AZ EN RU

Əsrlərə sığmayacaq əbədiyaşarlıq, liderlik zirvəsi

    Hər bir xalqın varlığı onun birliyi, bu birliyi təmin edən liderlərinin güclü idarəçilik bacarığı ilə tarix səhnəsində tutduğu mövqe ilə ölçülür. Azərbaycan xalqı da xoşbəxt xalqlardandır ki, bu xalqın ən keşməkeşli tarixi dövrlərində onu zamanın ən ağır sınaqlarından üzüağ çıxararaq mövcudluğunu təmin edən Heydər Əliyev kimi dahi lideri olub. Dünya şöhrətli siyasətçi öz xalqının taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlərboyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini uğurla müəyyənləşdirmiş böyük şəxsiyyətdir. Təsadüfi deyildir ki, xalqımızın dahi oğlunun anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunmuşdur. 

    Ümummilli Lider Heydər Əliyev 1923-cü il mayın 10-da qədim Naxçıvan diyarında dünyaya göz açmış, hələ yeniyetmə və gənclik çağlarından öz dərin zəkası və fitri istedadı ilə seçilmişdir. “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni, bütövlükdə, Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”. Ulu Öndərin öz dilindən səslən bu fikirlər həm də onun təsdiqidir ki, görkəmli dövlət xadimi Azərbaycanı bir-birindən fərqli üç mürəkkəb siyasi-tarixi mərhələdə – 1969-1987, 1990-1993 və 1993-2003-cü illərdə böyük qətiyyətlə qoruyaraq, onu inkişaf etdirərək möhtəşəm siyasi uğurlara imza atmışdır. 
    Böyük şəxsiyyətin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi fəaliyyəti digər ittifaq respublikalarından geridə qalmış Sovet Azərbaycanı üçün dirçəliş dövrü kimi tarixə düşmüşdür. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmiş, bunun nəticəsində Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, kənd təsərrüfatı sahələri sürətlə inkişaf etdirilmişdir. Həmçinin həmin dövrdə ölkəmizin gələcəyi üçün milli kadrların yetişdirilməsinə başlanılmış, milli özünüdərkin əsası qoyulmuşdur. Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsi ilə yanaşı, milli hərbi kadrların formalaşdırılması da diqqət mərkəzində saxlanılmış, uzaqgörən dövlət xadiminin dəmir qətiyyəti sayəsində Azərbaycanın bugünkü hərbi uğurlarının təməli sayılan ilk ibtidai hərbi məktəb yaradılmışdır.
    Azərbaycanın və Türk dünyasının böyük oğlu Heydər Əliyev 1982-1987-ci illərdə Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifələrində fəaliyyət göstərəndə də Azərbaycanın mənafeyini hər zaman üstün tutmuşdur. Unutmaq olmaz ki, dahi şəxsiyyət SSRİ rəhbərliyində təmsil olunan zaman erməni şovinistləri respublikamıza qarşı əsassız ərazi iddiaları irəli sürməyə cəsarət edə bilməmişdilər. Buna görədir ki, böyük təzyiqlər nəticəsində 1987-ci ildə Ulu Öndərimiz siyasi hakimiyyətdən uzaqlaşmış, bundan 15 gün sonra Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinin müstəqilliyi məsələsi gündəliyə çıxarılmışdı. Erməni millətçiləri və onların Moskvadakı havadarlarının Azərbaycana qarşı təzyiqləri başlamış, bu təzyiqlərin tərkib hissəsi kimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakı şəhərinə hərbi qoşun qüvvələri yeridilmişdir. Həmin vaxt böyük siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyində Ulu Öndər Heydər Əliyev təcavüzkarları cəsarətlə ifşa etmiş, baş vermiş hadisənin hərbi cinayət olduğunu bütün dünyaya çatdırmışdır. Bu bəyanatdan sonra görkəmli dövlət xadiminə qarşı böyük təzyiqlər başlamış, dahi şəxsiyyət 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə doğma Naxçıvana gəlmiş, burada xalq tərəfindən böyük izdiham, sevgi və coşqu ilə qarşılanmışdır.
    Görkəmli dövlət xadiminin doğulub boya-başa çatdığı Naxçıvana qayıdışı həm də tarixi zərurət idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev bununla bağlı demişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda ovaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
