüksək bal toplayan Ləmanın qəbulda da uğur qazanacağına şübhəmiz yox idi və o öz biliyi ilə biz müəllimlərin etimadını doğrultdu. 
    Mütaliəyə marağının böyük olduğunu, həm xarici ölkələr, həm də Azərbaycan ədəbiyyatını, “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan bir sıra əsərlər mütaliə etdiyini söyləyən Ləman Bağırlı qazandığı uğurun sevincini bölüşərək dedi: –  Gələcəkdə iqtisadiyyat sahəsində çalışmağı qarşıma məqsəd qoymuşdum. Ötən il Naxçıvan Dövlət Universitetində tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisasının açıldığını eşidəndə çox sevindim və həmin ixtisasa yiyələnmək üçün daha da səylə çalışdım. Qəbul imtahanlarında topladığım balı da nəzərə alaraq seçimimi arzuma rəğmən edəcəyəm. İnanıram ki, Naxçıvan Dövlət Universitetinin ingilisdilli İqtisadiyyat ixtisasının tələbəsi ola biləcəyəm. Muxtar respublika üzrə tələbə adını qazanan bütün gənclər kimi, mənim üçün də daha bir əlamətdar hadisə isə Ali Məclisin Sədri ilə görüşmək olacaq. Biz gənclərin qarşısında geniş üfüqlər açdığına görə dövlətimizə minnətdarlıq edirəm.

    Yaycı kənd 2 nömrəli tam orta məktəbi “Gümüş” nişanla bitirən, IV ixtisas qrupu üzrə 636 bal toplayan Dəniz İmanova sevincini bizimlə belə bölüşdü: – Hələ ibtidai siniflərdən təbiət elmlərinə marağım böyük olub. Müəllimlərimin də məsləhəti ilə IV ixtisas qrupu üzrə hazırlaşmağı məqsədəuyğun hesab etdim. Fikrimcə, hər kitab, hər fənn bir həyatdır, məqsəddir, amaldır, axtardığın suallara ən mükəmməl cavabı elə oxuduqlarında tapırsan. Bu baxımdan doğru deyiblər ki, yazıçılar həyatdan köçməmişdən öncə minlərlə insanın həyatını, kitab oxumayanlar isə yalnız bir həyatı yaşayırlar. Ancaq gərək təkcə oxumaqla kifayətlənməyib özün üçün nəticə çıxarmağı, hər hansı sahə üzrə püxtələşməyi də bacarasan. Məqsəd isə gələcəyin savadlı gənci, mütəxəssisi kimi yetişib həm özünə, həm də cəmiyyətə, dövlətə fayda vermək olmalıdır. Bu mənada, mən də dərslərimə hər zaman diqqətlə yanaşmağa, fənləri dərindən öyrənməyə çalışmışam. Kimyaya bağlılığım daha çox olub, müəllimim Şəhla Əliyevadan bu fənnin incəliklərini öyrənməyə çalışmışam.
    Məktəb illərində qazandığı uğurlar barədə söhbət açan Dəniz bildirdi ki, kimya fənni üzrə respublika fənn olimpiadalarında uğurlu çıxışlar edib. Bundan başqa, idmana, xüsusilə də basketbol və voleybola böyük maraq göstərib. Yuxarı siniflərdə oxuyanda cəldlik, çeviklik kimi bacarıqlar formalaşdıran bu idman növləri ilə müntəzəm məşğul olub, keçirilən rayon birinciliklərində komanda tərkibində fərqlənə bilib. Gələcək planları barədə danışan həmsöhbətimiz əlavə etdi: – Kiçik yaşlarımdan valideynlərim gələcəkdə məni həkim kimi görmək istəyirdilər, yuxarı siniflərdə oxuyanda muxtar respublikamızda fəaliyyət göstərən müasir səhiyyə ocaqlarında oldum, orada yaradılan şəraiti, çalışan tibbi personalı gördüm və bu sahəyə marağım daha da çoxaldı. Beləcə, həkimlik peşəsini həyat amalıma çevirməyi qarşıma məqsəd qoydum. Qəbul imtahanlarında əldə etdiyim yüksək nəticəyə uyğun olaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasını seçəcəyəm. İnanıram ki, həmin ixtisasda oxumaq mənə qismət olacaq. Uğur qazanmağımda ailəmin, müəllimlərimin dəstəyi böyük olub. Onlardan aldığım köməklik sayəsində səylə çalışdım və ürəkaçan nəticəni qazandım. Hər birinə minnətdaram.

