AZ EN RU

Etibardan sui-istifadə etmənin hüquqi nəticələri

    Cinayət qanunvericiliyi ictimai təhlükəli və hüquqazidd əməl olan dələduzluq cinayətinə belə anlayış vermişdir: dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Yəni bu cinayət əməlinin obyektini talamanın digər formalarında olduğu kimi, mülkiyyət münasibətləri təşkil edir. Dələduzluq nəticəsində təqsirkar təkcə özgənin əmlakını yox, həm də həmin əmlaka olan hüquqlarını qanunsuz əldə edir. 

    Dələduzluq talamanın bir forması olmaqla onun əsas əlamətlərini özündə ehtiva edir. Lakin talamanın digər formalarından fərqli olaraq bu cinayət törədilmə üsulu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadəni nəzərdə tutur. Bu cinayətin fərqli cəhəti ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Törədilmiş bu əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq. 
    Qeyd edək ki, aldatmanın məzmununu çox hallarda yalan vədlər təşkil edir. Həmin vədlərin köməyi ilə dələduz əmlakı ələ keçirmək məqsədilə zərərçəkmişi öz həqiqi niyyətləri barədə aldadır. Başqa şəxsə rüşvət verəcəyi adı ilə aldatma və ya etibardan sui-istifadə etməklə özgəsinin əmlakını mənimsəmək üçün ələ keçirən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi qeyd  edilməlidir. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, təqsirləndirilən şəxsin məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur. 
    Dələduzluq zamanı əmlakın və ya əmlaka olan hüquqların təqsirkara verilməsi həmin predmetlərin dələduza təkcə faktiki verilməsini nəzərdə tutmur. Bu zaman həmin əmlak üzərində mülkiyyət hüququnun bəzi elementləri də təqsirkara verilir. Ona görə də qısamüddətli işlərin görülməsi hallarında etibar edilmiş əmlakı talama dələduzluq kimi qeyd oluna bilməz. Dələduzluğun subyektiv cəhəti oğurluq tərkibinin eyniadlı əlamətləri ilə analojidir. Dələduzluq cinayətinin subyekti 16 yaşına çatmış, anlaqlı yəni, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini  dərk edən və ya onu idarə edə bilən fiziki şəxslər ola bilər.      
    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq əməlinin törədilməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum­etmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
    Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda (əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə həmin şəxsə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğdə) ziyan vurmaqla törədildikdə isə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
    Psixoloqlar isə qeyd edirlər ki, hər hansı bir şəxs etibardan sui-istifadə edirsə, insanları aldadırsa, həmin şəxsdə, ilk növbədə, bütöv şəxsiyyət çatışmazlığı mövcuddur. Həmin insanların xarakterində mənfi əlamətlər üstünlük təşkil edir. Etibardan sui-istifadə edən insanlarda, ilk növbədə, özünəinam aşağıdır. 
    Digər tərəfdən həmin şəxslərdə mənəvi zənginlik aşağı səviyyədədir. Bir insanın mənəvi zənginliyi onun münasibətlər zənginliyində ifadə olunur. Etibarsız insanlara qarşı isə cəmiyyətin münasibəti həmişə soyuq olub. Onlar cəmiyyətin sosial nəzarətini nəzərə almalıdırlar.

    Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, 

baş ədliyyə müşaviri

Nəşr edilib : 21.08.2023 19:22