    Heydər Əliyevin Moskva həyatından sonra mənalı ömrünün 3 ili Naxçıvanla bağlı olmuşdur. Onun 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində böyük addımların atılması ilə nəticələnmiş, həm də muxtar respublika işğal təhlükəsindən qorunmuşdur. 1990-cı ilin noyabr ayında Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar milli dövlətçiliyimizin əsaslarının yaradılmasına hesablanmışdı. Sovetlər birliyinin hələ mövcud olduğu bir dövrdə üçrəngli milli bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi. Bütün bunlar 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsinə şərait yaratmışdır. Bu tarixi hadisə nəinki Azərbaycanın, sovetlər birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açmışdır. Digər tərəfdən, muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilir, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, quruculuq işləri aparılırdı. 
    Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili ilə Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görülmüş, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradılmışdır. Ulu Öndər 1992-ci ildə tarixi Moskva və Qars müqavilələrini gündəmə gətirməklə Ermənistanın təcavüzkar siyasətini, Naxçıvanın muxtariyyət statusunu, əzəli Azərbaycan torpağı kimi toxunulmazlığını beynəlxalq miqyasda bir daha təsdiqləmiş, ağır blokada şəraitində olan muxtar respublika iqtisadi böhrandan çıxarılmışdır. Dahi şəxsiyyətin Naxçıvandakı siyasi fəaliyyəti ərzində bölgənin erməni işğalından müdafiəsi, milli şüurun dirçəlişi, milli dövlət strukturlarının formalaşması kimi mühüm tarixi nailiyyətlər əldə olunmuş, xalqla həmrəyliyin təntənəsi öz təsdiqini tapmışdır. Bütün bunlarla bərabər, bu gün yüz minlərlə siyasi həmfikri öz ətrafında birləşdirən, iqtidar partiyası kimi liderliyini qoruyub saxlayan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün bəhrəsidir. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı qərarla dünya azərbaycanlılarının milli həmrəylik ideologiyasının təməli də həmin dövrdə Naxçıvanda qoyulmuşdur. Həmçinin Azərbaycanın müstəqillik yolu 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referenduma “Yox!” deməklə məhz Naxçıvandan başlanmışdır. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü xalqımızın milli tarixinə qızıl hərflərlə yazılmışdır.
    Müdrik rəhbərin özü də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi həmin illəri çox yüksək səviyyədə qiymətləndirmişdir: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”. 
    1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi 10 il ərzində əsrlərə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir. Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi yazılan 15 iyun tarixi müstəqilliyimizin və dövlətçiliyimizin xilası gününə çevrilmişdir. Məhz Heydər Əliyev dühasının ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndərin böyük xidmətləri sayəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyətə malik qlobal layihələrə imza atılmış, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmışdır. Qısa müddətdə ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başlamış, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edilmişdir. Beynəlxalq aləmdə gündən-günə nüfuzu artan Azərbaycan həyata keçirdiyi qlobal layihələrlə də öz gücünü artırmış, bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə ən mühüm tranzit qovşağına çevrilmişdir. Heydər Əliyev siyasi yolunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada iqtisadi və siyasi sabitliyin qorunduğu, bütün sahələr üzrə davamlı inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycan bu siyasi kursa sadiq olmaqla bu gün beynəlxalq müstəvidə möhtəşəm nailiyyətlər ortaya qoyur. İqtisadi cəhətdən güclü, siyasi cəhətdən isə əsl müstəqil dövlətə çevrilmiş Azərbaycanın mövqeyi regional və beynəlxalq məsələlərdə mütləq nəzərə alınır. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu, Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq müstəvidə, eləcə də ölkə reallıqları çərçivəsində Ümummilli Liderin yolunu uğurla davam və inkişaf etdirməsi möhtəşəm nailiyyətlər ortaya qoymaqdadır. 