    Göydərə kənd tam orta məktəbinin məzunu, rayon üzrə keçirilən bilik yarışlarında, riyaziyyat üzrə fənn olimpiadalarında fərqlənməyi bacaran, qəbul imtahanında 582 bal toplayan Sevinc Məmmədova müasir dövrün yenilikləri ilə ayaqlaşmaq, intellektual gənc kimi yetişmək üçün 6-7-ci siniflərdən özünü inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Bu barədə dediklərindən: – Amerikalı professor Riçard Nelsonun gözəl sözü var. Deyir, adi insanlar vaxtlarını neçə keçirməyi düşünür, müdrik insanlar isə vaxtdan necə faydalanmağı. Bəli, bu hikmətli ifadədən yola çıxıb demək olar ki, gərək həyatda heç bir anı boş buraxmayasan, öyrənməkdən, çalışmaqdan usanmayasan. Ancaq bir həqiqəti də unutmaq olmaz ki, dəyişən zamanla, dövrlə ayaqlaşmaq, müasir texnologiyalardan baş çıxarmaq da zəruridir. Əks halda özünə perspektivli gələcək qurmağın, tutduğun yolda uğur qazanmaq mümkünsüz olar. Mən də məktəbdə oxuduğum müddətdə dövrümüzün yeniliklərindən geri qalmamağa, kompüterdə işləməyə, müxtəlif proqramlar öyrənməyə can atmışam. Fikrimcə, müasir dövrün gənci mütləq bu yöndə özünü inkişaf etdirməli, ən azı bir xarici dili mükəmməl bilməlidir. Elə qəbul imtahanlarına hazırlaşan zaman qarşımdakı məqsəd, gələcək planlarım da müasir dövrün yenilikləri ilə bağlı olub. Topladığım balı da düşünərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter elmləri ixtisasını seçəcəyəm. İnanıram ki, bu istəyim baş tutacaq və mən gələcəkdə texnologiyalar sahəsində mütəxəssis kimi fəaliyyət göstərə biləcəyəm.
    Sevincin məktəb illərində dərslərdə göstərdiyi fəallığı ilə yanaşı, şahmata da xüsusi marağı olub, bu zəka oyunu üzrə də uğurlar qazanıb. Lakin ali təhsil qazanmaq istəyi böyük olduğundan yuxarı siniflərdə dərslərinə daha çox diqqət yetirib. Zəhməti nəticəsiz qalmayan Sevinc bütün abituriyentlərə ixtisas seçimində uğurlar arzulayıb, tələbə adını qazanmaq dilədi.
    Bugünkü gəncliyin haqlı olaraq bir şüarı vardır: Parlaq gələcək təhsillə gələcək. Bəli, xoşbəxt, inamlı, etibarlı, perspektivli gələcəyə doğru gedən yolun üfüqləri yalnız elm, savad və təhsillə açılır. Hər il muxtar respublikamızda yüzlərlə abituriyent uğurlu gələcəyə aparan elm ziyasının yolçularına çevrilirlər. 2021-2022-ci tədris ilinin qəbul imtahanlarında əldə olunan göstəricilər bu sahədə qazanılan nailiyyətlərin artan templə davam edəcəyini deməyə əsas verir.

 Nail ƏSGƏROV

Nəşr edilib : 02.08.2022 19:57