AZ EN RU

Ət və ət məhsullarına nəzarət nə qədər güclüdür?

İnsanların qida rasionunda ət və ət məhsulları mühüm yer tutur. Ancaq yararsız və mənşəyi məlum olmayan ətlərin satışı ilə bağlı faktlar  son vaxtlarda daha çox gündəmdədir. Təbii ki, bu məhsulların istehlak üçün yararlı olub-olmadığı aidiyyəti qurumlar tərəfindən yoxlanılmalı, daim nəzarətdə saxlanılmalıdır. Bəs hazırda bu sahədə vəziyyət necədir?

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən aldığımız məlumata görə, ötən il yaradılan agentlik tərəfindən təsərrüfat subyektlərinin (obyektlərinin) qida təhlükəsizliyi sahəsində qeydiyyatı, muxtar respublikanın qida təhlükəsizliyi reyestrinin aparılması, qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitariya nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi, idxal sağlamlıq aktı, sağlamlıq, baytarlıq və fitosanitar sertifikatların verilməsi və müvafiq sahənin inkişafının təmin edilməsi istiqamətində işlər həyata keçirilib. Agentliyin əməkdaşları tərəfindən hazırda qida təhlükəsizliyi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi və maarifləndirmə məqsədilə monitorinqlər davam etdirilir. Eyni zamanda  qida təhlükəsizliyi sahəsində  tələbləri özündə əks etdirən maarifləndirmə xarakterli bildirişlər təsərrüfat subyektlərinə təqdim olunur.

Həmçinin agentlikdən bildirildi ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.  Hazırda baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması məqsədilə aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyət davam etdirilir. Agentlik tərəfindən ət və ət məhsullarının idxalı zamanı müşayiətedici sənədlərin mövcudluğu, uyğun temperaturda daşınması qaydalarına əməl olunması yoxlanılır və laborator müayinələri aparıldıqdan sonra satışına və istifadəsinə icazə verilir. Hazırda digər qida məhsulları, eləcə də ət və ət məhsullarının mənşəyinin, minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin daha müasir metodlarla dəqiq müəyyən olunması üçün müvafiq laboratoriyaların qurulması istiqamətində işlər aparılır.

Qeyd edək ki, heyvanların kəsimi, emalı və satışı zamanı sanitar qaydalara düzgün riayət olunması insan sağlamlığı üçün mühüm amillərdən biridir. Naxçıvan şəhərində fəaliyyət göstərən ət satışı yerlərinə baş çəkdik. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin mütəxəssisi, baytar həkimi Məhiyyəddin Bayramov 30 ilə yaxındır, bu sahədə çalışır. Naxçıvan şəhərində fəaliyyət göstərən ət dükanları və bazarlara nəzarət edən həkim bildirdi ki, ətlərin sağlamlığı və keyfiyyətinə mütəmadi nəzarət edilir. Ətin üzərinə vurulan  möhür onların sağlam və keyfiyyətli olduğundan xəbər verir. Hansı bazar və dükanda möhürlənmiş ətlər varsa, əhali həmin məhsulu rahat alıb istifadə edə bilər. Bu hal çox vaxt hansısa məhəllələrdə, küçədə satılan ətlərə şamil olmur, onlar gərək həkim nəzarətindən keçə. Əgər ət bir müddət sonra qaralırsa, göyərirsə, iylənirsə bu o deməkdir ki, qida üçün yararsızdır.

“Naxçıvanda ət dükanlarında gözəl şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki laboratoriya  ət və ət məhsullarının müayinəsində bizə kömək olur.  Muxtar respublikada heyvan xəstəliklərinə qarşı mütəmadi profilaktik peyvəndləmə aparılır, heyvanların saxlanma və yemlənmə şəraitinə nəzarət edilir. Naxçıvana idxal edilən ətlərə isə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir, qida üçün yararlı olub-olmadığı onlar tərəfindən yoxlanılır. Hazırda ətin qiyməti dükan və bazarlarda 14-15 manatdır”, – deyə həkim qeyd etdi.

Naxçıvan şəhərindəki “57” və “Köhnə” bazar adlanan ərazilərdə ət mağazaları fəaliyyət göstərir. Uzun illərdir, ət satışı ilə məşğul olan Vidadi İmanov və Neymət Həsənovla söhbətimiz zamanı dedilər ki, ətin üzərində onun satışa yararlı olması ilə bağlı möhür olmalıdır. Möhür olmayanda mənşəyi məlum olmayan ət sayılır. Möhür ətin baytar həkim tərəfindən yoxlanıldığını və qida üçün yararlı olduğunu təsdiq edir. Belə  əti camaat da ürəklə alır. Ötən illərə nisbətən bu qış ətin alıcı qabiliyyəti zəifdir. İnanırıq ki, yay, payız aylarında alıcı sayında yüksəliş olacaq. Müsahiblərimiz bildirdilər ki, muxtar respublikada daha çox dana əti satılır. Şəkər, qan təzyiqi olan insanlar qoyun ətinə çox üstünlük vermirlər. Öyrəndik ki, Bakı şəhərində yaşayan naxçıvanlılar da buraya gəldikləri zaman ət alıb aparırlar.

Satıcılar son vaxtlar yayılan yararsız, mənşəyi məlum olmayan ət satışı ilə məşğul olan şəxslər haqqında isə qeyd etdilər ki, muxtar respublikada belə xəbərlərə təsadüfi rast gəlinir və sosial şəbəkədə yayılan informasiyaların bir çoxunun da doğruluq payı yoxdur. Belə hallarda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. Alıcılar Naxçıvan şəhər sakinləri Elçin Vəliyev və Məhərrəm Abdullayev həmişə bazardan ət aldıqlarını və narazı olmadıqlarını dedilər.

Belə nəticəyə gəlmək olar ki, ət və ət məhsullarına nəzarət hər zaman diqqətdə saxlanılmalıdır. Çünki bu məhsullar süfrələrimizdə mühüm yer tutur. Digər tərəfdən, bu cür qida məhsullarına nəzarət istehlakçıların yerli məhsullara inamını daha da artırır.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 02.03.2024 17:53