AZ EN RU

Estrada orkestri konsert proqramı ilə çıxış edib

    Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri Milli Musiqi Günü münasibətilə Kəngərli Rayon Mədəniyyət Sarayında konsert proqramı ilə çıxış edib.
    Konsertdə ilk olaraq Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Popuri” ifa olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, istedadlı müğənnilər Nərmin Hüseynova, Bəhruz Quliyev, Cəfər Tağıyev və Samir İsmayılovun ifasında Fikrət Əmirov, Oqtay Kazımi, Emin Sabitoğlu, Rafiq Babayev, Elza İbrahimova və digər görkəmli bəstəkarlarımızın müəllifi olduğu mahnılar, eləcə də orkestrin ifa etdiyi musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 10 yanvar tarixli Sərəncamı ilə yaradılan orkestrin bədii rəhbər-dirijoru istedadlı gənc musiqiçi Elvin Əliyarovdur. Muxtar respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə rəngarəng konsert proqramları ilə çıxış edən estrada orkestri uğurlu çıxışları ilə qısa müddətdə estrada həvəskarlarının rəğbətini qazanıb. Orkestrin repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, Avropa bəstəkarlarının da musiqi əsərlərinə geniş yer verilir.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.09.2022 19:50