AZ EN RU

Əsrlərin yadigarı: Böyük bağ

    Böyük bağ Naxçıvanın ikiəsrlik tarixinə şahidlik etmiş tarix-etnoqrafik abidədir. Naxçıvan şəhərində hələ də öz gözəlliyini qoruyub saxlayan, qoca ağacları ilə sakinlərin əsl istirahət məkanına çevrilən bu bağın yaranma tarixinə nəzər saldıqda məlum olur ki, bağ Azərbaycan Rusiyaya ilhaq edildikdən sonra – 1914-cü ildə şəhər xeyriyyəçilərinin vəsaiti ilə (xüsusilə Şahbazağa Kəngərli, Kərbəlayi Musa, Miriş Ağanın təşəbbüsü ilə) “Padşahlıq bağı” adı ilə salınmışdır. Bağın salındığı ərazi Naxçıvan əhalisinin köhnə qəbiristanlığı olmuşdur. Ərazinin köhnə qəbiristanlıq olması haqqında məlumata rus tədqiqatçısı K.A.Nikitinin yazılarında da rast gəlinir. O yazır ki, bağın olduğu ərazi Naxçıvan şəhərinin qədim tatar (azərbaycanlı) qəbiristanlığı olmuşdur. O həmçinin bağda müxtəlif növ – çinar, qaraağac, akasiya kimi dekorativ ağacların olması haqqında da məlumat verir. Bağda əkilən ağacları suvarmaq məqsədilə Bazar çayından ora su arxı çəkilmişdir.

    1926-cı ildə Naxçıvan şəhərinə gələn rus tədqiqatçısı V.M.Sısoev şəhər haqqında öz təəssüratlarını bildirərkən Böyük bağ haqqında da maraqlı məlumatlar vermişdir. Müəllif yazır: “Şəhərdə ən sevimli yer olan bağda çoxlu cavan ağaclar var. Bir neçə ildən sonra burada geniş tennis kortu yaradılacaq, həmin sahədə özündə keçmiş ənənələri əks etdirən klub mövcud idi. Burada, həmçinin rəngli taxtalardan düzəldilmiş şəhər teatrı binası fəaliyyət göstərirdi. Teatr 500 nəfərlik tutuma malik idi. Teatrın qarşısında sadə bir bina – restoran var idi. Burada çox da baha olmayan yeməklər verilirdi. Teatrda yay mövsümündə axşamlar Şərq çalğı alətləri (tar, kamança və digərləri) vasitəsilə konsertlər verilirdi. Axşamlar şəhər əhalisinin əksəriyyəti bağa gəlib əylənirdilər”.

