AZ EN RU

“Əsrin müqaviləsi” Tarixi Zəfər yolumuzun başlanğıcıdır

    Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər  Heydər Əliyevin 100 illiyi münasibətilə “Əsrin müqaviləsi Tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilmişdir. 
     Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
    Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxışında vurğulamışdır ki, Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı.
    Qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcək. Azərbaycanın enerji diplomatiyasının uğurlarını bu gün Tarixi Zəfərimizin yaratdığı reallıqları ardıcıl şəkildə həyata keçirməyimizdə görür və bundan böyük qürur hissi keçiririk. 
    Tədbirdə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov, psixologiya elmləri üzrə fəlsəfə doktoru Çapay Quliyev, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov çıxış etmişlər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışılmış, Azərbaycanın inkişafı naminə xidmətlərindən söhbət açılmışdır.
     Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı film nümayiş olunmuşdur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.09.2023 16:04