AZ EN RU

“Əsrin müqaviləsi”, güclü strategiya və qalib Azərbaycan

    “Əsrin müqaviləsi” Azərbaycanın güclü dövlətə çevrilməsi üçün Ümummilli Lider Heydər Əliyevin zamanında qəbul etdiyi ən dayanıqlı strateji planlardan biridir. 1994-cü ildə bağlanan müqavilə həm iqtisadi, həm sosial, həm də siyasi baxımdan ciddi problemlər yaşayan xalqımız üçün Ulu Öndərin 1993-cü il 15 iyun qurtuluş qərarından sonra ikinci qurtuluş qərarı kimi tarixə qızıl hərflərlə yazılıb. 
    Görkəmli dövlət xadimi bilirdi ki, çətin dövrlər yaşayan Azərbaycanı yalnız sabitlik və dayanıqlı iqtisadi strategiya ilə xilas etmək mümkündür. O, Azərbaycanın təbii sərvətlərini dəyərləndirərək dünya güclərinin enerji maraqlarını siyasi-psixoloji əsaslar üzərində idarə etməyə müvəffəq oldu. Dünya ictimaiyyətinə inkişafda olan Azərbaycanla əməkdaşlığın perspektivlərini göstərdi və səmərəli əməkdaşlığa cəlb etdi. Bu mənada,  Azərbaycanda bütün sahələrin inkişafının təməli “Əsrin müqaviləsi” strategiyasıdır desək, yanılmarıq.

“Əsrin müqaviləsi” güclü ordu deməkdir: 

    Qısa zamanda Ümummilli Lider Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə dirçəlişə nail ola bildi. Vahid komandanlıq altında yaranmış nizami ordunun maddi-texniki bazası gücləndirildi, xidmət şəraiti yaxşılaşdırıldı, ordu arsenalına yeni döyüş texnikaları daxil edildi. Zabit heyətinin sosial-rifah səviyyəsinə xüsusi diqqət göstərildi. Bütün bunlar güclü iqtisadi artım fonunda reallaşdı. Dayanıqlı iqtisadi strategiya sabitliyi təmin etdi. Sabitlik şəraitində Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin iqtisadi sahədə uğurlu yeni strateji hədəfləri neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun inkişaf perspektivlərini müəyyənləşdirdi. Yeni strateji yol xəritələri müəyyən edildi və icrası istiqamətində Dövlət proqramları qəbul edildi. Artan iqtisadi güc ordu quruculuğunda innovativ yanaşmanı təmin etdi. Müdafiə sənayesi sahəsində müasir elmi-texniki tərəqqinin nailiyyətləri ilə əldə olunan yeni silahlar ordumuza inteqrasiya olundu. Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycanın dünya dövlətləri içərisində seçilən güclü ordusu var. 

“Əsrin müqaviləsi” güclü təhsil deməkdir:

    Hər bir xalqın gələcəyi düzgün müəyyən olunmuş təhsil siyasətindən keçir. Təhsil sahəsinə ciddi dövlət qayğısı, yatırılan investisiyalar qısa zamanda təhsilimizin inkişafına öz təsirini göstərdi. İndi ölkəmizin mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərində belə güclü infrastruktura malik, müasir avadanlıqlarla təchiz olunmuş məktəblər fəaliyyət göstərir. 
    Təhsil işçilərinin, müəllimlərin sosial rifahı daim diqqət mərkəzində saxlanılır. Mütəmadi əməkhaqqı artımı və diferensial yanaşma tətbiq olunur. Bütün bunlar təhsilimizin rəqabətli şəraitdə inkişafını təmin etmək məqsədi daşıyır. Sağlam təhsil isə sağlam gənclik deməkdir. Sağlam gənclik o gənclikdir ki bütün sahələrdə milli mənafeyi öz mənafeyindən üstün tutsun, Vətəni sevsin və onun bir qarışını belə yağı düşmənə verməsin. Bəli, biz cənab Prezidentin də dediyi kimi, böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, bu gənclik qısa zamanda formalaşdı. O gənclik ki 44 günlük Vətən müharibəsində qisas aldı. Gəncliyin vətənpərvər ruhda tərbiyəsində məktəb əsas amil kimi öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Bu isə özlüyündə bir daha təsdiq edir ki, güclü iqtisadiyyat sağlam təhsil, sağlam təhsil isə sağlam gələcək deməkdir. 

“Əsrin müqaviləsi” sağlam
 gənclik deməkdir:

    Bu gün Azərbaycan gəncliyi dünyanın hər yerində bütün sahələrdə təmsil olunur. Ümummilli Liderin qurduğu gənclik siyasəti əsasında formalaşan gənclik dünyanın harasında yaşamasından asılı olmayaraq, Azərbaycan, Azərbaycançılıq məfkurəsi ilə yaşayır. Vətən naminə birləşir. Azərbaycanımızın haqq səsini bütün dünyaya çatdırır. Əgər Ulu Öndərimizin yaratdığı iqtisadi dayanıqlı, güclü Azərbaycan dövləti olmasaydı və bu gün bu siyasi kurs uğurla davam etdirilməsəydi Azərbaycan gənc­liyi vahid amal altında təşkilatlana bilməzdi. 
    Azərbaycan gəncliyinin bütün sahələrdə inkişafı üçün dövlət dəstəyi göstərilməyə başlandı. Onların xaricdə təhsil almaları üçün dövlət hesablı proqramlar icra olundu. Bu gün bu proqramlardan yararlanan və ölkəmizin inkişafında öz imkanları, qazandıqları bilik və bacarıqları ilə yorulmadan çalışan gənclərimiz göz önündədir. Deməli, güclü iqtisadiyyat sağlam, hərtərəfli inkişaflı gənclik deməkdir.  

“Əsrin müqaviləsi” sosial rifah deməkdir:

    Qəbul etməliyik ki, xalqın sosial rifahı iqtisadi inkişafdan asılıdır. Ümummilli Lider Heydər Əliyev xalqın təbii sərvətini ordu quruculuğu, təhsillə yanaşı, onun sosial rifahının gücləndirilməsi istiqamətində də səfərbər etdi. Aztəminatlı ailələrin sosial-iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində qısa, orta və uzun müddətləri əhatə edən uğurlu Dövlət proqramları qəbul edildi və icra olundu. Neft sektoru strategiyasından istifadə etməklə kənd təsərrüfatı, maldarlıq, ailə təsərrüfatları, turizm və sair sahələrdə qeyri-neft sektorunun inkişafına nail olundu. 

“Əsrin müqaviləsi” güc deməkdir:

    Bu gün bütün dünya qəbul edir ki, dünyanın enerji təhlükəsizliyinin mühüm hissəsi Azərbaycanın enerji sərvətlərindən asılıdır. Bu ölkə­mizə həm siyasi, həm iqtisadi, həm də psixoloji baxımdan üstünlüklər verir. Azərbaycan cənab Prezidentin güclü iradəsi ilə dünyanın bir sıra mühüm təşkilatlarına rəhbərlik edir. İndi Azərbaycan dünyanın aparıcı nüfuzlu dövləti kimi bütün arenalarda təmsil olunur. Bütün bunlar düzgün müəyyənləşdirilmiş siyasi-iqtisadi strategiyanın və uğurlu varisliyin nəticəsidir. 

Çapay QULİYEV
 Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru,

psixologiya üzrə fəlsəfə doktoru  

Nəşr edilib : 20.09.2023 02:08