    Bağda olan klubda, həmçinin tamaşalar da göstərilirdi. Filologiya elmləri doktoru Fərman Xəlilov yazır ki, Naxçıvanın teatr həvəskarları 1917-ci ilin iyun ayında Əliqulu Qəmküsarın Tiflisdən müvəqqəti olaraq Naxçıvana gəlməsindən istifadə edib, “Ölülər”i hazırlayırlar və şəhər bağındakı klubda mövqeyi-tamaşaya qoyurlar.
    Şəhərin yaşlı sakinlərinin dediklərinə görə, bağda, həmçinin Yay kinoteatrı da fəaliyyət göstərirdi. Hətta tamaşanı seyr etmək üçün oturacaqlar da qoyulmuşdu. Böyük bağda olan həmin klub 1951-ci ildə yanğın nəticəsində məhv olmuşdur. 
    1930-cu ildə Qaçaq Quşdanın silahlı dəstəsi ilə hökumət adamları arasındakı atışmalar zamanı həlak olanların cənazəsi Böyük bağda dəfn edilir. Ancaq 1938-ci ildə Böyük bağda teatr binası tikmək istəyərkən qəbirlər sökülərək ərazinin cənub tərəfinə köçürülür. Bir neçə ildən sonra isə parkdakı “17-lər” adlanan həmin yerə sərhəd əsgərlərindən həlak olmuş iki nəfəri də orada dəfn edirlər. Meydançada, həmçinin 1930-cu ilin aprel-may aylarında Qaçaq Quşdanın silahlı dəstəsinə qarşı atışmalarda həlak olan və kəndlərində basdırılan polis işçilərinin də adları qeyd olunmuşdur.
    Sonrakı illərdə memar Məmməd İbrahimovun layihəsi əsasında parkda yenidənqurma işləri aparılıb və köhnə qəbirlərin yerində monumental abidə ucaldılır. Dəfn edilənlərin adlı siyahısı da orada qeyd olunur. Məlumat üçün bildirək ki, bağda “17-lər” adlanan həmin yerdə dəfn olunanların adlı siyahıları Naxçıvan Dövlət Arxiv İdarəsində saxlanılır.
    Naxçıvan şəhər sakini, qocaman ziyalı Südabə Süleymanova deyir ki, vaxtilə parkdakı məzarların önündəki meydanda vətənpərvərlik tədbirləri keçirilirdi. Ötən əsrin 50-ci illərində, hətta ondan da əvvəl bağa “V.İ.Lenin adına Mədəniyyət və İstirahət Parkı” adı verilsə də, şəhər əhalisi bu bağı həmişə “Böyük bağ” adlandırırdı.
   Onu da qeyd edək ki, Böyük bağ haqqında akademik Məmməd Cəfər Cəfərovun “Xatirələr”ində də rast gəlinir. Akademik Naxçıvan şəhərinin mərkəzi küçələrindən bəhs edərək yazırdı ki, şəhərin bir hissəsinin “Skver tərəfi”, birinin “Rus kilsəsi tərəfi” adlandırıldığı uzun bir küçə də var idi ki, nə bu küçədəki həyat başqa məhəllələrin həyatına, nə də küçənin sakinləri başqa məhəllənin sakinlərinə bənzəyirdi... Küçənin axırında rus kilsəsi yerləşirdi. Südabə Süleymanovanın dediyinə görə, rus kilsəsi indiki Tibb Kollecinin yerində tikilmişdi (həmin kollecin binası əvvəl mehmanxana idi). M.Cəfər yazır: Rus kilsəsinə yaxın bir ərazidə bir neçə alleyadan ibarət bir bağ salınmışdı. Buna “Padşahlıq bağı” da deyirdilər, “Böyük bağ” da. “Böyük bağ” ona görə deyirdilər ki, Zaviyə tərəfdə, Bəhram xanın evinin qabağında başqa bir kiçik bağ da vardı. “Padşahlıq bağı”nın ağacları dekorativ ağaclar idi. Bağın rus kilsəsinə tərəf hissəsində 100-150 adam tutan klub vardı (indi bağ qalır, ancaq o klub yoxdur, nə zamansa yanmışdır). 
    Şəhərin yaşlı sakinləri deyirlər ki, bağ hər tərəfdən dəmir çəpərlə hasarlanmışdı. Bağa giriş iki yerdən idi. Məmməd Cəfər öz xatirələrində yazır ki, nə Padşahlıq bağına, nə də kluba “Qara camaatı” (yəni sənətkarlar, kənd­liləri, çayçı, çörəkçi, dəmirçi, dəllək, faytonçu, baqqal, bağçı, bostançı və xırda tacirlər) buraxmazdılar (əslində, buraxsaydılar da bu zümrədən olanların heç biri ora ayaq basmazdı). Bağa, kluba ancaq iri çinovniklər, onların ailə üzvləri, xan, bəy balaları, tək-tük çox varlı tacir balaları, bir də padşahlıq qulluğunda olan iri çinovniklərə yaxın olan bəzi oxumuşlar girə bilərdilər. Göründüyü kimi, aid olduğu dövrdə Böyük bağ şəhər əhalisinin deyil, yalnız rus məmurlarının və varlı insanların istirahət məkanı idi.
    Bağda 1938-ci ildə tikilən teatr binası 1951-ci ilə kimi fəaliyyət göstərir. Lakin 1951-ci ildə baş verən yanğın nəticəsində bina tamamilə yararsız vəziyyətə düşür. 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının 40 illiyində teatr yeni binaya köçürülür. 70-ci illərin ortalarında isə bağda Naxçıvan Dövlət Filarmoniyası fəaliyyət göstərməyə başladı. Filarmoniya Heydər Əliyev  Mədəniyyət Sarayına köçdükdən sonra orada Mədəniyyət evi fəaliyyətə başladı. Mədəniyyət evinin bir hissəsində isə Naxçıvan şəhər kitabxanası yaradıldı. Kitabxananın təşəbbüsü ilə bağda qəzet guşəsi təşkil olundu ki, həmin guşədə gündəlik Azərbaycan və rus dillərində nəşr olunan qəzetlər şəhər əhalisinin diqqətinə çatdırılırdı. Bağda böyüklərin istirahəti ilə yanaşı, uşaqların da əylənməsi üçün karusellər və müxtəlif heyvan fiqurları var idi. Bağda məktəb şagirdləri üçün viktorinalar təşkil edilir, müxtəlif bilik yarışmaları keçirilirdi. Bununla yanaşı, indiki Gənclər və İdman Nazirliyinin (köhnə teatrın) qarşısında müxtəlif idman oyunu masaları da qoyulmuşdu. Bağda, həmçinin müxtəlif meydan oyunları da keçirilirmiş.
    Onu da qeyd edək ki, vaxtilə bağda hündürlüyü 70 metrə çatan qüllə olub. Şəhərin özünə güvənən qorxmaz gəncləri bu qülləyə çıxaraq oradan paraşütlə tullanarmışlar. Bu qüllə 1941-ci ilə qədər bağda olub, lakin 1941-ci ildə həmin qüllə iki dəfə partladılaraq məhv edilib. Hətta deyilənə görə, qüllə birinci dəfə partladılanda şəhər əhalisi bərk təşvişə düşüb.
     Naxçıvan şəhər əhalisinin və şəhərə gələn qonaqların istirahət məkanı olan bu bağ 1980-ci ildə yenidən bərpa olunaraq istifadəyə verilir.
   Müstəqillik əldə edildikdən sonra isə bağda yenidənqurma işləri aparılmış, ictimai iaşə müəssisələri tikilərək əhalinin istifadəsinə verilmişdir. Muxtar respublika rəhbərinin təşəbbüsü və xüsusi tapşırığı əsasında parkın əsas hissəsində yenidənqurma işləri aparılmış, ərazidə yeni oturacaqlar quraşdırılmış, ətraf abadlaşdırılmış, “Çay evi” yenidən qurulmuş, ahılların istirahəti üçün köşklər yaradılmışdır. Parkın digər hissəsində isə Əyləncə Mərkəzi yerləşir. Bu gün Böyük bağ şəhər sakinlərinin və şəhərimizə gələn qonaqların ən sevimli istirahət məkanına çevrilmişdir.

Aytəkin QƏHRƏMANOVA
AMEA Naxçıvan Bölməsi Tarix, 
Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 20.05.2022 20:41