    Təbii ki, ötən illər ərzində Azərbaycanın artan iqtisadi gücü digər sahələrin, xüsusilə ordu quruculuğu sahəsində köklü islahatların aparılmasına, hərbi kadrların  hazırlanması, maddi-texniki bazanın yenidən qurulması, ordumuzun döyüş potensialının artırılmasına imkan vermişdir. Məqsədyönlü şəkildə aparılan ordu quruculuğu prosesi illərdir, işğal altında saxlanılan torpaqlarımızın 2020-ci ildə azad olunması ilə nəticələnmişdir. Münaqişənin həllinə qədər olan dövrdə cənab İlham Əliyev ən mötəbər kürsülərdən Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır. Amma nəticə olmayınca Azərbaycan bu məsələni hərbi yolla həll etdi. Buna görə də 27 sentyabr 2020-ci il Azərbaycan region, hətta dünya üçün yeni tarixə çevrildi. Ermənistanın növbəti təxribatına cavab olaraq  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. 44 gün davam edən müharibədə Ermənistan ordusu tamamilə darmadağın edildi və düşmən kapitulyasiyaya məcbur oldu. Vətən müharibəsində qazandığı uğurlarla dövlət başçısı həm də ata vəsiyyətini layiqincə yerinə yetirdi. Artıq iki ildən çoxdur ki, cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarda böyük infrastruktur işləri görülür, yeni elektrik stansiyaları, yollar, hava limanları, inzibati və yaşayış binaları tikilir, 30 ildir, el-obasına həsrət qalan insanların doğma yurd-yuvasına Böyük Qayıdışı başlayıb. 
    Azərbaycanımızın ayrılmaz hissəsi, qədim Naxçıvan diyarı da Heydər Əliyev ideyalarının işığında uğurla irəliləyir. Uzun illərin blokada şəraitinə baxmayaraq, ölkə başçısının Naxçıvana daimi diqqət və qayğısı regionun hərtərəfli inkişafına şərait yaradıb, iqtisadiyyatın inkişafı, sabitlik, əhalinin həyat səviyyəsinin yüksəlməsi təmin olunub. Cənab İlham Əliyevin qətiyyəti və şəxsi təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə Bəyanata salınmış xüsusi bənd isə bu qədim diyarı Zəngəzur dəhlizi vasitəsilə Şərqlə Qərb arasında beynəlxalq nəqliyyat qovşağına çevirir. Bu gün yeni inkişaf və idarəetmə mərhələsinə qədəm qoyan Naxçıvan bundan sonra həm də Avropa və Asiya arasındakı əlaqələrə verdiyi töhfələrlə yadda qalacaq. 
    Ümummilli Liderimiz deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müasir Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında planlarım,  arzularım yerinə yetsin”. Bu gün artıq Ulu Öndərin arzularındakı Naxçıvan gələcəyə doğru mətin addımlarla addımlayır. Çünki dahi şəxsiyyət əsasını qoyduğu dövlətçilik xəttini davam etdirməyə qabil böyük bir lider yetişdirib. Dövlət başçımızın rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası üzrə Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması müasir idarəetmə sistemi formalaşdırmaq, iqtisadi resurslardan istifadə imkanlarını genişləndirmək, sosial rifahı yüksəltmək, sosial ədalətin və şəffaflığın bərpa olunması istiqamətində real nəticələrini verməkdədir. Danılmaz faktdır ki, xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanır. Ötən hər gün Azərbaycanı daha böyük tərəqqiyə qovuşdurur. İllər ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətləri də daha aydın görünür, onun böyüklüyünü daha çox hiss edirik. O, Azərbaycanın yalnız bu gününü deyil, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Bütün ömrünü də Azərbaycanın gələcək inkişaf və rifahına sərf etdi. Gördüyü əvəzolunmaz işlərlə hələ sağlığında xalqımızın Ümummilli Liderinə çevrildi. Buna görə də  Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”. 

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

Nəşr edilib : 09.05.2023 19:50