AZ EN RU

Estrada Orkestrinin yaradılmasının 10 illik yubileyinə həsr edilmiş konsert proqramı təqdim olunub

Yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilmişdir.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncam ilə yaradılan bu musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının rəğbətini qazanıb. Kollektiv rəngarəng repertuarı ilə ictimaiyyət qarşısında müntəzəm çıxış etməkdədir. Naxçıvanda və muxtar respublikanın hüdudlarından kənarda musiqi mədəniyyətimizin təbliği və inkişafına böyük töhfələr vermişdir. Estrada Orkestri yarandığı gündən repertuar zənginliyinə xüsusi diqqət yetirir. Orkestrin repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa və rus bəstəkarlarının musiqi əsərlərinə də geniş yer verilir. Orkestrin bədii rəhbəri və dirijoru Elvin Əliyarovdur.
Qeyd edək ki, maraqlı repertuar zənginliyi ilə daim tamaşaçıların görüşünə gələn Estrada Orkestrinin onillik yubileyinə həsr olunmuş konsert Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi ilə başlamışdır. Eldar Mansurovun, Emin Sabitoğlunun, Mehriban Əhmədovanın, Səid Rüstəmovun, Fikrət Əmirovun, Müslüm Maqomayevin, Nizami Məmmədovun, Elza İbrahimovanın və bir sıra xarici bəstəkarların əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Musiqi əsərlərini Estrada Orkestrinin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ruhiyyə Hüseynova, Arzu Fərzəliyev və digər ifaçılar – Rahim Əsgərzadə, İlkin Abdullayev, Samir İsmayılov, Bəhruz Quliyev və Nərmin Hüseynova səsləndirmişdir.
Qeyd edək ki, mədəniyyətin bütün sahələri kimi, Naxçıvan Dövlət Filarmoniyasının da professional musiqi kollektivi kimi formalaşmasına və fəaliyyətini uğurla davam etdirməsinə dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Filarmoniyanın maddi-texniki bazası möhkəmləndirilir, kollektivlər üçün lazım olan geyim dəstləri, avadanlıqlar və musiqi alətləri alınır. Filarmoniyanın üzvlərinin əməyi də dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmiş, burada fəaliyyət göstərən musiqiçilər fəxri adlara və mükafatlara layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.01.2022 19:21